Blokda yatan əcnəbi qadın sığınacağa yerləşdirildi

14:00 12-01-2022 453

Özbəkistan vətəndaşı olan qadın sığınacağa yerləşdirilib.

Bu barədə HerGun.Az-a “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova məlumat verib. 

O bildirib ki, qadın ötən gecə sığınacağa gətirilib:

“Qadın iki gün blokda yatdığını bildirib. Özbəkistan vətəndaşını sığınacağa qəbul etdik. Xanım deyir ki, uzun müddət Özbəkistanda vergi xidmətində çalışıb. Biz xanımın yoldaşı ilə də əlaqə saxladıq. Xanımın əri bildirdi ki, yoldaşı ilə yeddi ildir ki boşanıblar. Boşandıqdan sonra xanımına kömək olmaq üçün ev tutub, işə düzəldib. İşə başladıqdan sonra öz-özünə danışdığı, qeyri-adi hərəkətlər etdiyinə görə işdən çıxarılıb. Əri bildirdi ki, yoldaşında son zamanlar şizofreniya əlamətlərini hiss edib. Qadın hələ də vergi orqanında çalışdığını düşünür. Xanım bizə bildirir ki, Bakıya pulunu götürməyə gəlib”.

M.Zeynalova onu da qeyd edib ki, Özbəkistan vətəndaşları ilə bağlı Özbəkistan səfirliyinə zəng etsələr də cavab ala bilməyiblər:

“Dövlət Miqrasiya Xidməti və Özbəkistan Səfirliyindən xahiş edirik ki, xanımı öz ölkəsinə göndərməkdə köməklik göstərsinlər. Xanımın sığınacağımızda qalması təhlükəlidir”.

Könül Cəfərli