Gürcüstanda körpə “Britaniya” ştammından həyatını itirdi

02:00 17-07-2021 18

Gürcüstanda 3 həftəlik uşaq koronavirusun “Britaniya” ştammından vəfat edib.

“Sputnik Gürcüstan” xəbər verir ki, körpə doğulandan beş gün sonra koronavirus diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Vəziyyəti ağır olan körpə dərhal süni tənəffüs cihazına qoşulub. Həkimlər 16 gün uşağın həyatı üçün mübarizə aparsalar da onu xilas edə bilməyiblər.

Eyni xəstəxanada daha iki yenidoğulmuşun süni tənəffs aparatına qoşulduğu qeyd edilir. Onların biri virusun “Britaniya”, digəri isə “Delta” ştammına yoluxub. Hər iki körpə respirator ağırlaşmalar, nəfəs darlığı və aşağı saturasiya ilə xəstəxanaya daxil olublar.

Hazırda xəstəxanada koronavirusa yoluxan 122 xəstə müalicə alır. Onların 67-si uşaq, qalanları isə onların valideynləridir.

Son məumatlara görə, Gürcüstanda pandemiya başlayandan 30 min uşaqda koronavirus qeydə alınıb.