DÇ-2022-nin seçmə mərhələsi: Fransa və Belçika mundiala vəsiqəni təmin etdi, Türkiyə son turu gözləyəcək

02:00 14-11-2021 384

DÇ-2022-nin seçmə mərhələsində IX tura yekun vurulub.

HerGun.Az xəbər verir ki, son olaraq dörd qarşılaşma baş tutub. 

Bu oyunlardan sonra Fransa və Belçika yığmaları Qətərdə keçiriləcək mundiala qrup lideri kimi birbaşa vəsiqəni təmin ediblər. 

D qrupunda yer alan Fransa millisi öz meydanında Qazaxıstanı darmadağın edərək, xalını 15-ə çatdırıb və sona bir tur qalmış ən yaxın izləyicisi Finlandiyanı 4 xal geridə qoyub. 

E qrupunda Belçika yığması evdə Estoniyanı yenib və xallarını 19-a çatdırıb. Paralel matçda Belarusu darmadağın edən Uels xalını 14-ə çatdıraraq, 2-ci yerə yüksəlsə də, lider üçün əlçatmaz olub.  

G qrupunda isə Niderland millisi səfərdə Monteneqro ilə görüşdə ən yaxşı bombardir Memfis Depayın dublu sayəsində öndə olsa da, son dəqiqələrdə qapısından 2 top buraxıb. Bununla da “narıncılar” qrup lideri kimi qalmalarına rəğmən, mundiala birbaşa vəsiqə qazana bilməyiblər.

Bu komanda hazırda Türkiyə və Norveçi 2 xal geridə qoyur. Birbaşa vəsiqənin taleyinə son turda aydınlıq gələcək. Noyabrın 16-da Niderland Norveçi qəbul edəcək, Türkiyə isə Monteneqronun qonağı olacaq.