Moldova mətbuatı Azərbaycan Prezidentinə “Türk Dünyasının Ali Ordeni”nin təqdim edilməsini işıqlandırıb - FOTO

13:20 13-11-2021 31

Moldovanın xəbər portalları Azərbaycan Prezidenti İlham Əliyevə “Türk Dünyasının Ali Ordeni”nin təqdim edilməsi ilə bağlı məqalələr dərc edib.

AZƏRTAC xəbər verir ki, Moldovanın “noi.md”, “dosarmedia.md” və digər portallarında dərc olunan məqalələrdə qeyd olunur ki, Ali Orden Prezident İlham Əliyevə noyabrın 12-də İstanbulda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşündə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən təqdim edilib.

Məqalələrdə bildirilir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ərazilərinin işğaldan azad edilməsini və ərazi bütövlüyünün bərpasını təmin edərək türk birliyinə mühüm töhfə verən və bölgədə davamlı sülh və sabitliyin əldə olunmasına yol açan tarixi qələbəyə görə Dövlət Başçıları Şurası Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın təklifi ilə İlham Əliyevin “Türk Dünyasının Ali Ordeni” ilə təltif edilməsi haqqında qərar qəbul edib.

Məqalələrdə, həmçinin Rəcəb Tayyib Ərdoğanın Ali Ordenin təqdimatında çıxışı da yer alıb. Türkiyə Prezidentinə istinadla qeyd olunub ki, Azərbaycanın ərazi bütövlüyünü yenidən təmin etməsi türk dünyasının birliyini və bərabərliyini genişləndirib. Qarabağın azadlığının rəmzi olan “Xarıbülbül” türk dünyası üçün zəfərin müjdəçisi olub.