Ukraynada abidəsi qoyulan yeganə azərbaycanlı mer - VİDEO

17:00 05-01-2022 438

2014-cü il iyulun 26-sı səhər saatlarında Kremençuk şəhərində baş verən qətl hadisəsi təkcə Ukraynanı yox, dünya azərbaycanlılarını da sarsıtdı. Öz evinin qarşısında qətlə yetirilən isə bu şəhərin meri, bütün Avropada yeganə azərbaycanlı mer Oleq Babayev idi. Amma nədənsə həmin vaxt bu cinayətin üstü nəinki açılmadı, hətta qısa zamanda hadisənin özü belə unuduldu. 
Oleq Mərdan oğlu Babayev 1965-ci ildə Kursk vilayətində azərbaycanlı ailəsində anadan olub.

Gənc yaşlarından aktiv biznesə atılan Oleq qısa müddətdə Ukraynada biznes elitasında iri səhmlərə sahib olub. 2010-cu ildən öldürülənə qədər Poltava vilayəti Kremençuk şəhərinin meri vəzifəsində çalışıb. 

Oleq Babayev səhər saatlarında zibil atarkən evinin qarşısında öldürülür. Ciddi rezonans doğuran bu hadisə ilə bağlı həmin dövrdə Ukraynada yeni təyin edilmiş erməni əsilli daxili işlər naziri Arsen Avakovun müşaviri Anton Geraşenkonun “Babayev, yəqin ki, mane olduğu şəxslərin qəzəbinə tuş gəlib”, - deyə açıqlama verməsi ciddi müəmma doğurur. 

Vəkili Anatoliy Kononenkonun açıqlamasına görə, Babayevin qətli ilə bağlı cinayət işi ondan 5 ay əvvəl Kremençukda qətlə yetirilən bir hakimin qətli ilə birləşdirilir. 

Məsələ ilə bağlı Ukrayna Baş Prokurorluğuna müraciət etsək də, qurumun sözçüsü Suzanna Savçuk “hazırda iş məhkəmədədir və prokurorluq bu barədə şərh verə bilmir”, - deyərək kamera önünə çıxmaqdan imtina etdi. Şahidlərin bildirdiyinə görə, qətlin sifarişçisi kimi ittiham olunan, media maqnatı Oleksandr Melniklə Oleq Babayev arasında mübahisələr yaşanıb. İddia olunur ki, Babayevin ölümünə də səbəb budur. Amma Babayevin Ukraynada istər biznes sektorunda, istərsə də ictimai-siyasi mühitdə kifayət qədər genişmiqyaslı nüfuzunu nəzərə alaraq bu qətlin sifarişinin Melniklə bitmədiyini düşünənlər də var. O.Babyevin qətlindən az keçməmiş Kremençuk ictimaiyyəti yığışaraq onun rəhbərlik etdiyi şəhərdə abidəsini ucaldır. Hər il onun anım günündə bu abidənin önü insan axını ilə dolub-daşır. O, xaricdə abidəsi ucaldılan yeganə azərbaycanlı merdir. Yerli insanların azərbaycanlı merə sevgisi bu abidə ilə bitmir. Abidənin yerləşdiyi mərkəzi park da Babayevin adınadır. Ölümündən sonra “Kremençuk arena” stadionuna Babayevin adı verilib.

Mərkəzi muzeydə Oleq Babayev sərgisi təşkil olunur, təhsil müəssisələrində hər il xatirəsi anılır. Ən əsası isə böyük qızı Olqa yerli sakinlərin dəstəyi ilə yerli radaya deputat seçilib. Oleq Babayev öldürüləndə böyük qızının 25, kiçiyinin isə 14 yaşı olub. Artıq müəmmalı qətlin üzərindən 7 ildən çox zaman keçir. Onun qızları hələ də atalarının qatilinin tapılmasını və layiqli cəzasını almasını gözləyirlər.

Ətraflı Baku TV-nin süjetini təqdim edirik: