Şuşada aşiq olmaq...

11:00 01-01-2022 128

Qan Turalı yazır...

Bizim nəslin, 80-lərdə doğulanların, sosioloqların “Y” nəsli adlandırdıqları nəslin uşaqlığı əzab, xiffət və məhrumiyyətlərdən yoğrulmuşdu. Müstəqillik illərinin ibtidai sinif şagirdləri o illəri heç zaman unuda bilməyəcəkdi.

Qar üstündəki qan izləri. Hələ də qarı görəndə gözümə qan izləri gəlir. Tarixlər. 26 fevral 1992. Bunu da heç zaman unuda bilməyəcəm.

Müharibədən uzaqda böyüsəm də uşaqlıq yaddaşıma, ruhumun albomuna düşən bütün şəkillərdə iki rəng var: Ağ və qırmızı... 20 Yanvarın qərənfilləri, Xocalının qarı... Larisanın qəbri... Televizorda üzünü tük basmış əsgərlər... Şəmistan Əlizamanlının xəbərləri... Soyqırım dəhşətləri... Müharibə ağrıları...

Travma fəlakət demək deyil. Travma mənalandırıla bilmədiyimiz fəlakətdir. Eynən Xocalı kimi... Amma Şuşanın itkisi tamam başqa şey idi. O bizim ürəyimizdəki bütün ümidləri qırıb apardı. Xocalı ilə uşaqlıq, Şuşa ilə gənclik dövrümüz başa çatdı. Biz həyata qoca başladıq. Tale üzümüzə heç gülmədi.

Sovetin “Oxu” kitabında müəllifini bilmədiyim bir şeir “əzabçəkən bəşəriyyətin” harasındasa yaşayan uşaqlardan bəhs edirdi. Ancaq o şeir bizim taleyimizə yazılmışdı, bəlkə də bizim taleyimizi yazmışdı: “Uşaqlar var bu dünyada; Gənc olmadan qocalmışdır”.

Ümidsizlik dəhşətlidir. Ümidsizlik yoluxucudur. Ümidsizlik ağrılıdır. Ümidsizliyimiz Şuşa ilə başlanmışdı. Şuşa ötüb gedən və qayıtması mümkün olmayan bütün şirin xəyalların, böyük arzuların adı idi.

Ancaq mən Şuşaya inanırdım. Onun qayıdacağına... Şuşada Xanın səsinin havalanacağına, Qarabağın şikəstəsinə inanırdım. Bu inam məni heç zaman tərk etməmişdi. Və bizi bir xalq kimi camaat, toyfa olmaqdan qoruyan da bu inam idi.

Ümidsiz yaşamaq mümkün deyil. İncildə deyildiyi kimi insanı ancaq çörək yox, həm də Rəbbin sözləri doyurur. Ümidsizlik təhlükəlidir, qorxuludur. Ümidsiz insan hər şeyə qadirdir. Ən pis şeyləri belə özünə və başqalarına rəva görə bilər. Ümid insanın içindəki uşaqlığı itirməsidir. Müqəddəslik duyğusunun ölməsidir. Şuşa demək də ümid demək idi...

Bəziləri deyir ki, insan məğlub olanda yox məğlubiyyətlə barışanda hər şey bitir. Şairin də dediyi kimi: “Ölmək yox; Təslim olmamaqdır bütün məsələ”. Bəli, biz məğlubiyyətlə heç zaman barışmadıq. Ən pis anlarımızda belə...

Bəziləri isə deyir ki, insan düşməninə bənzəyəndə məğlub olur. Biz də heç zaman erməni faşistləri qədər cani, rəhmsiz, mərhəmətsiz olmadıq.

Şuşa imkansız ola bilərdi, ancaq əsla ümidsiz olmamışdı...

Xarici ölkələrin birində qəfil rastıma çıxan bir erməni Qarabağın ermənilərin olduğunu mənə və məclisdəkilərə səviyyəsiz arqumentləri ilə başa salmağa çalışırdı. Onun söhbəti hamının zəhləsini tökmüşdü və hamı da məndən cavab gözləyirdi. Düz gözünün içinə baxıb bircə cümlə dedim: “Qarabağ bizimdir və onu qaytaracağıq”. Erməni məclisin sonuna qədər susdu. Daha Midiya tarixindən, Urartudan danışmadı. Nəinki böyük, heç kiçik qəhrəmanlıq da etdiyimi düşünmürəm, sadəcə sözlərimdəki qətiyyət onu susdurmuşdu. Şuşanı almışdılar, ancaq ümidimizi ala bilməmişdilər. Əminəm ki, Şuşa zəfəri elan ediləndə o erməni və məclisdə oturan hər kəs mənim sözlərimi xatırlamışdı: “Qarabağ bizimdir və onu qaytaracağıq”.

Mənsublarının əksər hissəsi Qarabağın işğalından sonra doğulan ordumuzun zəfəri də ümiddən doğulmuşdular. Onlar uzaqlarda Şuşa adlı şəhərimizin olduğunu bilirdilər, o şəhərin həsrəti onların ruhlarına iz salmışdı. Qəhrəmancasına həlak olan minlərlə əsgərimizin, zabitimizin ürəyində Şuşa adlı günəş vardı. O günəş onların ürəyini isitmişdi. Çünki zəfərin adı Şuşa idi. Qələbənin adı Şuşa idi. Ümidin adı Şuşa idi. Onlar həlak olsalar belə ümidi ölməyə qoymadılar. Onlar ümidi qorudular, ümidi gerçəkləşdirdilər. Şuşanı azad etməklə ruhumuzu azadlığa çıxartdılar. Ürəyimizə vurulan qandalları açdılar. Onlar qanları ilə bir millət yaratdılar...

Şuşa uğrunda ölən yüzlərlə əsgərin bir çoxu Şuşanı ilk və son dəfə görmüşdü. Ancaq minlərlə əsgərimiz, milyonlarla insanımız son nəfəsləri olsa belə bir dəfə Şuşanın havasını udmağa razı idilər. Ermənilər bunu qana bilməzdi axı...

Ordumuzun zəfərini təhlil edən xarici hərbi ekspertlər bir məqamı vurğulayırdılar: “Zəfərin qazanılmasında Azərbaycan ordusunun döyüş ruhu mühüm rol oynamışdı”. O ruhun adı ümid idi.

Şuşa hər bir hərbçimiz üçün o qədər böyük bir məna kəsb edirdi ki, onun azad edilməsində şəhid düşən hər bir hərbçi gülə-gülə ölümə gedirdi. Şuşanı görmək bir ömrə bədəl olsa da onlar sevinclə bu bədəli ödəmişdilər. “Alovların arasından eşqimizə yollar açmışdılar”. İnanıram ki, hər birinin ruhu şad olduğu kimi məkanları da cənnətdir...

Şuşaya ik addımımı Cıdır düzündə atdım. Hiss etdiyim ilk duyğu fatehlərə ehtiram, minnətdarlıq idi. Ancaq hələ də gördüklərimin gerçək olduğuna inana bilmirdim. Möcüzələr diyarına düşən Alisa kimi yuxudan oyanacağımı düşünürdüm. Ya da “Parisdə gecəyarı” filminin keçmişə, Heminqueylərin, Fitceraldların dövrünə düşən qəhrəmanı kimi bütün bunların bir ilğım olduğundan şübhələnirdim.

Dostumla Topxana meşəsinə baxırdıq və bir anda o hönkürdü. Bu hönkürtü məni sanki yuxudan oyatdı və hər şeyin gerçək olduğunu göstərdi. O göz yaşları ilə mən Şuşasız keçmişimizə sanki vida etdim. Ancaq dostumu sakitləşdirmək əvəzinə onu tək qoyub qarşı tərəfə keçdim. Xankəndi, Şuşakənd buradan yaxşı görünürdü. Ancaq buna baxmayaraq bir qız böyük daşın üstünə çıxmışdı. Çiyinlərinin atılmağından hiss edirdim ki, ağlayır. Uzaqdan şəklini çəkdim. Bir müddət sonra məni fərq etdi, əli ilə Xankəndini göstərib dedi: “Uşaqlığım orada keçib”.

“Paris sindromu” adlanan bir şey var. İllərlə Parisi arzulayan, onu filmlərdən, kitablardan tanıyan turistlər Parisə gəldikdən sonra xəyal qırıqlığına düşürlər. Çünki onların xəyalındakı Paris başqa cürə imiş. Şuşaya gedəndə də ən çox bundan qorxurdum. Qorxurdum ki, Şuşa gözümdə adiləşər, bəsitləşər. Ancaq heç elə olmadı. Əksinə, o xəyallar, o təsəvvürlər cücərərək boy atdı, min bir güllər, çiçəklər, arzular yaratdı.

Mən Şuşaya aşiq oldum....

Düşünürdüm ki, bəlkə Şuşadan həsrətlə danışanlar, xiffətlə yazanlar mübaliğəyə varır. Əksinə... Yazılanlar, deyilənlər gerçəyin kölgəsində qalırmış...

Şuşanın küçələri, yolları, havası, aurası, təbiəti başqa heç bir Azərbaycan şəhərinə bənzəmir. Daha doğrusu həm bənzəyir, həm də bənzəmir. Şuşa başqa şəhərləri də xatırladır, ancaq onlarda olmayan bir şeylər Şuşada var. Bu kiçik şəhərin mənəvi aləmi, mədəni mühiti Azərbaycan mədəniyyətini yaratmışdır. Onun kulturoloji gücünü hansı başqa şəhərlə müqayisə etmək olar ki...

Realnı məktəbin yanından keçdikdə bir zamanlar burada Üzeyir bəyin, Əhməd bəy Ağaoğlunun oxuduğunu xatırlayırsan. Natəvanın dağıdılmış sarayından keçəndə Cəlil Məmmədquluzadənin bura qonaq gəlməyi yadına düşür. Qasım bəy Zakirin Mirzə Fətəlidən aldığı məktubu götürüb bura gəldiyini düşünürsən. Vaqifin məqbərəsində dilinə bu böyük şairin şeirləri gəlir. Şəhərin küçələrində gəzdikdə cüssəli əsgər və polislərimizi gördükdə Süleyman Sani Axundovun “Qorxulu nağılları”nın başa çatdığını dərk edirsən. Şuşa hər daşı, hər budağı hər ləçəyi ilə ruhumuzun yaddaşına hopmuşdur və hər daşı, hər budağı hər ləçəyi ilə bu yaddaşı oyadır...

Məni mən edən hər şeyə sirayət edən yaşantılar ürəyimin dili ilə mənə belə söyləyir: “Bir daha Şuşasız qala bilməyəcəksən. Onun sevgisi daim ürəyində qalacaq. Görəcəyin ən gözəl şəhərləri belə Şuşa qədər əzəmətli olmayacaq”...

Və sanki Şuşa da gözəl bir qadın səsiylə qulağıma pıçıldayırdı: “Sən məni unuda bilməyəcəksən”.

Unutmaq istəyən kim idi ki?!

P.S. Şuşaya səfərimizi təşil edərək bizim üçün ömürlük xatirələr yaradan Medianın İnkişafı Agentliyinə, onun işgüzar əməkdaşlarına təşəkkürü özüm üçün bir borc bilirəm.

P.P.S. Prezident 2022-ci ili “Şuşa İli” elan etdi. “Şuşa İli”miz mübarək olsun!

Qan Turalı

Xəbər lenti