Xilasedicilər Elbrus dağında yıxılaraq köməksiz vəziyyətdə qalan alpinistin həyatını xilas edib

08:00 02-05-2021 321

Rusiyada xilasedicilər Elbrus dağında yerləşən zirvələrdən birinə çıxmaq üçün məşq edərkən yıxılaraq köməksiz vəziyyətdə qalan alpinistin həyatını xilas edə biliblər.

REN TV xəbər verir ki, bu barədə Rusiyanın Kabardin-Balkar Respublikasının Fövqəladə Hallar Nazirliyindən verilən məlumatda qeyd olunub.

Rəsmi məlumata əsasən, ötən gün onlara Elbrus dağında, təxminən beş min metr yüksəklikdə yıxılaraq xəsarət alan alpinist barədə məlumat daxil olub.

Axtarış əməliyyatlarında yüksək dağ axtarış-xilasetmə qrupunun altı xilasedicisi iştirak edib.

Yaralı vəziyyətdə dağdan endirilən alpinist təcili tibbi yardım xidmətinin əməkdaşlarına təhvil verildi.

Dağçının baş nahiyəsindən xəsarət aldığı bildirilir.