Kubaya zərbələr endirməyə çağırış edən Mayami meri “geri çəkildi”

03:20 16-07-2021 18

ABŞ-ın Mayami şəhərinin meri Frensis Suares Kubaya havadan zərbələr endirməyə dair çağırış etmədiyini bəyan edib.

Mayaminin meri qalmaqallı açıqlamasına MSNBC telekanalında aydınlıq gətirib.

O, sadəcə olaraq ABŞ administrasiyasının oxşar durumlarda necə davrandığına dair nümunələr gətirdiyini iddia edib.

“Fərqli administrasiyalar dünyanın savaş düzənində müxtəlif hərbi variantları nəzərdən keçirib. Mənim nümunə olaraq qeyd etdiyim məsələlərdən biri Klintonun rəhbərliyi altında Kosovoya təşkil edilən hava hücumlarıdır”, - deyə F. Suares bildirib.

Bundan əlavə, Mayami şəhərinin meri ABŞ ordusunun Pakistan və Panamadakı fəaliyyətindən nümunələr çəkib.

Qeyd edək ki, ABŞ-ın Mayami şəhərinin meri Frensis Suares rəsmi Vaşinqtonu Kubaya zərbə endirməklə ölkə rəhbərliyini devirməyə çağırmışdı.

Daha sonra o, “Miami Herald” qəzetinə müsahibəsində Kubaya hərbi müdaxilənin mümkünlüyünü müzakirə etməklə bağlı ABŞ prezidentinin zəngini gözlədiyini bildirmişdi.