Xarici ölkədə vaksin olunanlar Azərbaycanda sistemə düşə bilmir? - AÇIQLAMA

17:40 14-10-2021 320

“Bir müddət əvvəl xarici ölkələrdə koronavirusdan sağalan və ya vaksin vurdurub gələn Azərbaycan vətəndaşlarının ölkəmizdə qeydiyyata düşməsində problem yaşanırdı. Bununla bağlı çoxsaylı müraciətlərdə daxil olurdu”.

HerGun.Az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirov AzTV-nin efirində yayımlanan “Gün başladı” proqramında aparıcının xaricdə koronavirusa yoluxub sağalan vətəndaşların ölkəyə qayıtdığı zaman qarşılaşdığı problemlə bağlı suallarını cavablandırarkən deyib.

O bildirib ki, bununla bağlı artıq bir ay öncə müvafiq qərar qəbul olundu:

“Azərbaycanda Səhiyyə Nazirliyinin nəzdində komissiya yaradılıb. Həmin şəxslər bu komissiyaya müraciət edərək, qeydiyyatdan keçir və təqdim etdiyi sənədlər əsasında öz sertifikatını ölkəmizdə leqallaşdırır. Bunun üçün İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin “randevu.gov.az” saytına daxil olaraq, COVID-19 sertifikat pəncərəsini seçmək lazımdır. Həmin pəncərədə şəxs ondan tələb edilən müəyyən məlumatları daxil edir. Vətəndaş qəbul üçün saatı seçir və müəyyən müddətdən sonra vətəndaşın elektron ünvanına Səhiyyə Nazirliyində qəbul ediləcəyi gün və saat göndərilir. Daha sonra Azərbaycan vətəndaşıdırsa şəxsiyyət vəsiqəsi ilə, xarici vətəndaşdırsa xarici pasportu və ölkədə yaşamaq üçün qeydiyyat vəsiqəsi ilə Səhiyyə Nazirliyinə gəlir. Əgər COVID-19 a yoluxub sağalıbsa, buna dair sənədləri, ya da xarici ölkədə vaksin olunduğuna dair sənədləri təqdim edir. Bu sənədlər tam yoxlanıldıqdan sonra həmin şəxslər Azərbaycanda da sistemə daxil edilir və bu problem həll olunur”.

Könül Cəfərli