Baş leytenant: “Düşmən o qədər sürətlə qaçırdı ki, atdığımız mərmilər onlara çatmırdı” - MÜSAHİBƏ + FOTO

14:20 11-10-2021 429

“Mən 1999-2001-ci illərdə hərbi xidmətdə olmuşam. Murovdağda, general Polad Həşimovla eyni taborda. Xidmət etdiyimiz dövrdə münasibətlərimiz olub. Həmənki dövrdə bizim real atışlarımız olmayıb. Mənə yalnız müharibənin öz kəndimdə olan hissəsi məlum idi. O zaman aktiv döyüşlərdə olmamışdım. Bu tamam başqa bir hal idi. Tamam başqa hisslər içərisində olursan”.

Bu fikirlər Vətən müharibəsində Cəbrayıl, Füzuli və Xocavənd istiqamətində döyüşlərdə iştirak etmiş 120 mm-lik minaatan taborun baş leytenantı, tağım komandiri Kamran Umudova aiddir. O, müharibədə aktiv iştirakına görə “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

Hazırda İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində Analitik Təhlil və elektron idarəetmə şöbəsinin müdiri vəzifəsində çalışan Vətən müharibəsi HerGun.Az-a müsahibəsini təqdim edirik: 

- Hərbi əməliyyatlara qoşulduğunuz ilk günlərdən danışa bilərsiniz?

- Sentyabrın 27-dən hərbi əməliyyatlarda qoşuldum. 28 sentyabrda Ağcabədidə mövqe qurduq. İki-üç gün sonra Füzuli istiqamətində adsız yüksəkliklərdə dayandıq. Ondan sonra bizi Cəbrayıl istiqamətində yönləndirdilər...

Biz Cəbrayıla çatanda istədim ki, maşından düşüb əlimi torpağa vurum. Bilmirəm bu hissləri necə izah edim... Tamamilə başqa bir hissdir... Amma maşını dayandıra bilməzdim. Altı oktyabr tarixindən artıq aktiv döyüşlərdə iştirak edirdik. Həmin gün mənim üçün çox ağır idi. O gün mənimlə eyni kalondan olan, maşında birgə irəlilədiyimiz ilk şəhidlərimizi verdik. 

- Bu necə baş verdi? 

- Son ana qədər onlarla eyni maşında irəliləyirdik. Qarşıdakı döyüşün miqyasını görürdük, lakin sanki toy-bayrama gedirdik. Çünki, 30 il sonra o torpaqlara ilk olaraq biz ayaq basırdıq. Sevinirdik ki, bir anda hər şey dəyişdi. Sadəcə olaraq bir səs gəldi. Mərminin səsi. Günorta 1-2 radələri idi. Həmin gün, həmin an son sözlərimiz də yadımdadır. Məndən soruşdular ki, komandir necə olacaq? Dedim, narahat olmayın, ya yaxşı olacaq, ya da daha da yaxşı. Pis tərəfi yoxdur? - deyə, sual verdilər. Yoxdur - dedim, ya şəhid olacağıq, ya da evimizə qayıdacağıq. Sözümü deməyimlə mərminin maşının kuzovuna düşməyi arasında zaman fərqi bir-iki dəqiqə oldu. Əsgərlərə “əyilin” sözünü deməyə belə macal tapmadım. Partlayış nəticəsində Mustafa Kərimov, Emil Əliyev və Orxan Məhərrəmov şəhid oldu. Bu, bizim ilk itkimiz idi. Onların hər üçü xatirimdə əbədi qalacaq. Ruhları qarşısında baş əyirəm. Bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm.

O an özümdə deyildim və sən özündə olmadığın müddətdə nələrin baş verdiyini anlaya bilmirsən. O an yaşadığım hissləri heç vaxt unutmayacağam. 

- Sizinlə birgə partlayışdan xəsarətsiz qurtulan oldu? 

- Mənimlə birgə bir nəfər də müəyyən travmalar alaraq maşından çıxdı. İki nəfər də ağır yaralımız var idi. 

- İstiqamətiniz hara idi? 

- Bizi Füzulidə müəyyən adsız yüksəkliklər istiqamətində yönləndirdilər. Həmin əraziləri tanıya bilmirdik. Çünki kəndləri viran qoymuşdular. Bizə istiqamət verirdilər. Orada atəş mövqeyi tutmalı, hədəflərin koordinatları gəldikdən sonra həmin yerləri vurmalı idik. Bizə məlumat veriləndə ki, mərmimiz düşmənin səngərlərinə düşüb əsgərlərimiz çox sevinirdi. Artıq biz hədəfləri vururduq. Daha sonra Xocavəndə qədər getdik. Son dayanacağımız Qırmızı Bazar istiqamətində Zoğalbulaq kəndində idi. Zoğalbulaq kəndində üç əsgərimiz şəhid oldu. Baş leytenant Fərid İzzətli, Məmmədağa Səfərov və Vüsal balamız... Hər dəfə şəhid verdikdə sanki insan öz doğmasını itirirmiş kimi hiss edirsən. Bunu yaşamadan anlamaq olmaz. Həyatda hər şeyi unutmaq olar, amma o anı heç vaxt unutmaq olmaz. Hamı bilirdi ki, hara gedir və bunun sonunda nə var.

- Sonuncu döyüşlər barədə danışa bilərsiniz? 

- 44 günlük müharibənin ilk 10 gününü geridə qoyduqdan sonra artıq demək olar ki, mərmi səslərinə öyrəşmişdik, həm də mərminin gəldiyi zaman hara düşəcəyini təxmin edə bilirdik. Bizə uzaqdadır, ya yaxındır və s. Artıq hansı formada davranacağımızı müəyyənləşdirmişdik. 8-9 gün müddətində biz Zoğalbulaq kəndində müxtəlif mövqelərdən atəşlərimizi həyata keçirdik. Düşmən o qədər sürətli qaçırdı ki, bizim dayandığımız mövqedən atacağımız mərmi onlara gedib çatmayacaqdı. Beləliklə bir mərmi belə atmadan yenidən minaatanları söküb qabağa gedirdik. Elə bir mövqe seçirdik ki, atacağımız mərmi hədəflərini vursun. Onlar qaçdıqca biz irəliləyirdik.  

Artilleriyada belə bir şey var, daim bir mövqedən atəş aça bilməzsiniz. Həmin mövqe müəyyən edildiyi zaman oranı vuracaqlar. Bizim mövqeyimiz var idi, iki gün oradan atəş həyata keçirdik. İkinci gün gecə idi. 10-11 radələri. Atəş açmırdıq. Bizə kəşfiyyat bölmələrindən məlumat verildi ki, atəş mövqeyini 5-10 dəqiqə ərzində boşaldın, çünki artıq mövqelərimiz düşmənə bəlli olub. Həmin ərazini qırıcılarla vuracaqdılar. Təsəvvür edin, gecə qaranlıqda bir mərmini götürüb yeşiyə qoymaq, onları maşınlara yükləmək, minaatanları öz qoşqusuna yerləşdirmək, onu dağdan, daşlıq yerdən sürətlə endirib maşınlara bağlamaq... Mən deyərdim ki, rahat vaxtda belə biz bunu qısa müddətdə edə bilməzdik. Çox şəhid verə bilərdik, bu ehtimalı göz qarşısına gətirdikdə döyüş sursatlarını səfər vəziyyətinə gətirib oradan sürətlə uzaqlaşmaq bir anın içərisində baş verdi. Biz həmin ərazidən 2-3 kilometr uzaqlaşa bildik. 

- Düşmənin zəif və güclü tərəfləri nədə idi? 

Düşmənin zəif tərəfi onlarda ruh yüksəkliyinin olmaması idi. Onları Qarabağa bağlayacaq heç nə yox idi. Bura onlara doğma deyildi. Onlarda bu torpaqlara canından, qanından keçməyə razı olacaq qədər sevgi yox idi. Onlar əmrə tabe olub döyüşməyə gəlmişdilər. Yaşadıqları evləri qoyub gedəndə o qədər sürətlə qaçmışdılar ki, heç nəyi götürə bilməmişdilər. Özlərini burada müvəqqəti hiss edirdilər. Lakin bizdə tamam fərqli idi. Bizim əsgərlər çox şən idi. Bilirsiniz, bu sadəcə torpaq savaşı deyildi, bu bizim şərəf və ləyaqət savaşımız idi. Bu bir xalqın, millətin namus savaşı idi, bu bizim borc savaşımız idi. 

Düşmənin üstünlüyü isə 30 il müddətinə həmin əraziləri yaxşı öyrənə bilmələrində idi. Yaxşı mövqelər tutmuşdular. Hazırlıqlı idilər. Amma biz hücum edirdik, minalanmış ərazilərə girirdik. Onlar geri çəkiləndə əraziləri minalayırdılar. 

- Axırıncı mərmini nə vaxt atdınız? 

- Noyabr ayının 9-u saat 7-8 radələrində. Dedilər ki, atəşi dayandırın. Düşmən tərəfindən atəş olduğu təqdirdə isə adekvat cavab verin. Əmr qəbul olundu, qeydə alındı. Məlumat gəldiyi zaman heç bir şey fikirləşmədim. Sadəcə düşündüm ki, növbəti əmrdir.  

- Müharibənin bitdiyini anladığınız zaman necə reaksiya verdiniz? 

- Atəş səsləri gəlməyə başladı. Getdiyi xətti işıqlandıran trasser güllələri var, onlarla yuxarı atəş açılırdı. Anladıq ki, burada bir məsələ var. Bəyanat haqda təsəvvür belə yox idi. Amma sevinc ab-havası hiss olunurdu. 10 dəqiqə içərisində bizə məlumat verildi ki, müharibə dayanıb. Donub qalmışdım. Doğurdandamı bu sondur? Bitdimi? Artıq bundan sonra itkilərimiz olmayacaq? Evdəkilər görəsən nə düşünür? Nə hisslər keçirirlər? İnsan o anda çox fərqli hisslər yaşayır... Təbii ki, şəhidləri də yad etdik.

Həmin an mühafizəni daha da gücləndirdim. Düşmənə heç bir halda etibarım yox idi. Onlar bundan məharətlə istifadə edə bilərdilər. Ən azından bundan sonra itkimiz olmamalı idi. Amma onu da deyim ki, sevincli halda əsgərləri idarə etmək bir qədər çətindir. 

- Müharibədən sonra döyüş yoldaşlarınızla əlaqə saxlamısınız? 

- Bəli, əlaqə saxlayırıq, hətta qrupumuz belə var. Danışırıq, xatirələrimizi yad edirik. Biz görüşməyə də çalışırıq. Görüşdüyümüz zaman tamamilə fərqli bir ab-hava yaranır. 

Nigar Məmmədova