Qarabağ qazilərinin adından istifadə edən işbazlar: Neft mədənlərinin ərazisi zəbt edilir? - FOTO

14:40 08-09-2021 339

İndi cəmiyyətin bəzi insanlarında qəribə tendensiya yaranıb. Kim qeyri-qanuni iş görürsə, bunu reallaşdırmaq üçün qazilərdən istifadə edir. Xüsusilə də qanunsuz tikinti işlərinin aparılmasına bəzi işbazlar tərəfindən qazilər cəlb edilir. Belə olan halda iş qanunsuz olsa da, dəyib-dolaşan olmur. 

Məsələn, yuxarıdakı şəkildə gördüyünüz ev bu ilin mart ayında Buzovna-Maştağa yolunun sol tərəfində yerləşən neft mədəninin ərazisində tikilib. Tikinti işləri özünü İkinci Qarabağ müharibəsi qazisi kimi təqdim edən Mehdiyev İbarət Lazım oğlu tərəfindən aparılıb. Lakin hazırda o özü bu evdə yaşamır. Halbuki tikinti işləri aparılan zaman o mühafizəçilərə yaşamağa evinin olmadığını, ona görə də neft ərazisini zəbt edib, ev tikdirdiyini deyib. 

Yenə həmin ərazidə bu dəfə qazi Həşimov Cavid Sahib oğlu 3 sot neft mədəni ərazisini zəbt edərək tikinti işləri aparıb. Lakin işin başa çatdırılmasına baxmayaraq, hazırda evdə yaşayış yoxdur. Ətrafda yaşayan sakinlərin dediyinə görə, evi əslində maklerlər tikdirib, indi də satışa qoyublar. 

Vətən müharibəsi qazi Əliyev Xəzər Ərşad oğlu

Oxşar zəbt hadisəsi hazırda Sabunçu rayonunda da gerçəkləşdirilir. Vətən müharibəsi qazisi Əliyev Xəzər Ərşad oğlu ətrafına topladığı döyüşçü yoldaşları ilə birlikdə “Balaxanı” Əməliyyat Şirkətinə məxsus 2035 saylı işlək neft quyusunun yaxınlığında zəbt edilən torpaq sahəsində qanunsuz tikinti işlərinin aparılmasına havadarlıq edirlər. Əslində isə tikintinin sahibi maklerliklə məşğul olan Cəfərov Rövşən Şahmar oğludur. Ətrafdakıların dediyinə görə, Rövşən qazilərə tikintinin başa çatdırılması müqabilində 3 min manat pul vəd edib. 

Neft quyusunun yaxınlığında qanunsuz tikinti işləri aparılır

Qarabağda pələng kimi düşmənin üzərinə şığıyan oğulların 3-5 manata görə hansısa maklerin sözü ilə qanunsuz işlərdə vasitəçiyə çevrilməsi böyük təəssüf hissi doğurur. Düzdü, qazilərin böyük əksəriyyəti daşıdığı adın məsuliyyətini dərk edir, amma təəssüf ki, bəzi işbazlar bir sıra qaziləri aldadaraq, müəyyən vədlər verərək, onları yoldan çıxara bilir. 

Bizə Qarabağı bəxş edən oğullara cəmiyyətimiz xilaskar gözü ilə baxır. Onların adının bu cür çirkli işlərdə hallanması insanların təsəvvüründəki saf, mərd, cəsur qazi obrazının məhv olmasına, ruh düşkünlüyünə səbəb olur. Lakin hər bir azərbaycanlı üçün müqəddəs hesab olunan məfhumlardan istifadə edib özünə “biznes” quran işbazları bunlar narahat etmir. Onlar sadəcə nə olur olsun, öz qanunsuz əməllərini gerçəkləşdirməyə çalışırlar. Ona görə də qazilərimiz bu cür işbazların vədlərinə aldanmamalı, daşıdıqları şərəfli adın fərqində olmalıdırlar.