Şəhidin rəssam həyat yoldaşı: “Qızımız atasının doğum günündə dünyaya gəlib” - FOTO

12:00 07-01-2022 91

İstər çıxılmaz bir vəziyyətlə üz-üzə qalanda, istərsə də ən uğurlu bir gündə “Həyatda olsaydı, atam nə cür reaksiya verərdi” sualının müəmmalı sonluğunda cavab axtarışına çıxmaq bütün şəhid övladlarının ortaq bir xüsusiyyətdir.

Bu məqalənin qəhrəmanı Füzuli və Cəbrayıl istiqmatlərində gedən döyüşlərdə şəhid olan Nadir Nadirlinin əllərilə möcüzələr yaradan rəssam həyat yoldaşı Qaratel Nadirli və onun körpə balası Nadiadır. Analıq xoşbəxtliyi ilə sevdiyi insanın ölüm ağrısını eyni anda həm qəlbində, həm də gözlərində daşıyan şəhid xanımının həyatının bütün rənglərinin Nadirlə birlikdə axıb getsə də, körpə balası ona əvvəllər görmədiyi rəngləri açır.

Publika.az cəmi doqquz ay evli olan cütlüyün yarım qalmış sevgi hekayəsini Qaratel xanımın dilindən təqdim edir: 

Bu barədə danışmaq çətindir... Biz əslində eyni universitetdə oxumuşuq, 2009-2013-cü illərdə Bakı Dövlət Universitetinin kimya və biologiya fakültələrinin tələbələri olmuşuq. Ancaq mən Azərbaycan, Nadir isə rus bölməsində oxuyub. Bəlkə də dəfələrlə bir-birimizin yanından keçmişik, qəribədir ki, həyat bizi həmin dövrdə qarşılaşdırmadı. Biz illər sonra - 2016-cı ildə Şəmkirdə tanış olduq. Şəmkirdə şərab zavodunda yeni işə başlamışdım, eyni yerdə işləyirdik. Orada qarşılaşmaq qismət imiş. Həyatın bizə ayrılmış dörd ilini yaşaya bildik... (Səsi tutulur).

Nadir evin nəşəsi idi, çox əyləncəli, mehriban, deyib-gülən, nikbin ruhlu adam idi. Bütün gülüşlərimiz onunla getdi... Nadirin cənazəsi gətiriləndə onu hiss etdim ki, həyatımın rəngləri axıb getdi. Nadia ilə o rənglər yavaş-yavaş qayıdır, solan rənglərimi yenidən canlandırır. Yaxşı ki, Nadia var. Bu gün mübarizə aparıramsa, özümü güclü və mübariz hiss edirəmsə, hamısı Nadia üçündür. Qızım atasına oxşayır, qaşlarının tək tükün istiqaməti belə Nadirdir.

Nadir Gədəbəy qızıl zavodunda işləyirdi, kimyaçı mühəndis idi. Şəhid olanda həyatı çox sorğuladım ki, biz onu qoruya bilmədik, ya qisməti onu müharibəyə apardı? Bir müddət sonra bu qənaətə gəldim ki, şəhidlik Nadirin qisməti imiş, biz bunu yaşamalı idik. Sentyabrın 21-də Nadir çağırış əsasında cəbhəyə yollandı. Nadirdən heç vaxt bu sözü gözləməzdim, onda müharibənin başlayacağından da heç kimin xəbəri yox idi. Evdən çıxmazdan əvvəl məni dönə-dönə qucaqlayıb sarıldı və öpüb dedi ki, birdən gəlmərəm... (Ağlayırıq).

Körpəmizin cinsiyyətini müharibə başladıqdan sonra öyrəndim, telefonla danışanda bu xəbəri verə bildim, qız atası olacağını biləndə güldü və çox sevindi. Başqa bir danışığımızda isə gülərək demişdi ki, birdən mən gəlmərəm, nəsə olsa, qızımın adını adıma uyğun qoy. Ona görə Nadianı Nadirin adına uyğunlaşdırdım. Nadia atasının doğum günündə təbii doğuşla dünyaya gəlib. Baş verən hər bir hadisənin ilahi bir səbəbi var. Nadianın həmin gündə dünyaya gəlməsi qismətimizin davamı idi. Nadirin ruhu qızına çox yaxındır, elə bilirəm ki, böyüdükcə bir çox atalı uşaqdan daha çox atasını hiss edəcək, Nadir daim bizimlədir, buna inanıram.

Nadirdən sonra çox dəyişdim, həyat məni möhkəm olmağa məcbur edir. Bir neçə gündür ki, bunu yaxınlarıma da deyirəm. Əvvəllər daha zərif idimsə, indi güclü və mübarizəm. Nadia böyüyəndə qarşısında güclü və xoşbəxt ana görməlidir. Zəif olmağı hamı bacarır, çətin olan güclü dayanmaqdır. Nadianın varlığı ən gözəl təsəllimdir. Nadirin ana və atasının, elə mənim ailəmin də üzünü güldürən Nadiadır. Şükür ki, bu gün qəlbimizin sevinməyə səbəbi var. Qızımın şıltaqlığı, bir gülüşü, baxışı bütün ailəyə sevinc gətirir.

Nadir bələdçim idi, passiv olduğum zamanlarda belə qabiliyyətimə inanırdı, amma tənbəl olduğumu deyirdi. Köhnə mesajlarımıza baxanda tapdım ki, bir işimə “Sənin gələcəyin gözəldir” yazmışdı. Elə bir vəziyyətə gəldim ki, hərəkətə keçməli, işləməli idim, passiv qala bilməzdim. 

Universitetə hazırlaşmaq mərhələsinə gələndə 4-cü qrupu seçdim, Bakı Dövlət Universitetinin Kimya Fakültəsinə daxil oldum. 4-cü kursda harada olmaq və nə işlə məşğul olmaq istəyim haqqında daha aydın təsəvvürlərim yarandı. Buna baxmayaraq, bəzi dövlət işlərində çalışdım, ancaq bu da məni qane etmədi. Saat 9-dan 6-ya qədər başqalarının xəyalı üçün işləmək yerinə, öz xəyallarımı reallaşdırmaq arzusu daha üstün gəldi. Sonuncu iş yerimdən ayrıldıqdan sonra özümə söz verdim ki, bir daha dövlət işində və ya hər hansı özəl sektorda masabaşı bir iş rejiminə qayıtmayacam. Beləliklə öz işimə başladım, qazansam da, qazanmasam da rəsm çəkmək ruhumu qidalandırırdı. 

Rəsmlə uşaqlıqdan maraqlanıram, bir çox insanlarda çəkmək qabiliyyəti var, əsas çəkmək yox, o ruh halını daşıya bilmək və sevərək yanaşmaqdır. Müəllimim olmayıb. Şəmkirə qayıtdıqdan sonra özümü inkişaf etdirməyə başladım. Hamıdan öyrənmişəm desəm, daha doğru olar. Rəssamların yaradıcılığını izlədim, texnikaları araşdırdım və tədricən özümü inkişaf etdirdim. 

Hazırda daha çox milli naxış və ornamentlərə yönəlmişəm, ümumiyyətlə milli ab-havada olan əsərlər xoşuma gəlir, buna kolleksiya kimi yanaşıram. Azərbaycan tarixində iz qoymuş xanımları önə çıxarmaq, onları gənclərimizə tanıtmaq və yaxud xatırlatmaq qarşıma qoyduğum məqsədlərdən biridir. Azərbaycan tarixinə nəzər salsaq, görərik ki, yetəri qədər iz qoymuş qadınlarımız var. Hansı ki, onlar ilkləri bacarıblar. Köynəyimin üzərində gördüyünüz rəsm də sonuncu Şuşa xanı - Mehdiqulu xanın qızı, Qarabağ xanlığının son varisi Xurşidbanu olub. O, ilk şairə və ilk rəssam xanım olub. Burada onun yaşadığı bölgəyə aid olan milli xalça ornamentlərindən istifadə etmişəm. Məhsəti Gəncəvi də ilk şahmatçı və şairə xanımlarımızdan olub. Xurşidbanu Natavana böyük rəğbət bəsləyirəm. Eyni zamanda Uzun Həsənin anası Sara Xatun diplomatik görüşlərdə ağır çəkisi olan xadimdir. 

Hiss etdiyim, bəyəndiyim rəsm əsərlərimin təkcə kağız üzərində qalmasını istəmirəm. Eyni zamanda məişətə və insanların həyatına daxil olmasını istədim. Əlbəttə ki, hər işin çətinliyi olur, xüsusilə başlanğıc səviyyəsindəsənsə. “GARA” brendimi daha çox insana tanıtmaq üçün mənə zaman lazımdır. 

2016-cı ildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasına daxil olmuşdum, ancaq həmin ildə müəyyən səbəblərdən gedə bilməmişdim. Bu il yenidən iş verdim və qəbul oldum. Ancaq akademiyanın rəftarından sonra getməməyə qərar verdim. Onların münasibətini Nadirin ruhuna hörmətsizlik adlandırıram. Bu barədə çox danışmaq istəmirəm, ola bilər ki, çox həssaslaşmışam, kiçik bir söz, kiçik bir biganəlik belə məni incidə bilir.

Tez-tez yuxularıma gəlir, Nadirin həqiqətən yanımda olduğu, şüuraltımın oyunu olmayan yuxuları seçə bilirəm. Onu həmişəki kimi gülərüz, şən ovqatda və olduğu durumdan razı vəziyyətdə görürəm.

Əvvəllər Nadirin rəsmlərini sevərək çəkirdim, amma indi çox çətindir. Bundan sonra nə zamansa Nadirin fotolarını çəkərəmmi, bilmirəm. Düşünürəm ki, Nadiri rəsm edə bilmərəm artıq, hazırda o gücə sahib deyiləm və onu neqativ enerji ilə çəkmək istəmirəm. 

Xəbər lenti