DYP-dən bayram günləri ilə əlaqədar vətəndaşlara MÜRACİƏT

11:00 17-07-2021 306

Qarşıdan gələn Qurban bayramı ilə bağlı dörd gün ardıcıl qeyri-iş gününün elan edilməsi şəhər sakinlərinin rayonlara və bölgələrdəki istirahət mərkəzlərinə səfər etmələrinə şərait yaradacaq ki, bununla da avtomobil yollarında nəqliyyatın hərəkət intensivliyinin yüksələcəyi ehtimal olunur.

Bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.

Bildirilib ki, son günlərdə nəqliyyat vasitələrinin toqquşması və piyadaların vurulması ilə nəticələnən ağır yol qəzalarının təhlili də deməyə əsas verir ki, yol-nəqliyyat hadisələrinin əsas səbəbi bəzi sürücülərin yollarda sürət həddinə riayət etməmələri, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə əməliyyatı aparmaları, manevretmə qaydalarını kobud şəkildə pozmaları, qarşıdakı nəqliyyat vasitəsilə ara məsafəsini düzgün seçməmələri və ən çox da yuxulu, əzgin, yaxud yorğun halda avtomobil idarə etmələridir.

Qeyd etməliyik ki, piyadaların gecə saatlarında yolu necə gəldi keçmələri, yaxınlaşan nəqliyyat vasitəsi sürücüsünün onu görüb-görməməsinin fərqinə belə varmadan yolun hərəkət hissəsinə çıxaraq hərəkət etmələri bir çox hallarda onların özlərinin həyatı bahasına başa gəlir.

Vətəndaşların mənzil başına sağ-salamat çatması, bayramı xoş əhval-ruhiyyə ilə keçirməsi üçün, Baş Dövlət Yol Polisi İdarəsi səfərə çıxmazdan əvvəl ilk növbədə avtomobilin texniki vəziyyətinə diqqət yetirməyi, yolboyu qaydalara ciddi riayət etməyi, sürücülərlə yanaşı sərnişinlərin də təhlükəsizlik kəmərlərini bağlamalarını, yorğun, yuxusuz halda sükan arxasına əyləşməməyi, eləcə də soyuducu sistemi olmayan avtomobillərlə günün nisbətən sərin vaxtlarında yola çıxmağı tövsiyə edir.