Məktəbdə təhsil beş yaşından başlamalıdır?

15:20 09-10-2021 435

Beş yaşından etibarən məktəbdə təhsilə başlamaq ehtimalının təhsil naziri tərəfindən səsləndirilməsi cəmiyyət tərəfindən birmənalı qarşılanmadı.

Erkən uşaq inkişafı və məktəbə tez başlamanın vacib məsələ olduğunu qeyd edən nazirin “Zənnimcə, altı yaş gecdir. Sosial-iqtisadi və yaxud məkan baxımından olan məqamları kənara qoyaraq məktəb yaşının beşə qədər azaldılmasına çalışmalıyıq” fikirləri xüsusən məktəbəqədər hazırlıqda oxuyan şagirdlərin valideynlərinin narazılığına səbəb oldu. Onların sosial şəbəkələrdə “Uşaqlar bu yaşda təhsilə hazır deyillər” kimi səslənən fikirləri bir-birinə qarışdı, “lehinə” və “əleyhinə” arqumentləri diqqət çəkdi.

Mövzu ilə bağlı  “Kaspi” qəzeti məqalə dərc edib.

Ölkəmizdə uşaqların birinci sinfə, əsasən, altı yaşında, lazım gələrsə, yeddi yaşında getdiyini əsas gətirərək psixofiziki hazırlığın vacib faktor olduğu ayrıca vurğulandı:

“Ümid edirik ki, nazirlik belə bir qərar verməyə tələsməyəcək, çünki onu dəstəkləyən arqumentlər hələ də azdır”.

Amma nazirin fikirlərindən məmnun qalanlar da az olmadı.

Qeyd edək ki, Avropa ölkələrinin əksəriyyətində uşaqlar altı-yeddi yaşlarında məktəbə gedirlər. Məsələn, Avstriya, Belçika, İspaniya, Fransada - altı yaşından 18 yaşa qədər təhsil alırlar. Danimarka ilə İtaliyada – 19 yaşa qədər, Polşa, Litva, Latviya, Finlandiya və İsveçdə dərslər yeddi yaşından başlayaraq 19 yaşa qədər davam edir.

İngiltərədə təhsil beş yaşından başlasa da, bu dövr məktəbəqədər sayılır.

Təhsil Nazirliyi yanında İctimai Şuranın sədr müavini Nadir İsrafilov müzakirələrə münasibət bildirərək deyir ki, nazirin açıqlaması heç də sabah və ya biri gündən bu ideyanın reallaşacağı anlamına gəlmir:

“Düşünürəm ki, qarşımızda duran çağırışlardan biri uşaqların məktəbə başlama yaşıdır” ifadəsi isə geniş ictimaiyyətə bu barədə düşünmək üçün bir mesajdır. Heç şübhəsiz ki, nazir bu məsələyə diqqəti yönəldərkən müəyyən araşdırmalara, təhlillərə istinad edib, dünya təcrübəsi baxımından yanaşma sərgiləyib. Bu mənada, ideya birmənalı qarşılanmayacağı halda belə, bu ətrafda alternativ fikirlər irəli sürmək, ictimai müzakirələr keçirmək, təhsil mütəxəssislərinin, psixoloqların, ən başlıcası isə valideynlərin mövqelərini öyrənmək zərurəti yaranacaq. Hər şeydən əvvəl ona görə ki, məktəbin vəzifəsi təkcə öz yetirmələrinə bilik vermək, müəyyən bacarıq və vərdişlər formalaşdırmaq deyil, həm də cəmiyyət üçün mənəvi və fiziki cəhətdən sağlam nəsil yetişdirməkdir”.

N.İsrafilovun fikrincə, yalnız ümumi ictimai rəy öyrənildikdən sonra pilot şəklində bir neçə məktəbdə bunu sınaqdan keçirmək və daha sonra isə kütləviləşdirmək olar:

“Düzdür, artıq beş yaşlılarla bağlı ölkəmizdə kifayət qədər təcrübə var. 2016-cı ildən bəri 3 minə qədər məktəbdə yaradılan hazırlıq qruplarına cəlb olunan şagirdlərin sayı az qala 100 minə çatır. Lakin onu da nəzərə alaq ki, beş yaşdan birinci sinfə başlamaq, məktəbəhazırlıq qruplarına dörd yaşdan başlamaq demək olacaq. Bu, uşaqları öz qayğısız uşaqlıq illərini istədikləri kimi yaşamaq imkanından məhrum edəcək. Təhsil bizim üçün nə qədər önəmli olsa da, zənn etmirəm ki, hansısa bir valideyn uşağının təhsilini onun sağlamlığından üstün tutsun. Biz hələ təhsilin inkişafına dair qəbul etdiyimiz Dövlət Strategiyamızda hədəflənən 2020-ci ilə qədər 12 illik təhsilə keçib-keçməyəcəyimizə tam aydınlıq gətirməmişik. Təhsilimizlə bağlı həllini gözləyən xeyli problemlər var”.

N.İsrafilov hesab edir ki, nazirin açıqlaması gələcək perspektivə hesablanan bir çağırış və hər kəsə düşünmək üçün verilən bir şansdır:

“İstənilən halda, belə bir keçid mexaniki şəkildə baş verməyəcək. Təhsilin strukturunda, ümumi pillələrində formaca, tədris planları, proqramları və dərsliklərdə isə məzmunca dəyişikliklər aparılması zərurəti yaranacaq. Bir sözlə, hər şey zamana bağlıdır. Ən böyük hakim zamandır”.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin təhsilin pedaqogikası kafedrasının baş müəllimi Xalidə Həmidovanın fikrincə, məktəbəhazırlıq qruplarının proqramı üzərindən 12 illik təhsil sisteminə keçib bu addımı atmaq olar:

“Amma birinci sinfin proqramını beş yaşlılara keçirmək düzgün deyil. Bir neçə il əvvəl bağçaların məktəbəhazırlıq qruplarında birinci sinif proqramı tərtib olunub. Beş yaşlı uşaqlar birinci sinif proqramını qavraya bilmədilər. Bu eksperimentin mənfi nəticəsi oldu və saxlanıldı”.

X.Həmidova qeyd edib ki, indiki məktəbəhazırlıq qrupları birinci pillə hesab olunaraq təhsilə başlaya və proqram dəyişmədən məktəbin birinci pilləsi hesab oluna bilər:

“Digər tərəfdən, razıyam. Onsuz da uşaq bağçalarında yer yoxdur. Bağçalarımız uşaqlarımızla bağlı fəaliyyəti tam əhatə edə bilmir. Bu baxımdan, məktəbəhazırlıq qruplarından başlaya bilərik. Amma bir şərtlə ki, təhsil məktəbəhazırlıq proqramının əsasında olsun. Yəni o proqramda yazı yoxdur, uşağın inkişafına yönəlik tapşırıqlar var. Tədris uşaqların fiziki, idraki, psixoloji, sosial cəhətdən formalaşmasına xidmət edən proqram üzərindən başlayır. Belə olsa, mümkündür. Yox, əgər birinci sinfi beş yaşa keçiririk və o proqramla da davam edirik, bu, absurd olar. Bir pedaqoq kimi düşünürəm ki, bununla uşaqlarımızı məhv etmiş olarıq”.

X.Həmidova bu məsələyə münasibət üçün təhsil sahəsində böyük təcrübəsi olan alimlər, təcrübəçi metodistlər, praktik pedaqoqlar, psixoloqlar və sosioloqlardan ibarət qrup toplanmalı və hərtərəfli müzakirə olunmalıdır deyə bildirib.

Təhsil eksperti Qoşqar Məhərrəmov təhsilin beş yaşında başlaması təklifini sürpriz hesab eləmir. Belə ki, artıq neçə ildir ümumtəhsil müəssisələrində məktəbəqədər qrupları açılır və əhalinin çox hissəsi böyük şövqlə övladlarını bu qruplara icbari olmasa belə, yazdırır:

“Deməli, artıq bu, bir ictimai sifarişdir. Təhsilə beş yaşında başlamaq inkişaf etmiş ölkələrin təcrübəsinə uyğundur və yaxın gələcəkdə belə bir qərar bizdə də olsa, təəccüb doğurmayacaq”.

Psixoloqlar da hesab edirlər ki, təhsilin başlanmasının mümkün yaşı, uşağın öyrənməyə psixofizioloji hazırlığından çox asılıdır.