Ələtdə yeni terminalın tikintisinə başlanılır

10:00 10-06-2021 543

Ələtdə yeni strateji gübrə terminalının tikintisinə başlanılır.

HerGun.Az-ın məlumatına görə, bu barədə “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin Baş direktoru Taleh Ziyadov Britaniya mətbuatına müsahibə verib.

Ələtdəki yeni strateji terminal Azərbaycan hökuməti və Bakı Limanı tərəfindən birgə maliyyələşdirilir. Terminalın 2022-ci ilin sonunda istismara verilməsi gözlənilir.

Belə ki, terminal Orta Asiya ölkələrindən Azərbaycan üzərindən qərb bazarlarına müvafiq məhsulların daşınması üçün əhəmiyyətli potensiala malik olacaq. Orta Asiyanın üç zəngin dövləti - Türkmənistan, Özbəkistan və Qazaxıstan karbamid, kükürd və kalium karbonat da daxil olmaqla illik 6,6 milyon tonu aşan müxtəlif gübrələrin istehsalını həyata keçirir.

Yeni terminal Orta Asiyanın gübrə tədarük zəncirində etibarlılığını təmin edəcək və Azərbaycana Türkmənistan, Qazaxıstan və Özbəkistandan daxil olan məhsul həcmlərini artırmağa imkan verəcək.

Bakı Limanının yeni gübrə terminalı ildə 2,5 milyon ton məhsul qəbul etmə gücünə sahib olacaq. Müəssisədə ümumi tutumu 60 min ton olan iki anbar və yeni dizayn edilmiş vaqon yükləmə stansiyasında müxtəlif növ gübrələri birbaşa anbarlara və ya vaqonlara boşaltmaq üçün ən müasir daşıyıcı sistemləri olacaq.

Qeyd edilib ki, Bakı Limanının yeni terminalı Azərbaycanın Orta Asiya dövlətləri üçün strateji tranzit ölkəsi rolunu artıracaq. 

Nigar Məmmədova