Mikayıl Cabbarov: “2022-ci ildə Azərbaycanda investisiya fəallığının artması gözlənilir”

14:00 10-11-2021 401

“2022-ci ildə cari ilə nisbətən Azərbaycanda investisiya fəallığının artmağa başlaması gözlənilir”.

“Report” xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında, gələn ilin dövlət büdcəsi zərfinə daxil olan sənədlərin müzakirəsi zamanı bildirib.

Onun sözlərinə görə, bu isə növbəti ildə əsas kapitala investisiyaların real artım tempinin 2021-ci ilə nisbətən 3,6 %-ə çatmasını proqnozlaşdırmağa əsas verir: “Genişmiqyaslı sosial proqramların həyata keçirilməsi, habelə əmək bazarında şəffaflaşmanın davam etməsi şəraitində ölkədə orta aylıq əməkhaqqının 2022-ci ildə 807 manat təşkil etməsi proqnozlaşdıırlır.

2022-ci ildə İqtisadiyyat Nazirliyinin inflyasiya üzrə proqnozu 4 % təşkil edirdisə, orta aylıq əməkhaqqının real artım tempi 4,5 % səviyyəsində proqnozlaşdırılır. İnflyasiya proqnozu hazırlanarkən dünyada ərzaq bazarlarında qiymətlərin sabitləşməsi ilə bağlı beynəlxalq təşkilatların son proqnozları da nəzərə alınıb. Yeni strategiyanın reallaşması ölkə iqtisadiyyatının böyük dəyişikliklərə səbəb olacaq. Növbəti beş il azad edilmiş ərazilərin bərpası və ölkə iqtisadiyyatına inteqrasiyası baxımından tarixi dövr olacaq”.

Nazirin sözlərinə görə, 2022-ci ilin ilkin büdcə layihəsində dövlət investisiya qoyuluşunun ötən illə müqayisədə azaldılması nəzərdə tutulsa da, Prezidentin şəxsi təşəbbüsü ilə hazırkı büdcə layihəsində 850 milyon manat artırılaraq 2021-ci ilin səviyyəsinə yaxınlaşdırılıb.

“Bu da təbii olaraq investisiya planının həcminin artırılmasına, ölkə iqtisadiyyatının artım tempinə öz müsbət töhfəsini verəcək. Son dövrlərdə qeyri-neft sektorunun ixrac imkanlarının artmağa başlaması, iqtisadiyyatın şaxələnməsinin göstəricilərindən biridir”, - deyə M.Cabbarov bildirib.