Aztəminatlı insanların dövlət hesabına vəkillə təmini üçün yeni mexanizm hazırlanacaq

19:00 16-07-2021 30

Mülki məhkəmə icraatında vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan şəxslərə dövlət hesabına peşəkar hüquqi yardım göstərilməsi imkanlarının genişləndirilməsi ilə bağlı qanunvericilik aktlarında dəyişiklik ediləcək.

Bu, Prezident İlham Əliyevin bu gün imzaladığı “Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanunun tətbiqi” barədə fərmanda əksini tapıb.

Fərmana əsasən, Nazirlər Kabineti mülki məhkəmə icraatında vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan şəxslərin maraqlarının təmsil olunması və prosessual hüquqlarının həyata keçirilməsi məqsədilə onlara dövlət hesabına peşəkar hüquqi yardım göstərilməsi imkanlarının genişləndirilməsi ilə bağlı qanunvericilik aktlarında dəyişiklik edilməsinə dair təklifləri üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.