AzTV-dən media nümayəndələrinin minaya düşərək həlak olması ilə bağlı beynəlxalq təşkilatlara MÜRACİƏT

14:00 04-06-2021 365

İşğaldan azad olunmuş bölgələrimizdə artıq bir müddətdir ki, Azərbaycan Televiziyası və Azərbaycan Dövlət İnformasiya Agentliyi - AZƏRTAC-ın bir qrup əməkdaşı çəkilişlər aparır. Məqsəd Ermənistanın 30 illik işğalı dövründə Azərbaycan xalqının mülkiyyətini və tarixi abidələrini darmadağın edərək yol verdiyi vandalizmi dünyaya göstərmək və sənədləşdirməkdir.

“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin Kəlbəcərdə 4 iyun 2021-ci ildə baş vermiş hadisə ilə bağlı bəyanat yayıb.

“Bu gün həmin qrupu növbəti çəkiliş üçün Kəlbəcərin Susuzluq kəndinə aparan avtobus hərəkət olan yolda tank əleyhinə minaya düşüb. Nəticədə Azərbaycan Televiziyasının operatoru 1989-cu il təvəllüdlü Sirac Abışov və AZƏRTAC-ın müxbiri 1982-ci il təvəllüdlü Məhərrəm İbrahimov, RİH başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyev həlak olublar. digər4 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri almaqla xəstəxanaya yerləşdiriliblər. Onların arasında Azərbaycan Televiziyasının rejissoru Emin Məmmədov da var.
Həlak olanlara Allahdan rəhmət diləyir, onların ailələrinə dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirik!

Bu hadisə düşmənin mülki şəxslərə qarşı törətdiyi amansız cinayətlərin daha bir nümunəsidir. Bu, eyni zamanda media nümayəndələrinin işğaldan azad olunan ərazilərimizdə faəliyyətinə qarşı yönəlmiş terror aktıdır. Ermənistan tərəfinin Kəlbəcərdən öz qoşunlarını çaxararkən minalar basdırmasının nəticəsidir.

Bu günə qədər mülki şəxslər, o cümlədən peşə fəaliyyətini həyata keçirən jurnalistlər minaların qurbanı olurlar. Beynəlxalq media təsisatlarına, jurnalistlərin hüquqlarını qoruyan təşkilatlara müraciət edərək onlar tərəfindən həmrəylik nümayiş etdirilməsinə və Ermənistandan mina xəritələrini gizlədərək mülki insanları hədəf alan siyasətə son qoymağı tələb etməyə çağırırıq”, - bəyanatda deyilir.