Vətəndaşların “Əks-göstəriş” sertifikatları LƏĞV EDİLİR? - AÇIQLAMA

18:00 14-10-2021 339

Son günlər bəzi vətəndaşların “Əks-göstəriş” sertifikatları ləğv olunub.

Bu barədə HerGun.Az-a sözügedən problemlə qarşılaşan bir neçə nəfər müraciət edib.

Vətəndaşların sözlərinə görə, “Əks-göstəriş” sertifikatı ilə bağlı aidiyyəti üzrə müraciət ünvanlayıb, komissiyadan keçiblər. Daha sonra onlara “Əks-göstəriş” təqdim edilib. Lakin, sertifikat cəmi iki gün sistemdə görülüb, daha sonra bilinməyən səbəbdən “Əks-göstəriş” sertifikatı sistemdə görünməyib. Bu isə insanlara ictimai yerlərdə, eləcə də iş yerlərində ciddi problemlər yaşadıb.

Məsələ ilə bağlı sosial şəbəkə istifadəçiləri də bir çox paylaşımlar edərək, TƏBİB, Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi səhifələrini işarəliyiblər.

Məsələ ilə bağlı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən HerGun.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, “Əks göstəriş sertifikatı”ı verilən şəxslərin məlumatları İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin elektron bazasından Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin elektron bazasına köçürüldüyü müddətdə müvəqqəti olaraq sertifikatların yüklənilməsində çətinlik müşahidə olunub:

“Hazırda “Əks göstəriş sertifikatı”nın yüklənilməsində heç bir problem yoxdur”.

Könül Cəfərli