Rumıniya XİN: “Azərbaycan Cənubi Qafqazda ən böyük ticarət tərəfdaşımızıdır”

13:20 12-10-2021 22

Rumıniya Azərbaycanın qəti dəstəyi və iştirakı ilə ərsəyə gətirilmiş Cənub Qaz Dəhlizini qaz mənbələrinin və nəql xətlərinin şaxələndirilməsi hesabına Avropanın enerji təhlükəsizliyini gücləndirməyin ən ardıcıl şəkli olaraq görür.

Bunu “Report”un sorğusuna cavab olaraq Rumıniya Xarici İşlər Nazirliyindən bildiriblər.

“İndi Xəzər qazının Rumıniya üzərindən Mərkəzi və Şərqi Avropadakı yeni bazarlara nəqli ilə bağlı variantları daha ətraflı araşdıra bilərik. Artıq beynəlxalq miqyasda vurğuladığımız kimi, Cənubi Qaz Dəhlizinin bir qolu olaraq BRUA (Bolqarıstan – Rumıniya – Macarıstan - Avstriya) xəttinin inkişaf etdirilməsi həm Avropa İttifaqı, həm də Azərbaycan üçün faydalı olar”, – nazirliyin açıqlamasında deyilir.

“Cənub Qaz Dəhlizinin Mərkəzi Avropa istiqamətində genişləndirilməsi üçün töhfə verməyə hazır olduğunu bildirən Rumıniya IGB (Yunanıstan – Bolqarıstan interkonnektoru) layihəsi hazır olandan sonra bazardakı şərtlər də əl versə, gələcəkdə “Şaquli Dəhliz” layihəsi ilə genişlənəcəyinə ümidvardır.

Biz də “Şaquli Dəhliz”in mərkəz ünsürü hesab etdiyimiz BRUA layihəsinin ilk mərhələsini ötən il başa çatdırmışıq. Beləliklə də Azərbaycan (və bütövlükdə Xəzər) qazı BRUA kəmərilə şimala nəql olunmaqla Avropanın daha çox istehlakçısına çatdırıla bilər”, – Rumıniya XİN-in bəyanatında qeyd olunur.

“Bununla yanaşı, Rumıniyada SOCAR-ın fəaliyyətinə diqqət yetirilir. SOCAR-ın Rumıniyadakı biznesinin həcmi daim artır, çünki hazırda şirkət ölkə dairələrinin yarısından çoxunda 64 yanacaqdoldurma məntəqəsini idarə edir. Rumıniyaya gəldiyi gündən etibarən 64 milyon avroluq sərmayə qoyan, 700-dən çox yeni iş yeri yaradan SOCAR-ın göstərdiyi xidmətlərinin keyfiyyətinə ölkədəki istehlakçılar tərəfindən daim yüksək qiymət verildiyi də diqqətə çatdırılır.

Avropanın enerji təhlükəsizliyini daha yüksək səviyyədə təmin edilməsi yolunda mühüm nailiyyətin 2020-ci ilin sonundan fəaliyyətə başlayan Cənub Qaz Dəhlizi vasitəsilə Azərbaycan təbii qazın Avropa bazarına ixrac olunması olduğu bildirilir. 2018-ci ildən bəri Cənubi Qaz Dəhlizi Məşvərət Şurasının nazirlər iclaslarında Rumıniya da iştirak edir.

Bu gün Azərbaycan Cənubi Qafqaz regionunda ən böyük ticarət tərəfdaşımızdır. Belə ki, strateji tərəfdaşlıq sazişi imzalandığı 2009-cu ildən bu yana iki ölkə arasında ticarət dövriyyəsi xeyli artıb”, – XİN-in açıqlamasında diqqətə çatdırılır.