AZAL-ın Naxçıvana Ermənistan üzərindən uçması büdcə yükünü azaldacaq

16:40 07-10-2021 29

“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) Bakı-Naxçıvan reyslərinin yerinə yetirilməsi üçün Ermənistanın hava məkanından istifadə etməyə başlaması, növbəti mərhələdə Zəngəzur dəhlizindən digər nəqliyyat vasitələrinin istifadəsi imkanlarını artıracaq”.

Bunu “Report”a açıqlamasında iqtisadçı-ekspert Rəşad Həsənov deyib:

“Bu gün iki ölkə arasında müxtəlif platformalarda müzakirələr aparılır. Ermənistanda seçkilər başa çatıb. Eyforiya və populizm arxa plana keçib. Ermənistan hökümətinin çıxışlarında müyyən qədər konstruktivizm sezilir. Digər tərəfədən bir müdət öncə Türkiyə Ermənistana öz hava məkanından istifadə ilə bağlı imkan yaratdı. Bütün bu faktorlar müsbətə doğru bir dinamikanın yarandığını göstərir. Bu proses getdikcə daha da dərinləşəcək. Növbəti dövrlərdə regional kommunikasiya imkanlarının şaxələndiriməsi, xüsusilə Zəngəzur dəhlizindən digər nəqliyyat vasitələrinin istifadəsi imkanlarının artması gözlənilir”.

Onun fikrincə, Naxçıvan istiqamətində açılan yeni marşrut büdcə vəsaitlərinə qənaət etməyə imkan verəcək:

“Əsas iqitsadiyyatla əlaqələrdə alternativ nəqliyyat vasitlərinin az olmasından dolayı Naxçıvan istiqamətində uçuşlara kifayət qədər tələb var. Bəzi hallarda intensivlik o həddə çatır ki, gün ərzində 8 reys belə həyata keçirilə bilir. Lakin ən azından AZAL-ın hesabatları onu deməyə əsas verir ki, Muxtar Respublikaya uçuşlar zərərlidir. Buna görə də hər il dövlət büdcəsindən Naxçıvana daxili uçuşların maliyyələşdirilməsinə 10 milyon manat subsidiya ayrılır. İndiki şərtlər daxilində isə Ermənistan üzərindən uçuşlar vaxta və yanacağa qənaət etməyə imkan verəcək. Bu məqam və AZAL-ın Azərbaycan İnvestiya Holdinqinin idarəetməsinə verilməsi faktı Naxçıvan istiqamətində uçuşların təşkilindən yaranmış büdcə yükünün ləğv ediləcəyini və ya ən azından azalacağını deməyə imkan verir”.

R.Həsənov hesab edir ki, Naxçıvana uçuşlar zamanı əsasən Ermənistan üzərindən keçən marşrutdan istifadə olunacaq:

“Sırf alternativ yol kimi İran üzərindən keçən marşrut aktiv olaraq saxlanıla bilər. Ancaq əsasən yeni marşruta üstünlük veriləcək. Ermənistanla sosial-iqtisadi kommunikasiyaların bərpası prosesi dərinləşdikcə Naxçıvana hava nəqliyyatı ilə mülki yüklərin və sərnişinlərin daşımasının 90 %-nin məhz Ermənistan üzərindən həyata keçiriləcəyi gözlənilir”.