Ağdaşda qardaşını öldürən qıza hökm oxunub

23:20 19-07-2021 19

Ağdaşda qardaşını öldürməkdə təqsirləndirilən Ülkər Ələkbərovanın cinayət işi üzrə məhkəməsi başa çatıb.

“Report” xəbər verir ki, Şəki Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Ü.Ələkbərova 9 il azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə ötən il noyabrın 12-də Ağdaş rayonunda baş verib. Xosrov kənd sakini 1987-ci il təvəllüdlü Umarov Xancan Əmirxan oğlunun bıçaqlanaraq öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Aparılmış araşdırmalarla zərərçəkmiş şəxsin bacısı 1996-cı il təvəllüdlü Ələkbərova Ülkər Əmirxan qızının şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək Xancan Umarovu qəsdən öldürməsi məlum olub.

Ona Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə ittiham verilib.