QHT Agentliyinin yeni icraçı direktor təyin edilib - FOTO

19:00 23-11-2021 386

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin yeni təyin olunmuş icraçı direktoru Aygün Əliyeva kollektivə təqdim edilib.   

Bu barədə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi məlumat yayıb.

Bildirilib ki, təqdimat Prezident Administrasiyasının məsul əməkdaşı, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının sədr müavini Vüsal Quliyev tərəfindən həyata keçirilib. 

A.Əliyeva ona göstərilən yüksək etimada görə təşəkkürünü bildirərək, ölkədə vətəndaş cəmiyyətinin inkişafı sahəsində qarşıya qoyulan hədəflərin layiqincə yerinə yetirilməsi üçün əlindən gələni əsirgəməyəcəyini qeyd edib.

Qeyd edək ki, bu gün Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının qərarı ilə A.Əliyeva Agentliyin icraçı direktoru vəzifəsinə təyin olunub.