Türk Şurasından SOCAR-ın Türkiyədəki şirkətinə mükafat - FOTO

15:40 15-09-2021 489

Türkdilli ölkələr arasında əməkdaşlığı təşviq etmək məqsədi ilə beynəlxalq miqyasda fəaliyyət göstərən Türk Şurasının iqtisadiyyat nazirlərinin 10-cu zirvə görüşü Bakıda keçirilib.

Dövlət Neft Şirkətindən (SOCAR) HerGun.Az-a verilən məlumata görə, görüşdən sonra keçirilən Türk Biznes Mükafatlarının Təqdimolunma Mərasimində SOCAR-ın Türkiyədəki törəmə müəssisəsi olan “SOCAR Türkiyə” “Türk Şurası İnvestisiya Mükafatı”na layiq görülüb.

Şuraya üzv olan ölkələrdə investisiyaların artırılmasında mühüm rol oynayan şirkətlərin dəyərləndirildiyi mərasimdə “SOCAR Türkiyə” strateji sektorlara qoyulan böyükmiqyaslı investisiyalarına görə mükafata layiq görülüb. Üzv ölkələr Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Macarıstan və Türkiyənin iqtisadiyyat və ticarət nazirlərinin iştirak etdiyi toplantıda Türkiyənin Ticarət naziri Mehmet Muş “SOCAR Türkiyə”nin mükafatını şirkətin Kommunikasiya və dövlət ilə əlaqələr üzrə rəhbəri Mikayıl Yusifova təqdim edib. 

“Türk dünyasının gələcəyə istiqamətlənən yolunda güclü addımlarla irəliləməyə hazırıq”

“SOCAR Türkiyə”nin Kommunikasiya və dövlət ilə əlaqələr üzrə rəhbəri Mikayıl Yusifov bildirib ki, Türk Şurası eyni dildə danışan, eyni idealları bölüşən ölkələrimizin potensialını bütün dünyaya çatdıran güclü ittifaqdır və bu ittifaq iqtisadi əməkdaşlıqla yanaşı əhatə dairəsini genişləndirərək türk dövlətləri arasında sosial və mədəni əlaqələrin də inkişafına töhfə verir:

“Türk dünyasına təqdim etdiyi vizyonla dövlətlərimizi və xalqlarımızı ümumi dəyərlərimiz ətrafında birləşdirərək gələcəyə aparır. “SOCAR Türkiyə” olaraq türk dünyasının gələcəyə gedən bu yolunda hər zaman güclü addımlarla irəliləməyə hazırıq. Türkiyədəki investisiyalarımız yalnız Azərbaycan və Türkiyə deyil bütün türk dünyası üçün strateji əhəmiyyət daşıyır. Bu baxımdan Türk Şurası tərəfində belə bir mükafata layiq görülməyimiz bizim üçün bir mükafatdan daha böyük məna kəsb edir. Fəaliyyətimizi izləyən və təqdir edən Türk Şurasına və üzv ölkələrə “SOCAR Türkiyə” olaraq dərin minnətdarlığımızı bildiririk”.