Azərbaycan Qarabağdakı qeyri-qanuni silahlı birləşmələri, quldur dəstələri də məhv edəcək - MÖVQE

15:40 15-07-2021 29

“Ermənistan dövləti sonradan yaradılıb, ondan çox əvvəllər də ermənilər həmişə müxtəlif imperiyalar və xalqlar tərəfindən alət kimi istifadə olunublar”.

Bunu HerGun.Az-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Elman Məmmədov Prezident İlham Əliyevin çıxışına münasibət bildirərkən deyib.

İlham Əliyev iyulun 14-də Xocasən qəsəbəsində şəhid ailələrinə, müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması mərasimində çıxış edərkən Dağlıq Qarabağ ifadəsinin tarixə qovuşduğunu vurğulayıb.

Onu da qeyd edib ki, Şərqi Zəngəzurla yanaşı, Qərbi Zəngəzur da Azərbaycanın tarixi torpaqlarıdır.  

“Bizim dədə-baba torpağımızdır: bütün Zəngəzur - Şərqi və Qərbi Zəngəzur. İndi Ermənistanda deyirlər ki, İlham Əliyev ərazi iddiası ilə çıxış edir. Əgər Şərqi Zəngəzur varsa, deməli, Qərbi Zəngəzur da var. Bəli, Qərbi Zəngəzur bizim dədə-baba torpağımızdır. Demişəm ki, biz oraya qayıtmalıyıq”, - deyə İlham Əliyev söyləyib.

Millət vəkili Elman Məmmədov qeyd edir ki, indi də Ermənistan dövlətinin özündən alət kimi istifadə olunur.

“Buna görə də bəzi qüvvələr tarixə qovuşmuş, Dağlıq Qarabağ ifadəsinə istinad edir və status məsələsini qabardırlar. Bunun hüquqi, siyasi və tarixi əsası yoxdur”, - deyən deputatın sözlərinə görə, Prezident İlham Əliyevin mesajları onu göstərir ki, indiki Ermənistan dövləti tarixi Azərbaycan torpaqlarının ərazisində yaradılıb.

“Ermənistan özü də bunu yaxşı başa düşür. Ancaq özlərini axmaq yerinə qoyublar. Cənab Prezident xəbərdarlıq edir ki, Ermənistan bunlardan düzgün nəticələr çıxarsın. Biz 44 günlük Vətən müharibəsində öz sözümüzü dedik, qalib gəldik, əgər ermənilərin ağılları başlarına gəlməyibsə, yenidən öz sözümüzü demək qüdrətinə malikik. Yəni, “Dəmir yumruq” hələ də yerindədir”, - deyə Elman Məmmədov bildirir.

Elman Məmmədovun fikrincə, təqsir təkcə ermənilərdə deyil, eyni zamanda onlara havadarlıq edən kənar qüvvələr də məsuliyyət daşıyırlar.

Millət vəkili Qarabağda Rusiya sülhməramlılarının nəzarət zonasındakı ərazilərdə ermənilərin törətdiyi təxribatlara da diqqət çəkib:

“Onlar təxribatlarını çoxaldıblar. Yaxın vaxtlarda Azərbaycan sülhməramlıların nəzarətində olan ərazilərdə qalan separatçıları, qeyri-qanuni silahlı birləşmələri, quldur dəstələri də məhv edəcək, kökünü kəsəcək”.

Deputat Qarabağdakı erməni təxribatlarının sülhməramlıların gözü qarşısında baş verməsini də vurğulayıb və Rusiyanı təqsirləndirib.

“Niyə Rusiya sülhməramlıları Qarabağda qalan erməni birləşmələrinə yardım edir, cinayətkarlara niyə himayədarlıq edir?” - deyə Elman Məmmədov fikrini belə yekunlaşdırıb.

Aqşin Kərimov