“Zəngəzur dəhlizi məsələsində Rusiya ilə mövqeyimiz üst-üstə düşür” - RƏY

15:20 21-07-2021 524

“Üçtərəfli sazişdən irəli gələn məram ondan ibarətdir ki, Zəngəzur dəhlizi mütləq şəkildə işə düşməlidir. Azərbaycan bu məsələdə üzərinə düşən bütün öhdəlikləri yerinə yetirir. Mən özüm də o bölgədə olmuşam, tikinti işləri gedir. Prezident İlham Əliyevin kommunikasiya xətləri ilə bağlı yanaşması ondan ibarətdir ki, onlar birmənalı olaraq işlək vəziyyətdə olmalıdırlar”.

Bu fikirləri “Report”a açıqlamasında politoloq Tofiq Abbasov deyib.

Onun sözlərinə görə, Qafqazda yeni geosiyasi konfiqurasiyanın mərkəzi elementi məhz Zəngəzur dəhlizidir:

“Baxmayaraq ki, indi Fransa ermənilərə dəstək göstərir. Ancaq Fransa bu bölgəyə uzaqdır. Bu bölgədə biz varıq, Rusiya, Türkiyə, İran və Gürcüstan var. Bu ölkələrin hamısının marağındadır ki, Zəngəzur dəhlizi fəaliyyətə başlasın. Bunu Rusiya da istəyir. Çünki bu məsələdə Rusiyanın bir neçə yeni preferensiyası açılır. Türkiyə ilə birbaşa yerüstü əlaqəsi yaranacaq, İranla münasibətləri normallaşacaq. Eyni zamanda Ermənistanın özü üçün də çox vacib kommunikasiyadır. Ona görə də Ermənistanda hakimiyyət qurulduqdan sonra Nikol Paşinyandan ciddi şəkildə soruşulmalıdır ki, üçtərəfli bəyanatdan irəli gələn öhdəliklərlə bağlı nə edib və nəyi etmək fikrindədir”.

T.Abbasov bildirib ki, Rusiya və Azərbaycan prezidentlərinin şəxsi münasibətləri də bu prosesə müsbət ovqat gətirir:

“Orada həm dəmir yolu, həm avtomobil yolu olmalıdır. Bu, gələcəyə hesablanmış çoxşaxəli kommunikasiyadır. Ona görə də Ermənistan öz öhdəliklərindən kənara çıxa bilməyəcək. Zəngəzur dəhlizinin açılması bütün proseslərə müsbət politik təsirini göstərəcək. Bu məsələdə Rusiya ilə Azərbaycanın mövqeyi üst-üstə düşür. Əvvəldən bəlli idi ki, Azərbaycanla Rusiya bu məsələdə həmahəng hərəkət edirlər. Ona görə də Prezident İlham Əliyevin Moskva səfərinin çox uğurlu olduğunu hesab edirəm. Faktiki olaraq gözləntilər var idi və onlar hamısı özünü doğruldur. Rusiya ilə Azərbaycan arasında bərabərhüquqlu münasibətlər daha dərinləşir. Birinci şəxslərin də şəxsi münasibətləri bu prosesə müsbət təsir göstərir”.