Allahqulu, səndən balaca qardaş kimi xahiş edirəm...

13:20 16-07-2021 18

Qan Turalı yazır ...

İnsanları mühakimə etmək asandır. Əvvəlcə onları anlamaq lazımdır. Qədim bir kəlamda deyildiyi kimi: Anlamaq elə bağışlamaqdır.

Bu pandemiya günlərdə beynində qarmaqarışıq fikirlər gəzdirən təkcə biz azərbaycanlılar deyilik. Bütün dünya bundan əziyyət çəkir. Bunun səbəbləri də çoxdur, sosial medianın inkişafı ilə “Post Truth” dövrü, təhsilin səviyyəsi, hökumətlərə etimadsızlıq və təbii-psixoloji amillər. 

ABŞ-da aparılan bir araşdırma stress yaşayan insanların konspirasiya nəzəriyyələrinə (ictimaiyyətdən gizlədildiyi iddia edilən məlumatlar və ya hadisənin arxasındakı görünməyən güclərlə əlaqələndirilən alternativ nəzəriyyələr) daha çox inandığını ortaya çıxarır. Bütün dünyanı öz ağuşuna alan bu pandemiyanın da stress səviyyəsini artırdığı göz qabağındadır. Eləcə də konspirasiya nəzəriyyələrinin populyarlaşması... Biri insanlara çip taxılacağını, digəri bütün bunların Çinin əməli olduğunu, digəri dünya əhalisinin sayının azaldılacağını deyir. Halbuki bu fikirlərin ən elementar faktlar qarşısında darmadağın edildiyi həqiqətdir. 

Bu gün tək Azərbaycan yox, bəşəriyyət qarşısında duran ən böyük vəzifə bu pis günlərin arxada qalması üçün hər birimizin bir fərd olaraq əlindən gələni etməsidir. El ilə gələn qara gün toy-bayram deyil və bu qara buludların dağılıb Günəşin doğması isə öz əlimizdədir. BMT-nin açıqladığı rəqəmlərə görə dünya iqtisadiyyatına 8.7 trilyon dollar ziyan dəyib və dünya dörd il ərzində qazandığı nailiyyətlərini itirib. 

Bu yaxınlarda bir “YouTube” kanalında eşitdiyim meyar çox yerinə düşür. O meyarı belə təsvir edərdim: 
“Eşitdiyiniz hər hansı bir fikrin düzgün, ya da yalan olduğunu bilmək üçün bircə məqama baxmağınız kifayətdir. O fikir sizi fəaliyyətə, aktivliyə aparırmı? Yoxsa sizi ətalətə, tənbəlliyə sürükləyir? Aparırsa, həqiqətdir, əks halda yalan...

İndi bir anlıq düşünək. Bütün bu pandemiyanın hansısa gizli güclərin oyunu olduğu fikri bizi hansı fəaliyyətə apara bilər? Bunu eşidən insan öz fəaliyyətinin əbəs olduğunu anlayır. Anlayır ki, o nə etsə də xeyri yoxdur, hansısa bir mağarada oturan üç mason dünyanı idarə edir. Allahqulu bu fikirlərlə domino oynamağa yollanacaq.

Ancaq biz hələ bu dünyada yaşayırıq. Bizdən sonrakı nəsillərə bu dünyanı daha təmiz, daha işıqlı, daha azad və ədalətli vermək bizim hər birimizin vəzifəsidir. Allahqulunun başı dominoya qarışsa da bu həm də onun vəzifəsidir. Bunun üçün tələb edilən nədir? Nə Talibanı yer üzündən silmək bizdən tələb olunur, nə də imperializmi məhv etmək. Heç meyxana demək də... Ancaq bir şey - vaksin vurdurmaq. Vəssalam! Bizdən tələb olunan ancaq budur. Və biz bu işi görmək, gələcək nəsillər qarşısında öz borcumuzu yerinə yetirmək əvəzinə əl vuranda boş vedrə səsi çıxardan fikirlərin arxasınca gedirik. Bəs niyə vaksin vurdurmalıyıq?

Vaksinlərdən başqa heç bir xilas yolu yoxdur. Allahqulunun başı domino oynamağa qarışsa da o bilməlidir ki, yoluxucu xəstəliklər biz Homo sapienslərin ən qəddar düşmənidir. Təsəvvür edin, XIV əsrdəki vəba epidemiyasında Avropa əhalisinin dörddə biri öldü. XVII əsrdə Meksikanın yerli  əhalisi olan inklərin sayı 20 milyondan 1.6 milyona düşdü, yəni təxminən hər 12 adamdam biri sağ qaldı. İspan qripini, bundan yüz il əvvəli xatırlayaq. O dövrdə dünya əhalisi 2 milyard idi və 100 milyon adam bu xəstəlikdən öldü, yəni hər 20 adamdan biri. 

Amma peyvəndlərin kəşfi ilə bu dəhşət doğuran statistika sona yetdi. Bizə ən yaxın epidemiyada, ispan qripində vaksin 1940-cı ildə tapıldı, xəstəliyin ortaya çıxmasından iyirmi il sonra...

Rəqəmlərdən yoruldunuzsa, siz bir hekayə danışım: 1956-cı il. Türkiyə. Mardinin ucqar dağ kəndi Savur. Ailə 10 yaşlı oğlunu min əziyyətlə həkimə çatdırır. Oğlanın qardaşı təzəlikcə xəstəlikdən ölüb. Vəziyyəti ümidsizdir. Həkim oğlanın atasına deyir ki, yeni bir dərman gəlib, onu uşağa vuracağam. Dərman penisillindir. Uşaq xilas olur. O uşaq 2015-ci ildə Kimya üzrə Nobel Mükafatı alan Əziz Sancardır. Penisillinin atası Fleminq bu kəşfinə görə Nobel mükafatı almışdı. Kəşf etdiyi penisillinlə həyatı xilas edilən Əziz Sancar kimi... Bir manatlıq dərman milyonlarla həyatı xilas edir. 

İnsanları daha çox narahat edən vaksinlə bağlı uydurmalardır. Ancaq bu barədə istər müvafiq hökumət, istərsə də ictimai qurumların maarifçilik fəaliyyəti ya ümumiyyətlə yoxdur, ya da gözə dəymir. Məsələ bundadır ki, vaksin adi dərmanlardan min dəfələrlə çox insana tətbiq edildiyi üçün ona lisenziya verilməmişdən qabaq on minlər insanın üzərində test aparılır. Əslində bu testlər olmasaydı peyvəndlər daha tez hazır olardı. Vaksin müxtəlif irqlərdən, etnik və coğrafi qruplardan seçilən on minlərlə insanın üzərində yoxlanılır. Kənar təsirləri, müxtəlif allergiyalara reaksiyası öyrənilir. On minlərlə rəqəmini göydən demirəm. Misal üçün, ölkəmizdə tətbiq edilən peyvəndlərdən olan “Sinovac” peyvəndi tək elə Braziliyada 12 400 adam üzərinə sınanılıb. Bundan əlavə Braziliyanın 45 min əhalisi olan Serrana şəhərinin bütün sakinlərinə bu peyvənd tətbiq edilərək nəticələri araşdırılıb. Tək Braziliya yox, o cümlədən Türkiyədə, Çində və digər ölkələrdə də bu peyvənd on minlərlə insan üzərində sınaqdan keçirilib. Ancaq müsbət nəticələrdən sonra lisenziyalaşdırılıb. Bu sınaqlarda peyvəndin yoluxma olsa belə yüz faizlik dərəcədə xəstəliyi yüngülləşdirdiyi üzə çıxır. Eləcə də vaksinin virusun mutasiya variantlarına qarşı təsirli olması da...

Ölkəmizdə “Sinovac”dan başqa üç vaksin tətbiq edilir. Onlardan “Sputnik V” ilə bağlı araşdırmalara az rast gəlinsə də digər iki vaksinin “Pfizer/BioNTeck”in 95, “Astra Zeneka”nın isə 70  faiz immunitet yaratdığı müstəqil elmi araşdırmalarla sübuta yetirilib. 

Burdan da göründüyü kimi heç bir peyvənd yüzfaizlik nəticə vermir. Ancaq xəstəliyin yüngül, bəzi hallarda isə heç bir əlamət olmadan (asimptomatik) keçirilməsini faktlar sübut edir. Ölkəmizdə ay yarımdan çoxdur davam edən yumşaldılmış karantin fonunda yoluxma rəqəmlərinin son günlərə qədər iki rəqəmli olması da bunu sübut edir.

Bir statistika ilə məqaləni yekunlaşdıraq. “Delta” ştammı yoluxuculuğu yüksək olan mutasiya növüdür. Rəqəmlərə baxaq: İngiltərədə yoluxanların 92 faizi peyvənd olunmayanlardır. ABŞ-da isə keçən ayın sonunda virusa yoluxanların 99 faizi peyvənd edilməmişdi.

Bir sözlə, hər birimizin xalqımız, övladlarımız, gələcək nəsillər və hətta və hər şeydən qabaq şəhidlərimiz qarşısında olan borcumuz Azərbaycanı daha güclü, qüdrətli etmək üçün əlimizdən gələni etməkdir. Bu gün isə bizdən çox sadə bir şey tələb olunur: Peyvənd!

Qalanı Sizin insafınıza...