Azərbaycanda kassa çekləri çəki ilə satılır - AÇIQLAMA + FOTO/VİDEO

13:20 11-11-2021 438

Azərbaycanda kassa çeklərinin toplu şəkildə çəki halında satışının həyata keçirildiyi ilə bağlı video yayılıb.

HerGun.Az-ın məlumatına görə, təxminən bir kiloqram çəkidə olan çeklərin 35-45 manat civarında satışa çıxarıldığı iddia edilir. 

İlk növbədə qeyd edək ki, qanunvericilikdə bu çeklərin toplu şəkildə satışına hər hansı bir məhdudiyyət və ya qadağa nəzərdə tutulmayıb. Belə bir hal isə ilk dəfədir ki, baş verir.

Lakin qanunvericilikdə istənilən sahibkarlıq fəaliyyəti ilə bağlı mənfəətdən vergi ödənilməsi nəzərdə tutulur. Bu, təmin edilmədikdə isə vergidən yayınmaya görə şəxsi müvafiq məsuliyyət gözləyir. 

Məsələ ilə bağlı İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyinin sədri, iqtisadçı Ruslan Atakişiyev HerGun.Az-a bildirib ki, qanunla bu cür halların tənzimlənməsi nəzərdə tutulmayıb:

“Əgər bu, qanunvericilikdə nəzərdə tutulmayıbsa, deməli qadağa yoxdur. Buna görə də həmin şəxs bu çeklərin satışını həyata keçirə bilər. Çeklərin yığılaraq kiloqramla satışını həyata keçirən şəxslərin vergiyə cəlb etmək nə dərəcədə düzgün olması müzakirə mövzusudur. Burada böyük məbləğdən söhbət gedə bilməz. Əgər çeklərin bir kiloqramı 35-45 manata satılırsa, deməli 10 kiloqramdan 350-450 manat vəsait əldə edilir. Aylıq dövriyyə 2 000 manatı aşmadığı müddətdə bu şəxslərdən satdığı məhsula görə kassa çeki belə tələb etmək olmaz”.

Qeyd edək ki, “ƏDV geri al” portalında istənilən sayda çek vurmaq olar, buna məhdudiyyət yoxdur. Ümumiyyətlə çekin olması isə hələ o demək deyil ki, onunla ƏDV-ni geri almaq olar. Bunun üçün həmin çek yeni nəsil kassa aparatlarından alınan qəbz olmalı, pərakəndə ticarət və ya ictimai iaşə obyekti ƏDV ödəyicisi olmalı, alınan mallar ƏDV-yə cəlb olunan mallar olmalıdır. Bu videodan isə həmin çeklərin müvafiq tələblərə cavab verdiyi görünmür.

Nigar Məmmədova