Altı ayı ərzində Azərbaycanda qeydə alınan zəlzələlərin sayı açıqlandı

16:00 17-07-2021 19

2021-ci ilin altı ayı ərzində AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin “Zəlzələlərin tədqiqatı bürosu” tərəfindən 6 404 təkan qeydə alınıb.

Mərkəzdən HerGun.Az-a verilən məlumata görə, onlardan 2 413-ü yerli (Azərbaycan ərazisi), 1 492-i regional, 1 350-i isə uzaq zəlzələlər olub.

Bununla yanaşı tək stansiya tərəfindən zəif 400 təkan qeydə alınıb. Büro tərəfindən həmçinin 749 partlayış və üç palçıq vulkanı qeydə alınıb.

Azərbaycan və ona bitişik ərazilərdə 11 hiss olunan zəlzələ olub. Bu ilin altı ayı ərzində Azərbaycan ərazisində ən güclü zəlzələ Xəzər akvatoriyasında qeydə alınıb. Maqnitudası 4.5 olan zəlzələ sahilyanı zonalarda və Sumqayıt şəhərində hiss olunub.

Həmçinin Ermənistan ərazisində baş verən zəlzələ həmsərhəd rayonlarda 3-4 bala yaxın hiss olunub. Bu ilin altı ayı ərzində Azərbaycan ərazisində baş verən və maqnitudası üçdən yuxarı olan zəlzələlərin sayı 36 olub. Qeydə alınan palçıq vulkanlarından sonuncusu iyulun dördündə Daşlı adasında baş verən palçıq vulkanı olub ki, həmin vulkanda püskürmənin hündürlüyü 500 metrə çatıb.

2021-ci ilin birinci yarısında Böyük Qafqazın cənub-şərq yamacında-Zaqatala-Balakən zonasında seysmiklik zəif olub. Şamaxı-İsmayıllı, Talış və Qusar-Quba zonalarında aktivlik yüksək olub. Ağstafa və Şahbuz ərazisində seysmikliyin yüksək olması müşahidə olunub. Kiçik Qafqazda, Xəzər dənizində və İran-Türkiyə sərhədində seysmiklik zəif olub.