Paşinyan yenə özünü rəzil duruma saldı – ŞƏRH

12:40 07-06-2021 436

Azərbaycanda məşhur bir atalar sözü var: “Özü üçün əriştə kəsə bilmir, özgəyə umac ovur”. Bu atalar sözü bütün fərdlər, o cümlədən siyasi simalar üçün aktuallıq kəsb edir.

Xüsusilə yarınmaq üçün atılan addımların xarakterini ən yaxşı bu atalar sözü izah edir.

Həmin ifadə Ermənistanda baş nazir vəzifələrini icra edən Nikol Paşinyanın addımlarında bütün hərflərinə qədər özünü büruzə verir.

Nikol Paşinyanın Suriyada yenidən prezident seçilən (?) Bəşər Əsədə ünvanladığı məktubunun məzmunu ziddiyyətlərin dibə vurduğunun göstəricisidir.

Paşinyanın təbriki diplomatik prosedurlar baxımından normaldır, lakin mətndə əlavə niyyət və məqsədlərin ifadə edilməsi diqqət çəkir.

Paşinyan Bəşər Əsədə Suriyadakı böhranın aradan qaldırılması üçün səylərini davam etdirəcəyini deyib.

Guya bu zamana qədər hansısa səyləri olub və bundan sonra da prosəsə davam edəcək.

Bununla Paşinyan ironik “bombaları” öz başına yağdırır. Ölkəsindəki xaos, ictimai münasibətlərdəki kəskin qarşıdurmalar, iqtisadi-sosial fəlakət dalğası, siyasi böhranın məngənəsində sıxılıb qalan Paşinyan Suriyaya “həll resepti” təklif edir. Gülməlidir, deyilmi? Paşinyanın özünü gülünc duruma qoymaq təcrübəsi böyükdür, hərçənd Suriya məsələsində də təəccüblü bir şey yoxdur. 

Vətən müharibəsində Ermənistanın biabırçı məğlubiyyəti, sonrakı periodlarda rüsvayçı siyasi mövqe nümayiş etdirmələri deyəsən Paşinyanın yadından çıxıb.

Müharibədə Azərbaycan Ordusu tərəfindən məhv edilən erməni hərbçilərin meyitlərini morqlarda saxlayaraq minimum itki təsəvvürləri yaradan Paşinyan olanlardan dərs çıxarmır.

Yazıda Ermənistandakı durumu yorucu rəqəmlərlə təsvir etməyəcəyik, bununla bağlı açıq internet mənbələrində belə kifayət qədər məlumatlar yer alıb.

Gələk Paşinyanın yardım təklifinin arxasında dayanan niyyətlərə. Əslində məqsəd kömək etməkdən çox yardım dilənməyə hesablanmış hədəflərin ortaya qoyulmasıdır.

Axı müharibə dövründə də, ondan sonra da Paşinyanın ağız açıb yalvarmadığı ölkə qalmayıb!

İndi də Suriyadan yardım istəyir, yəni öz köməkliyini “əsirgəməməsi” ilə bağlı dediyinin altında bir qarşılıq gözləyir.

Aqşin Kərimov