Mina partlayışında yaralanan AzTV əməkdaşı xəstəxanadan evə buraxılıb - VİDEO

18:40 05-06-2021 31

İyunun 4-də Kəlbəcərin Susuzluq kəndi ərazisində minaya düşərək yaralanan “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin (AzTV) rejissoru Emin Məmmədov xəstəxanadan evə buraxılıb.

Bu barədə o, özü məlumat verib.

E.Məmmədovun sözlərinə görə, yüngül yaraları var və dünənki partlayışda həlak olan Məhərrəm İbrahimov və Sirac Abışovun məzarını ziyarət etmək üçün bu gün Bakıya gələcək.

Qeyd edək ki, ötən gün səhər saatlarında azərbaycanlı jurnalistləri daşıyan maşın Kəlbəcərin Susuzluq kəndi ərazisində tank əleyhinə minaya düşüb. Nəticədə 3 nəfər – Sirac Abışov (AzTV telekanalının operatoru), Məhərrəm İbrahimov (Azərtac xəbər agentliyinin əməkdaşı), Arif Əliyev (Rayon İcra Hakimiyyəti başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini) şəhid olub, digər 4 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri almaqla xəstəxanaya yerləşdirilib.