Azərbaycan xaricə nə qədər qeyri-neft məhsulu satıb? - FOTO

18:00 07-06-2021 517

2021-ci ilin yanvar-may ayları ərzində Azərbaycanın ixracı 8 milyard ABŞ dolları olub.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən HerGun.Az-a verilən məlumata əsasən, qeyri-neft sektoru üzrə ixrac 907,6 milyon ABŞ dolları təşkil edib.

Belə ki, qeyri-neft sektoru üzrə ixrac 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 184 milyon ABŞ dolları və ya 25,4 faiz artıb.

Bu dövr ərzində meyvə-tərəvəz ixracı 206,1 milyon, pambıq lifi ixracı 109,3 milyon, alüminium və ondan hazırlanan məmulatların ixracı 57,9 milyon, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 39,7 milyon, pambıq ipliyi ixracı 17,8 milyon, kimya sənayesi məhsullarının ixracı 19,2 milyon, şəkər ixracı 16,3 milyon, bitki, heyvan mənşəli piylər və yağların ixracı 13,8 milyon, spirtli və spirtsiz içkilərin ixracı 5,8 milyon və çay ixracı 3,7 milyon ABŞ dolları təşkil edib.

Təkcə may ayında Azərbaycanın ümumi ixracı 1,6 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə ixrac 210,5 milyon ABŞ dolları təşkil edib. Qeyri-neft sektoru üzrə ixrac ötən ilin may ayı ilə müqayisədə 22 faiz və ya 38 milyon ABŞ dolları daha çoxdur.

2021-ci ilin qeyri-neft sektorunun tərkibi üzrə yeyinti məhsullarının ixracı 85,4 milyon ABŞ dolları, qeyri-yeyinti məhsulları üzrə isə 125,1 milyon ABŞ dolları təşkil edib. 2021-ci ilin may ayında yeyinti məhsullarının ixracında azalma müşahidə edilsə də, qeyri-yeyinti məhsullarının ixracında ötən ilin eyni ayı ilə müqayisədə 55,8 faiz artım müşahidə edilib.

Qeyri-yeyinti məhsullarının may ayı üzrə artımını şərtləndirən əsas hərəkətverici qüvvələr gübrə, yeyinti sənayesinin qalıqları və tullantıları, heyvanlar üçün hazır yemlər, pambıq, qara metallar, qurğuşun və alüminium və onlardan hazırlanan məmulatlar, yerüstü nəqliyyat vasitələri, dəmiryolu və tramvay nəqliyyat vasitələrindən başqa, onların hissələri və ləvazimatları və s. təşkil edib.

May ayı etibarı ilə yeyinti məhsullarında azalmanın əsas səbəbi kimi meyvə-tərəvəz məhsullarının ixracının azalması ilə əlaqədardır.