Rusiya Erməniləri İttifaqının rəhbərliyi ölkədən deportasiya edilməlidir - MOSKVADAN MÜSAHİBƏ

20:40 08-09-2021 471

Rusiya Erməniləri İttifaqı (REİ) ictimai təşkilatının saytında Qarabağın “müstəqilliyinin növbəti ildönümü” münasibətilə təbrik dərc edilib. Bu faktın özü və təbrikin məzmunu Rusiyada yaşayan azərbaycanlılar və digər xalqların nümayəndələri arasında hiddət doğurub.

Bunu HerGun.Az-a açıqlamasında Rusiyanın ictimai xadimi, ölkənin Jurnalistlər Birliyinin üzvü Rafiq Əliyev bəyan edib.

“Belə görünür ki, Rusiya Erməniləri İttifaqı separatizmi dəstəkləyir. Bu, xüsusilə Rusiya Federasiyası kimi çoxmillətli bir ölkədə qəbuledilməzdir. Ötən ilin yayında Moskvada adıçəkilən təşkilat tərəfindən qızışdırılan etnik ermənilərlə azərbaycanlılar arasında toqquşmaların baş verdiyini xatırlayın. Həmin dövrdə REİ öz resurslarında məntiqə zidd, ağlı başında olan insanlar tərəfindən qəbul edilməyən nəşrlər yerləşdirirdi. Nəticədə, bir çox insan həbs olundu və deportasiya edildi. Amma ilk növbədə REİ rəhbərliyindəki təxribatçıları deportasiya etmək lazım idi”, - deyə Rafiq Əliyev bildirib.

Onun sözlərinə görə, indi təxribatlar yenidən qızışır, amma heç kim təhrikçilərə toxunmur.

“Allah qorusun, toqquşmalar olsa, yenə də rahat kresloda əyləşən və təxribatçı mətnlər cızan şəxslər deyil, adi insanlar əziyyət çəkəcək. Ermənistanın keçmiş prezidentləri Serj Sarkisyan və Robert Köçəryan, Ermənistan hökumətinin indiki başçısı, Baş nazir Nikol Paşinyan “bayram”a görə Qarabağa getməkdən imtina etdilər. Lakin Rusiya Erməniləri İttifaqında bununla bağlı təbrik dərc olunur. Onlar nəyə nail olmaq istəyirlər?!

Rusiya prezidenti Vladimir Putin Qarabağın Azərbaycan olduğunu deyir. Burada isə ermənilər tərəfindən yaradılsa da, Rusiyada qeydiyyatdan keçmiş bir təşkilat separatizmi dəstəkləyir. Müharibə bitdi. Rusiya, Azərbaycan və Ermənistan bəyanatlar imzaladı. “Müstəqil Qarabağ” yoxdur. Bunu hətta Ermənistanda da anlayırlar. REİ isə separatçıları mifik “müstəqillik” münasibətilə təbrik edir. Və ən əsası, Rusiya Erməniləri İttifaqının rəhbəri Ara Abramyan Rusiya Federasiyası Prezidenti yanında Millətlərarası Münasibətlər üzrə İctimai Şuranın üzvüdür. Məhz bu struktur separatizm və millətlərarası nifrət təzahürləri ilə mübarizə aparmalıdır”, -deyə jurnalist təəccübünü ifadə edib.

R.Əliyev erməni təşkilatına qarşı görülməli olan tədbirlərdən də danışıb.

“Rusiya Federasiyasının millətlərarası münasibətlərə dair qanunvericiliyi var. Orada hər şey aydın şəkildə yazılıb. Etnik qarşıdurmaya səbəb olan təşkilatları bağlamaq və təxribatçıları deportasiya etmək lazımdır. Bu ən düzgün addm olmaqla yanaşı, başqalarına da dərs olacaq. Rusiya bunu necə edəcəyini bilir, amma ermənilərə münasibətdə bunu etmir. Niyə? Bax burada artıq Rusiyada elə də fəal olmayan Azərbaycan diasporası və ictimai təşkilatları yada düşür.

Ümumiyyətlə, axı Rusiyada yenidən münaqişəyə necə başlamaq olar? Bir halda ki, artıq Qarabağın özündə qarşıdurma bitib. Bu cür mətnlər bəzi anonim müəlliflər tərəfindən sosial şəbəkələrdə dərc olunsa, hardasa anlamaq olar. Amma bu, Rusiyada qeydiyyatdan keçmiş bir təşkilatdır. Bir sözlə, azərbaycanlıları və erməniləri toqquşmaya təhrik etmək əvəzinə xalqların yaxınlaşmasını dəstəkləmək lazımdır”, -deyə R.Əliyev əlavə edib.