“İşıq dirəklərindəki əyilmələr düzəldiləcək” - “Azərişıq”dan AÇIQLAMA + FOTO

15:20 04-06-2021 319

Bakı şəhərinin Sabunçu rayonunun Maştağa qəsəbəsi sakini Yusif Ələkbərov yaşadığı evin yaxınlığında yerləşən və küləyin təsiri ilə əyilən elektrik dayaqlarından narahatdır.

HerGun.Az-ın məlumatına görə, qəsəbə sakini bildirir ki, dayaqların əyilməsi nəticəsində elektrik xətləri küləyin təsiri ilə bir-birinə dəyir və bu zaman xətlərin qırılması ehtimalı yaranır.

Onun sözlərinə görə, məsələ ilə bağlı aidiyyəti quruma artıq müraciət edib. Qəsəbə sakini bunun xüsusilə də həyətyanı sahədə uşaqlar üçün təhlükəli vəziyyətin yaratdığını deyir. 

Məsələ ilə bağlı “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Vaqif Aydınoğlu HerGun.Az-a bildirib ki, Maştağa qəsəbəsindəki həmin əraziyə qısa müddətdə baxış keçiriləcək və qeyd edildiyi kimi dayaqlarda əyilmələr varsa, düzəldiləcək.

“İşıq dirəklərində küləyin təsiri ilə mövsümü xarakterli olmaqla əyilmələr və dartılmalar yarana bilir. Belə halların baş verdiyi təkcə bir qəsəbəyə deyil, bütün ərazilərə baxış keçirilir. Əgər qeyd edilən hallar həqiqətən də mövcuddursa, aradan qaldırılır. Bu cür yoxlamalar vaxtaşırı həyata keçirilir”. 

Qurumun mətbuat nümayəndəsi qeyd edib ki, vətəndaş da öz növbəsində məsuliyyətini bilərək yüksək gərginlikli xəttin mühafizə zolağına daxil olmamalıdır, çünki çox zaman bu kimi hallarda vətəndaşlar üçün problemlər yaranır.

Nigar Məmmədova