Sahibə Qafarova Vyanada Azərbaycanın pandemiya ilə mübarizəsindən danışdı

11:20 08-09-2021 414

Milli Məclisin sədri Sahibə Qafarova Avstriyanın Vyana şəhərində keçirilən Parlament Sədrlərinin V Ümumdünya Konfransında “COVID-19 pandemiyasına qlobal cavab multilateralizmin insanlara yardımını çətinləşdirir” mövzusunda çıxış edib.

Bununla bağlı Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

Spiker pandemiya ilə mübarizədə beynəlxalq ictimaiyyətin səylərinin artırılmasına böyük ehtiyac olduğunu qeyd edib.

S. Qafarova ölkəmizin pandemiyaya qarşı mübarizədə qlobal miqyasda irəli sürdüyü təşəbbüslər və həyata keçirdiyi tədbirlər barədə məlumat verib.

O xatırladıb ki, COVID-19 pandemiyası qlobal təchizat zəncirinə misli görünməmiş təsir göstərib.

“Nəqliyyat və ticarətin asanlanlaşdırılması vasitəsi, o cümlədən rəqəmsal texnologiyalardan istifadə etməklə qarşılıqlı əlaqələrin təşviqi və multi-modal nəqliyyat dəhlizlərinin inkişafı qlobal təchizat zəncirinin dayanıqlılığını möhkəmləndirəcək və COVID-19 sonrası bərpa səylərində dövlətlərə kömək edəcək”, - deyə o əlavə edib.

Spiker Azərbaycanın trans-regional nəqliyyat layihələrinin bu məqsədlərə öz töhfəsini verəcəyini deyib.

Milli Məclis sədri Azərbaycanın post-pandemiya dövrü üçün qətiyyətli, məqsədyönlü və əlaqələndirilmiş addımların atılması istiqamətində bir sıra təkliflər irəli sürdüyünü vurğulayıb.  

“Azərbaycan, həmçinin Qoşulmama Hərəkatı tərəfindən COVID-19 pandemiyasından sonra qlobal bərpaya dair BMT-nin Yüksək səviyyəli panelinin yaradılması təşəbbüsü ilə çıxış edilməsini də məqsədəuyğun hesab edir. Bu panel dünyanın pandemiyadan daha uğurlu və tez çıxması üçün qlobal tədbirlərə dair tövsiyələr hazırlaya bilər”.