“Azərxalça” ilk dəfə Moskvada xalçalarını sərgilədi - FOTO

16:20 14-09-2021 340

Azərbaycan xalçaları Moskvada ilk dəfə olaraq xüsusi milli stenddə nümayiş etdirilib.

Bu barədə HerGun.Az-a “Azərxalça” ASC-dən məlumat verilib. Bildirilib ki, İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı və Azərbaycanın Rusiya Federasiyasında ticarət nümayəndəliyinin də iştirakı ilə “Azərxalça” ASC öz məhsullarını Moskva şəhərində keçiriləcək “Heimtextil Russia 2021” sərgisində “Made in Azerbaijan” vahid ölkə stendində nümayiş etdirilib.

Bu gün Azərbaycan Respublikasının sərgidəki milli pavilyonun açılışı mərasimində Azərbaycanın Rusiya Federasiyasında ticarət nümayəndəsi Ruslan Əliyev və başda “Azərxalça” ASC-nin İdarə Heyətinin sədri Emin Məmmədov olmaqla cəmiyyətin yaradıcı qrupu da iştirak ediblər.

Sentyabrın 14-16 tarixlərində keçiriləcək, Rusiyanın ev tekstili, interyer parçaları və dekor materialları sahəsi üzrə ən iri beynəlxalq “Heimtextil Russia 2021” sərgisində təkcə Rusiyadan deyil, digər ölkələrdən də şirkətlər qatılıb.

Sərgidə interyer və ev tekstili, xalçaçılıq, iplik istehsalı sahəsində fəaliyyət göstərən Azərbaycan şirkətləri “Made in Azerbaijan” brendi altında vahid ölkə stendi ilə təmsil olunub. Ənənəvi (klassik) Azərbaycan xalçaları ilə yanaşı “Azərxalça”nın son zamanlarda yerli və dünya bazarına çıxardığı yeni üslublu, modern xalçaları da nümayiş olunub. Tələbatı nəzərə alaraq Qarabağ xalçaları daha üstünlük təşkil edib.

Məlumat üçün bildirək ki, Moskva şəhərinin düz mərkəzində yerləşən Mərkəzi Sərgi Kompleksi “Ekspocenter”də təşkil olunan sərgiyə hər il ümumi hesabla 17 min mütəxəssis baş çəkir. Digər illərdən fərqli olaraq 2021-ci ildə “Heimtextil Russia” eyni vaxtda və bir məkanda “Interlight Russia | Intelligent building” və “Techtextil Russia” sərgiləri ilə birləşərək iştirakçıların məhsullarını – ev tekstili məhsulları, interyer parçaları, divar kağızları, boya, dekorativ işıqlandırma, ağıllı evlər üçün sistemlər və ev aksesuarları və s. nümayiş etdirmək üçün qlobal bir platforma yaradır.

Sərgi zamanı dizaynerlər və dekorativ sahə mütəxəssislərinin tekstil dizaynı və daxili dekorasiya ilə bağlı mühazirələri keçirilib. Söhbət əsasən trendlər və yeni məhsullar üzərində qurulub. Avropa və Rusiyadan olan aparıcı dekorativlər, dizaynerlər, memarlar, mühazirə salonunda təcrübələrini və ən gözə çarpan layihələrini bölüşüblər.

Diqqət evlərin və ya mənzillərin interyerlərinə deyil, eyni zamanda restoranların, klubların, barların və digər iaşə obyektlərinin, həmçinin ofislər və sənaye binalarının təchiz olunmasına xüsusi diqqət yetirilib.