SÖZLÜ SEHRLİ DÜNYA XXI

2020-ci ilin ən böyük hadisəsi Qarabağ və ətraf rayonlarımızın erməni işğalından azad olunması oldu. Azərbaycan igidləri 44 gün davam edən Vətən müharibəsində işğalçı ermənistan ordusunu darmadağın edərək ata-baba torpaqlarımızı düşməndən azad etdi. Sliahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin sərkərdəliyi ilə müzəffər Ordumuz düşmən üzərində şanlı qələbə çalaraq yeni tarix yazdı. Qələbə sevinci bütün Türk dünyasının sevincinə səbəb oldu. Bu döyüşlərdən qələbə ilə çıxan Azərbaycanın şanlı ordusu, onun əsgər və zabitlərinin cəsurluğu, qəhrəmanlığı, şücaəti şair və yazıçılarımızı ilhama gətirdi. Yeni-yeni qəhrəmanlıq dastanları yarandı...
Eyni zamanda 2020-ci ildə şair və yazıçılarımız , söz adamları da digən insanlar kimi dünyanın ən dəhşətli CVİD-19 virusu ilə də rastlaşdılar. Allaha çox şükürlər olsun ki, bu virusla mübarizədə dünya xalqları həmrəylik, birlik göstərərək birgə mübarizəyə qalxmışlar. İnşəallah bu düşmənə də qalib gələrik...
Zamanın süzgəcindən keçərək “Sözlü sehrli dünya” ədəbi məclisinin söz adamları 2021-ci ildə növbəti dəfə sizinlə görüşə gəlir, əziz oxucular. Antologiyamızın hər sayında sizlərə yeni şeirlər ərmağan etmişik. Gənc yazarlarla, şair və yazıçılarla sizləri tanış etmişik. Bu yaradıcı insanların yaradıcılıqları ilə, onların söz dünyasına səyahət etmisiniz.
2021-ci ilin dekabr ayı inşəallah, antologiyamızın XXI cildi işıq üzü görəcək. Antologiyamızın XXI sayında da şairlərimizin, yazıçılarımızın qələbə əhval ruhiyəli, lirik şeirlərini, hekayələrini sizlərə təqdim edirik.
Bu sayımızda tanınmış şair və yazıçılardan Elman İsrafiloğlu, Gülxas Səmədli, Giya Paçxataşvili (Gürcüstan), Zöhrə Qaraqızı, Hacı İlham Qurbanoğlu,Müslim Anar (Türkiyə),Famil Hacısoy, Hidayət Ağalar, İsa Zeynaloğlu, Tahir İsmayılov,Əkbər Milli, Raquf Kimsə, Babakişi Beyləqani (Rusiya Federasiyası), Eldar Həsrət,Əlizamin Hüseynli (Qızılbaş),Tahir Hüseyn,Vidadi Hidayət, Binnət Əliyev, Ramilə Atəş, Könül Səssiz, Cezair Cengiz (Türkiyə),Əjdər Əliyev, Sabit Mehdiyev, Arifə Mübarizli, Gülüstan Gəncəli,Eyvaz Avşar, İslam Həsənov, Sona Yaqubqızı, Xıdır Orucoğlu,Əbülfət İmanov,Seyid Qismət, Məmməd Qədirov, Oqtay Mirzəyevin şeirləri, hekayələri və publisistik yazılarına geniş yer ayrılmışdır. Hər bir yazarımıza uğurlar diləyir, müqəddəs sözə daha məsuliyyətlə yanaşmağı tövsiyə edirik. Antologiyamızın bu sayında sözə pənah gətirən bütün şair və yazıçılarımızı təbrik edir, onlara yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.