Ərəb koalisiyası Yəmənin azad edilməsi əməliyyatına başlayıb

01:00 12-01-2022 460

Səudiyyə Ərəbistanının başçılıq etdiyi ərəb koalisiyası çərşənbə axşamı günü üsyançı “Ənsar Allah” (Husi) Yəmən hərəkatının nəzarətində olan ölkə ərazisinin bir hissəsini azad etmək məqsədilə bütün cəbhələrdə genişmiqyaslı hərbi əməliyyata başladığını elan edib.

Bu barədə Yəmənin Şəbva əyalətində mətbuat konfransında çıxış edən alyansın rəsmi nümayəndəsi polkovnik Turki əl-Maliki bildirib.

O qeyd edib ki, hərbi əməliyyat koalisiya tərəfindən “Yəməndə təhlükəsizliyin bərpası məqsədi ilə” həyata keçirilir.

Ərəb koalisiyası nümayəndəsinin sözlərinə görə, “Ənsar Allah” tərəfdarları “ölkədə münaqişənin siyasi həlli prosesinə xələl gətirir və dialoqdan imtina edirlər”. Əl-Maliki qeyd edib ki, koalisiyanın “İranın husilərə hərbi dəstəyinə dair təkzibedilməz sübutları var”.

Yəməndə 2014-cü ilin avqustundan bəri hökumət qüvvələri ilə husilərin silahlı birləşmələri arasında qarşıdurma davam edir. 2015-ci ilin martında Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiyanın ölkəyə hücumu ilə qmünaqişə ən aktiv fazasına daxil olub.

Qarşıdurma dünyanın ən böyük humanitar böhranına səbəb olub. BMT-nin məlumatına görə, hazırda 24 milyondan çox yəmənli - ölkə əhalisinin təxminən 80%-i humanitar yardıma ehtiyac duyur. Məcburi köçkünlərin sayı isə 3 milyonu ötüb.

Mənbə: TASS