SÖZÜN RƏSMİN ÇƏKƏN ŞAİR

22:47 06-03-2022 614

 

     Yaşadığımız mürəkkəb, özündə sonsuz sayda möcüzələri sirr olaraq saxlayan bu qoca dünyada elə insanlar var ki, bəzən onlar haqqında düşünəndə, nəsə yazmaq istəyəndə belə, qeyri-iradi olaraq ruhun təzələnir, qəlbin fərəhlə dolur. Uca Allahın yaratmış olduğu belə əməlisaleh bəndələrinin üzündəki ilahi nurdan, düşüncələrindəki təmiz niyyətdən və mənəviyyatındakı paklıqdan onları tanıyanların qəlbinə böyük bir sevinc, sonsuz sevgi payı düşür. Onların əqidəsinə uyğun olaraq tutduğu yol, şərəflə yaşadığı müvəqqəti, qısa ömür yolu, məhz həmin insanların alnına yazılmış ziyalı taleyini müəyyənləşdirir. Belə insanlardan biri də, müasir cəmiyyətimizdə özünəməxsus imzası, fərqli dəst-xətti ilə digər insanlardan ciddi şəkildə seçilən şəxsiyyət, qabaqcıl ziyalı, qəlbi Vətən sevgisi ilə döyünən, bütün ruhu ilə xalqına, dövlətinə bağlı, xeyirxah əməlləri ilə onu sevənlərin qəlbində əsl insan obrazı yaratmağı bacaran, odlar diyarı Azərbaycanımızın, ata-baba yurdumuz olan doğma Beyləqanımızın fəxri, şair, jurnalist və ən əsası isə, etibarlı dost, sadiq sirdaş Elman İsrafiloğludur.

   Elman müəllim haqqında yazmağın, onun həyat və yaradıcılığını Siz əziz oxucuların diqqətinə olduğu kimi çatdırmağın məsuliyyətini dərk edərək, hörmətli ziyalımızı görüşünüzə gəldiyim bu ilk kitabımda bacardığım qədər işıqlandırmağa çalışacağam.

   Elman İsrafiloğlu!. Bu ad, bu imza onu tanıyan insanlar üçün çox tanış və olduqca əzizdir. Hər kəsin sevimlisi olan bu insanın xalqımızın, dövlətimizin xoşbəxt gələcəyi naminə atdığı addımları, göstərdiyi fəaliyyətləri, xoşniyyətli arzuları, ideyaları, amalları və zəngin, məntiqi fikirləri bitib-tükənməzdir, sonsuzdur. Nə onun ruhunda bərqərar olan “ilham dənizi”nin sahili, nə dünyanın bütün gözəlliklərini özündə cəm edən gözlərindən ərşin ənginliyinə, sonsuzluğa doğru uzanıb gedən “xəyal yolu”nun mənzil başı, nə də, qəlbində məskən salan “eşq aləmi”nin heç bir sərhəddi yoxdur. Elman müəllim cəmiyyətimiz üçün yalnız öz uğurları və göstərdiyi fəaliyyətləri ilə örnək sayılmır. Bu insanın ən mühüm özəlliyi onun həyatla təkbaşına mübarizə aparması, şəxsi iradəsi hesabına ayaqda durması və cəmiyyət üçün faydalı ziyalı mövqeyi tutmasındadır. Meydana çıxan çətinliklərə öz gücünə güvənərək sinə gərməsi, halal zəhməti ilə dolanması, məhz onun bütövlükdə cəmiyyətimiz üçün xeyrli, qürur duyulası bir şəxsiyyət ömrü yaşamasına gətirib çıxarmış və kamil bir insan kimi şan-şöhrət qazanmasına səbəb olmuşdur. Vətənpərvərlik, xeyirxahlıq, alicənablıq, səmimiyyət və digər ali insani keyfiyyətlərə sahib olan  Elman müəllim təbii ki, əsl şəxsiyyət kimi xalqımızın qəlbində  ən yüksək mərtəbədə, yalnız xoşbəxt insanların fəth edə biləcəyi bir zirvədədir. Hesab edirəm ki, xalq şairi Fikrət Qocanın “Adi insan” şeirində söylədiyi bu müdrik kəlamlar hər zaman yersiz təriflərdən, özü haqqında danışmaqdan qaçan, bütün ömrünü Vətəni Azərbaycanı bütün dünyada tanıtmağa həsr edən Elman müəllimin timsalında öz doğruluğunu sübut edir və şərəflə yaşamaq yolunu tutmuş bütün insanlar üçün bir həyat devizi olmasını göstərir:

Adi insan olmaq özü böyüklükdür, qardaşım,

Bu adı daşımaq, özü bir insan ömrü üçün böyük yükdür, qardaşım!.

Bəli, bu gün Elman İsrafiloğlu çox şərəfli həyat yaşayır və Uca Rəbbimiz öz sevimli bəndəsinə olduqca zəngin, parlaq, rəngarəng səhifələrlə dolu bir ömür yolunun yolçusu olmaq xoşbəxtliyini nəsib etmişdir. Çağdaş Azərbaycan ədəbiyyatının vuran ürəyi, fitri istedadı ilə poeziyamızda özünəməxsus yer tutan, respublikamızda ədəbi mühitin qorunması və inkişaf etdirilməsi prosesinə ciddi töhfələr verən Elman müəllim sözünü ucuzlaşdırmadan, onun ilahi qüdrətinə söykənib, sadə şair taleyi ilə bax, beləcə, firavan bir ömür yaşayır...

Elman İsrafil oğlu Hüseynov 01 iyul 1961-ci ildə Beyləqan şəhərində sadə, zəhmətkeş bir ailədə dünyaya göz açmışdır. O, hələ gənclik illərindən rayonun ictimai-siyasi tədbirlərində ali təhsilli mütəxəssis kimi daha yaxından iştirak etmiş, aktiv fəaliyyətinə görə digərlərindən çox fərqlənmişdir. Elman müəllim 1993-cü ildən hal-hazıra kimi, “Quruluş” qəzetinin təsisçisi və baş redaktorudur. O, həmin ildən etibarən Beyləqan rayon İcra Hakimiyyətinin mətbu orqanı olan “Mil”, bu gün isə, “Beyləqan” adı ilə fəaliyyət göstərən qəzetə 18 il rəhbərlik etmişdir. Beyləqan ədəbi mühitini formalaşdıran Elman müəllim, “Sözlü-sehrli dünya” ədəbi məclisinin təsisçisi və sədridir. 2021-ci ildə “Sözlü-sehrli dünya” antologiyasının 20-ci cildi işıq üzü görüb. Bu antologiyada ölkəmizin şair, yazıçıları ilə yanaşı, qardaş Türkiyə Cümhuriyyəti, Rusiya Federasiyası, İran İslam Respublikası, Gürcüstan Respublikası və digər dövlətlərdə yaşayan şair, yazıçıların da əsərlərinə geniş yer verilib.

15 şeir, 9 publisist kitabların müəllifi olan Elman müəllimin respublikamızın dövrü mətbuatında – çoxsaylı qəzet-jurnallarında şeir və məqalələri dərc olunub. “Dahi rəhbər Heydər Əliyevə ümumxalq məhəbbəti”, “Hardan gəlib, hara gedir bu dünya”, “Mən bir söz ağacıyam”, “Rəngli nöqtələr”, “Üfüq gözlərimin dayanacağı”, “Əriyir ömrümün şamı”, “Ürəyimdən yollar keçir”, “Yaxşılar unudulmur”, “Seyid Tapı ocağı”, “Seyid Əzizağa”, “Bir dünya məhəbbət, bir dünya həsrət”, “XXI əsr istedadlar sorağında” 1-2 cild, “İslamın böyük övliyası”, “Sözlü-sehirli dünya” 1-20 cild və digər kitablar müəllifi olan şairin qəlbi sirrlərlə dolu böyük bir söz xəzinəsidir.  Şairin “Buludların göz yaşı” adlı ilk şeir kitabı gürcü şairi Giya Paçxataşvili tərəfindən rus dilinə tərcümə edilərək, rusdilli oxuculara təqdim edilmişdir. Hal-hazırda “Ay işığına gedən yol” adlı şeir kitabı da rus dilinə tərcümə edilir və yaxın zamanlarda çap edilərək, rusdilli oxucuların ixtiyarına veriləcək.

Elman İsrafiloğlunun “Ürəyimdən yollar keçir” adlı şeirlər kitabında yer alan “Azərbaycanım” şeirində şairin öz doğma Vətəninə olan sonsuz sevgisini görmək olar:

 

Bu dünyada, yurdum, elim-obam var,

İnsanları nurlu, gözəl, bəxtiyar.

Ölkələr içində sevimli diyar.

Odlar diyarımdır, Azərbaycanım!

 

Yayılıb şöhrəti, səsi, sorağı,

Dünyaya nur səpir yurdun çırağı.

Mənə candan əziz Vətən torpağı,

Odlar diyarımdır, Azərbaycanım!

 

 Hər zaman olduğu kimi, bu gün də Elman müəllim Azərbaycan dövlətçiliyinə sadiq bir şəxs kimi Ulu Öndər Heydər Əliyevin işıqlı, zəngin həyat yolunu və bu yolu qətiyyətlə davam etdirən Prezidentimiz, cənab İlham Əliyevin uğurlu daxili və xarici siyasətini qətiyyətlə dəstəkləyir.  O, respublikamızın ictimai-siyasi həyatında yaxından iştirak edir, vətənpərvər, mübariz gənc nəslin yetişməsində öz töhfəsini verir, dinamik inkişaf edən ölkəmizin gələcəyi naminə var qüvvəsini, bilik və bacarığınıı əsirgəmir. Elman müəllimin şərəfli, məhsuldar ömür yolu, mənəvi saflığı və vətəndaş mövqeyi cəmiyyətimiz üçün bir nümunə, bir məktəbidir. Xalqımız xoşbəxt bir xalqdır ki, onun ürəyi, ruhu daim Azərbaycan sevgisi ilə yaşayan Elman İsrafiloğlu kimi əsl ziyalısı var.

    Elman İsrafiloğlu “Rəngli nöqtələr” adlı şeirlər kitabında yer alan “Yaşa Heydər-Azərbaycan” şeirində Ümummilli Lider, möhtərəm Heydər Əliyevə, eləcə də, hal-hazırki Siyasi Rəhbərimiz, cənab İlham Əliyevə olan hörmət və ehtiramını özünəməxsus formada ifadə etmişdir:

 

Ömür yolu  nəsillərə xoş gün üçün örnək olub,

O, hər zaman  Vətəninə, millətinə gərək olub.

Bu torpağa, ürəyində sevgi olub, istək olub,

Azərbaycan deyəndə biz , Heydər deyək hər birimiz,

Yaşa Heydər-Azərbaycan, artır gün-gün qüdrətimiz!

 

Sən xalqımın xilaskarı, dövlətimin  memarısan,

Xalqın sonsuz məhəbbətin, Sən əbədi qazanmısan.

Bir günəşsən yer üzündə, zirvələrdə dayanmısan,

Azərbaycan deyəndə biz , Heydər deyək hər birimiz,

Yaşa Heydər-Azərbaycan, artır gün-gün qüdrətimiz!

 

“İlhamla  irəli, irəli gedək” şeirində şair Azərbaycanın dünyaya inteqrasiya etməsində, güclənib, qüdrətlənməsində Prezident İlham Əliyevin əvəzolunmaz xidmətlərindən söz açır:

 

İlhamdır  yurdumun  mərd qəhrəmanı,

Dünyaya tanıdır  Azərbaycanı.

Vətənlə döyünür ürəyi, canı,

İlhamla irəli, irəli gedək!

 

Xalqın inamını qazanıb İlham,

Sərkərdə tək öndə  dayanıb İlham.

Yurdda xariqələr yaradıb İlham,

İlhamla irəli, irəli gedək!

 

Onu da vuğrulamağım yerinə düşərdi ki, bu günə qədər Elman İsrafiloğlunun yazdığı şeirlərə 50 mahnı bəstələnib. Bəstəkar Zülfi Quliyevin nota aldığı bu mahnılar dəfələrlə televiziyalarda, el şənliklərində, Beyləqan rayonunda keçirilən tədbirlərdə və digər yerlərdə səsləndirilir. O, həmçinin, hergun.az saytının  rəhbəridir. Prezident təqaüdçüsü,Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. ”Qızıl Qələm”, “Azad Qələm”, “İti Qələm” və çox sayda digər media mükafatları laureatıdır. 30 ilə yaxın bir müddət ərzində jurnalist fəaliyyəti ilə məşğul olan Elman müəllim, Azərbaycan Jurnalistlər Birliyinin təsis etdiyi “Həsən bəy Zərdabi” adına mükafata və çox sayda diplomlara layiq görülmüşdür. Bütün bunlardan başqa, Elman müəllim peşəkar bir jurnalist kimi, beynəlxalq tədbirlərdə iştirak etmiş, diplom və sertifikatlara layiq görülmüşdür.

Elman müəllim müxtəlif vaxtlarda respublikamızda fəaliyyət göstərən “Azərbaycan gəncləri”, “Ədəbiyyat”, “Ədalət”, “İki sahil”, “Həkəri”, “Müstəqil Respublika”, “Respublika”, “Yurddaş”, “Zənbur”, “Azərbaycan gəncliyi”, “Mil”, “Beyləqan”, “Quruluş”, “Yeni Lider”, “Yeni xilaskar”, “Qarabağın göz yaşları”, “Dəryaz”, “Sərbəst düşüncə”, “Güzgü” və s. qəzetlərində, “Mədəniyyət”, “Kirpi”, “Zolotoy pero” və s. jurnallarında şeirləri, məqalələri dərc edilmiş, dəfələrlə “Arb”, “El tv”, “Kəpəz tv”, “Atv”, “Xəzər tv” və digər televiziyalarda çıxış etmişdir. Ardıcıl olaraq, “Xəzinə”, “İncəsənət”, “Bu səhər”, “Mən qadınam” və digər verilişlərdə iştirak edərək, şeirləri, mahnıları ilə poeziyasevərlərin qonağı olmuşdur. Bütün bunlardan başqa, Elman İsrafiloğlu Azərbaycan Dövlət radiosunda Milli Qəhrəmanlarımızla bağlı dəfələrlə çıxış etmişdir. Hal-hazırda şairimizin hərbi-vətənpərvərlik ruhunda yazılmış şeir və məqalələri fəaliyyət göstərən ən nüfuzlu sosial şəbəkələrdə müntəzəm olaraq yayımlanır.

Elman İsrafiloğlu yaradıcılığına yetərincə bələd olmaq üçün, hər şeydən əvvəl, onu bir şəxsiyyət kimi tanımaq çox vacibdir. O, doğma Azərbaycanımızı canından əziz tutan, Vətəninə olan sevgisini təkcə sözdə deyil, öz əməlində də sübuta yetirən vətənpərvər insan, başqalarına nümunə ola biləcək güclü bir şəxsiyyətdir. Əlbəttə ki, vətənpərvər şair olmaq üçün ilk növbədə vətənpərvər insan olmaq lazımdır. Onu tanıyanlar çox gözəl bilir ki, Elman müəllimin vətənpərvərlik duyğusu, Vətən sevgisi və dövlətinə olan məhəbbəti sonsuzdur. Ən böyük sevgisi Vətən sevgisi olan vətənpərvər şair, məhz buna görə özünü dünyanın çox xoşbəxt insanı sayır. Elman müəllimin əqidəsi səmimiyyətdən, ruhu Vətənə məhəbbətdən güc alır. Onun şəxsiyyətinə qiymət verəcək meyar kimi  təkcə vətəninə, millətinə və dövlətinə xidmət yolunu götürsək, o zaman gözəl ürəkli şairimizin kimliyi hər kəsə açıq-aydın görünəcəkdir. Böyük fəxarət hissi ilə deyə bilərəm ki, vətənpərvərlik mövzusu gözəllik vurğunu olan şairimizin yaradıcılığının ana xəttini təşkil edir.  Elman İsrafiloğlu əsl vətəndaş kimi öz Vətəninə, xalqına və el-obasına qırılmaz tellərlə, bütün vücudu, sarsılmaz vüqarı ilə bağlıdır. Milli mənlik şüurumuzun, vətənpərvərlik duyğumuzın, mənəvi-əxlaqi dəyərlərimizin inkişafına öz müsbət təsirini göstərən Elman İsrafiloğlu poeziyası bu baxımdan təkrarsız və alqışlara layiqdir. Şairin bu ruhda yazdığı şeirləri oxuyan hər bir kəsdə millətinə, vətəninə məhəbbət hissi yaranır və belə şeirlər onlarda milli mənlik şüurunun formalaşmasında əvəzsiz rol oynayır. Elman İsrafiloğlu elə ilk şerlərindən orijinal bir üsluba, özünəməxsus poetik deyim tərzinə malik olduğunu və ən əsası, hər hansı bir hadisəyə şair münasibətini ideya müstəvisinə qaldırmaq bacarığına malik olduğunu özünəməxsus bir şəkildə təsdiq edib. O, öz yaradıcılığı ilə bədii fikrimizin zənginləşməsində mühüm rol oynayıb. Azərbaycan poeziyasında vətəndaşlıq ruhunun yüksəlməsində Elman İsrafiloğlunun  müstəsna xidmətləri vardır. Heç şübhəsiz ki, bu əsərlər, məhz xalqımızın milli ruhuna daha yaxın, daha doğma olduğu üçün oxucular tərəfindən sevə-sevə oxunur və yüksək qiymətləndirilir.

Möhtəşəm ürəyə sahib olan, yalnız müqəddəs ideyalarla xalqına, dövlətinə yorulmadan xidmət etməyi özünə həyat yolu seçmiş Elman müəllim doğma Azərbaycanı and yeri, qibləgahı olaraq qəbul etmişdir. O, özünü bütöv, müstəqil Azərbaycanın milli şairi kimi təsdiq etmiş, bütün fəaliyyətini milli-mənəvi dəyərlərimizin qorunması işinə həsr etmişdir və məhz, bu fədəkarlığına görə də, əziz xalqının sonsuz sevgisini qazanmağa  müvəffəq olmuşdur. Doğrudan da, Elman İsrafiloğlunun düşüncəsinə görə, xalqa xidmət, dövlətə sədaqət əsl şəxsiyyət kimi özünü təsdiq edən hər bir vətəndaşın ən mühüm işi olmalıdır. Bu düşüncəyə məntiqi baxımdan yanaşdıqda həqiqətən də, vətənpərvər insanı səciyyələndirən, onu dünyanın ən ali varlığına, zinətinə çevirən ən ülvi keyfiyyətin də, elə, məhz Vətənə olan sədaqəti, etibarıdır. Elman müəllimin timsalında, yaşadığı zamandan, məkandan asılı olmayaraq daxilində baş qaldıran, bitib-tükənməyən ilahi nura, onu çağıran haqq səsinə və şair ruhunun müşayiəti ilə nəhayətsiz uzanan fikir yolunun işığına doğru üz tutan, daim haqq-ədaləti, düzgünlüyü özünə həyat amalı seçən insanlar hər kəs tərəfindən hörmətlə qarşılanır, sevilirlər. Bəli, bax, bu ömür əsl insan ömrüdür, vətən üçün, xalq üçün yaşanan sadə bir insan ömrü!.

Bəzən Vətənə layiqli vətəndaş olmağın, bir sözlə, vətənpərvərliyin mahiyyətini, üzərimizə düşən məsuliyyəti dərk edə bilmir və ya bu məsələnin mahiyyətinə tam vara bilmirik. Bir çoxumuz vətənpərvərliyi təkcə əldə silah ön cəbhədə düşmənlə üz-üzə dayanıb, döyüşməkdə görürük, ancaq bu, heç də  belə deyil. Əslində, vətənpərvər, doğma Vətənini canından çox sevən hər hansı bir müəllim, həkim, jurnalist, yazıçı, şair və digər sahənin mütəxəssisi olan insanların öz peşəsi ilə dövlətinə, xalqına sidq-ürəklə xidmət etməsinin özü belə, əsl vətəndaş mövqeyinin göstəricisi, vətənpərvərliyin əsl nümunəsi deməkdir. Elman İsrafiloğlu imzası istənilən məsələyə, hər şeydən əvvəl, vətəndaş mövqeyindən yanaşır, dövlətçilik maraqlarını öndə tutur və beləliklə, xoşməramlı əməllərini ən yüksək vətənpərvərlik mədəniyyəti ilə nümayiş etdirir. İstedadlı şairlə ünsiyyətdə olduqca, onun üzündə doğmayurduna, xalqına, dilinə sədaqətin, ruhunda isə, müqəddəs dininə məhəbbətin, ifadəsini aşkar şəkildə görmək mümkündür. O, kövrək qəlbindəki saf duyğuları, ən ali hissləri və qırılmaz sevgi bağları ilə Ana Vətənimiz Azərbaycana çox bağlıdır. Biz bu sevginin Elman İsrafiloğlunun çoxşaxəli yaradıcılığında, onun poetik düşüncələrində və yaşadığı ömür payında açıq-aşkar görürük.

  Bildiyimiz kimi, 27 sentyabr 2020-ci ildə 44 gün davam edən və müstəqil Azərbaycan dövlətinin tarixinə, yeni qəhrəmanlıq salnaməsi kimi həkk edilən Vətən  müharibəsi başladı.  "Dəmir yumruq” əməliyyatı adı ilə baş vermiş bu savaşda  Azərbaycan əsgərinin hər biri öz şücaəti, göstərdiyi qəhrəmanlığı ilə xalqımıza sevinc gətirən möhtəşəm Qələbə dastanını yazdı. Bu da bir tarixi faktdır ki, son 200 ildə ilk dəfədir ki, erməni işğalçıları Azərbaycana məxsus tor­paqlardan rüsvayçılıqla, ömür boyu yaddaşlardan silinməyəcək rəzil vəziyyətdə qovuldu. Erməni təcavüzkarlarının Azərbaycanın tarixi torpaqlarından qeyd-şərtsiz çıxarılması və 1 milyondan çox qaçqınımızın doğma yurd-yuvalarına qaytarılması Azərbaycan Respublikasının Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı, cənab İlham Əliyevin yürütdüyü siyasətin aparıcı xətti, üzərinə düşən ən başlıca vəzifə idi. Təbii ki, ölkə başçısı öz müdrik, qətiyyətli və cəsarətli siyasəti ilə öz doğma xalqını tarixi qələbəyə qovuşdurdu və işğal dövründə Azərbaycan dövlətinin Qarabağla bağ­lı siyasətində bir addım da olsa belə geri çəkilməsinə imkan vermədi. İstər Ulu Öndər Heydər Əliyevin hakimiyyətdə olduğu dövrdə, istərsə də, Prezidentimiz, cənab İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi bu illər ərzində aparılan siyasət öz bəhrəsini verdi, tor­paqlarımız işğaldan azad olundu. Dünya bu gün müasir inkişafın Azərbaycan modeli ilə maraqlanır. Şübhəsiz ki, bu modelin müəllifi dövlətimizin başçısı, cənab İlham Əliyevdir. Bu gün də doğma xalqının parlaq gələcəyinə hesablanmış müdrik islahatlar həyata keçirən böyük dövlət xadimi inkişafın bütün sahələrini əhatə edən zəfər yürüşü uğurla davam edir. Heç kimə sirr deyil ki, bütün ordular müdrik, qətiyyətli və qorxmaz sərkərdələri olduqda qalib gəlir. 44 günlük Vətən müharibəsində doğma Vətən naminə mübarizə aparan Azərbaycan igidlərinə müdrik, qətiyyətli və rəşadətli sərkərdə, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı, cənab İlham Əliyev bilavasitə özü başçılıq edirdi. Məhz bizə bu möhtəşəm qələbəni, hədsiz qüruru, sevinci, böyük xoşbəxtliyi Ali Baş Komandanın qətiyyəti, siyasi iradəsi, müzəffər Ordumuzun şücaəti, qəhrəmanlığı, qorxmaz, cəsur əsgərlərimizin canı, müqəddəs, ölməz şəhidlərimizin qanı, xalqımızın sarsılmaz birliyi bəxş etdi. Artıq, güclü xalq, güclü dövlət və güclü lider vəhdəti müstəqil Azərbaycanın əsas simvoluna çevrilib.

Özünü Vətənə sipər edib qurban verən, bayrağımızı zirvələrdə dalğalandırmaq naminə bizi zəfərlə müjdələyən şəhidlərimiz, qəhrəman qazilərimiz, qorxmaz əsgərlərimiz bu haqq işində öz siyasi və hərbi rəhbərinin öz müqəddəs məqsədinə çatmasına bilavasitə yardımçı oldu. Bu, hər birimizin canlı şahidi olduğumuz tarixi fakt, inkarolunmaz bir həqiqətdir!.

Xalq bu müharibədə öz rəhbərinə – Prezidentinə, Ordusu­nun sərkərdəsinə inandı, onun və Vətən torpaqları naminə çarpışan ordunun arxasında durdu və nəticə etibarı ilə müharibədən qalib xalq kimi çıxdı. Məğrur xalqımız, qorxmaz hərbi qulluqçularımız və Müzəffər Ali Baş Komandan, cənab İlham Əliyev tariximizə Qarabağın xilaskarları kimi daxil oldular.Bu amil, dövlətimizin inkişaf tarixinə olduqca müsbət təsir göstərəcək və gələcək nəsillərimizin uğurla fəaliyyət göstərməsinə güclü bir stimul verəcəkdir. Xalqımızın illərdir ki, davam edən torpaq-yurd nisgilinə, insanların bu fonda yaranan əzab-əziyyətinə, qaçqın və köçkün vətəndaşlarımızın Vətən həsrətinə son qoyulub, 30 ildir ki, Qarabağ torpaqlarında pozulmuş tarixi ədalət bərpa olunub. Azərbaycanda bundan böyük və bundan daha sevincli hadisə nə ola bilər ki?!. Bu hadisə xalqımız üçün dastanlara çevriləcək milli rəşadət nümunəsidir və zaman-zaman Azərbaycan tarixinə mütləq şəkildə əbədi həkk olunacaq, hər bir azərbaycanlının milli yaddaşında silinməz izlər buraxacaqdır. Ali Baş Komandan, cənab İlham Əliyevin “Qarabağ Azərbaycandır!” deyimi ilə Qarabağ uğrunda “İrəli!” əmrinə milyonlarla insan bir nəfər kimi səs verdi və işğal altında olan tarixi torpaqlarımızın azad olunması uğrunda mübarizəyə qalxdı. Bu savaş hər bir azərbaycanlı üçün Vətən müharibəsi idi.

Çox dəyərli qələm sahibi olan Elman İsrafiloğlu da, bu böyük Zəfəri qədirbilən xalqımıza yaşadan qəhrəmanlar haqqında  aşağıda göstərilən şeirlərində fikirlərini bildirmişdir.

“Qəhrəman oğullar, igid oğullar” şeirində deyir:

 

Haqqa sığınaraq, haqq söz deyərək,

Keçilməz yollardan keçdilər ər tək.

Bir tarix yazdılar qalib gələrək,

Qəhrəman oğullar, igid oğullar!

 

Dəmir yumruq kimi, zərbələr vurdu,

Vətən keşiyində mərdanə durdu.

Düşməni yurdumdan it kimi qovdu,

Qəhrəman oğullar, igid oğullar!

 

    44 günlük vətən müharibəsinə aid  çoxlu şeirlər ərsəyə gətirən Elman İsrafiloğlunun bu şeirlərində vətənpərvərlik, igid döyüşçülərimizin, şücaəti, şəhidlərimizə aid  şeirləri oxucuda  böyük təəssürat yaradır . Onun  “Şəhidlər”, “Tanrı yanındadır sizin yeriniz”, “Ali Baş Komandan zəfər  bizimdir”, “Qarabağ Azərbaycandır”, “Zəfərin mübarək Azərbaycanım”, “Bütün Türklər qohumdurlar” və başqa şeirləri bu qəblibdəndir.

   Xalqımızın, dövlətimizin xoş gələcəyi naminə durmadan çalışan, ömrünü onun inkişafına sərf edən, elimizin  yüksək intellektə, tükənməz enerjiyə malik vətənpərvər ziyalısı olan Elman İsrafiloğlu da, 44 günlük Vətən Müharibəsi zamanı, həmişə olduğu kimi yenə də xalqın, eləcə də, bütün beyləqanlıların yanında oldu və arxa cəbhədə göstərdiyi xüsusi xidmətlərlə, qazandığımız bu möhtəşəm qələbəyə o da öz töhfəsini verdi. Məlumdur ki, Ordumuzun və digər dövlət qurumlarımızın müharibəyə ciddi və məsuliyyətli şəkildə kökləndikləri kimi, kütləvi informasiya vasitələrinin fədakar nümayəndəsi olaraq, Elman müəllim də bu səfərbərliyə adekvat yanaşma ortaya qoydu. O, ön cəbhədə baş verən müharibə həqiqətlərini vətəcavüzkar Ermənistanın hərbi birləşmələri tərəfindən mülki vətəndaşlarımızın qadağan edilmiş kasetli raket atəşinə tutulması nəticəsində Bakı, Gəncə, Mingəçevir, Bərdə, Ağcabədi, Beyləqan və digər ərazilərimizdə baş verən terror hadisələrini bütün dünyaya olduğu kimi çatdırmaqla Ermənistanın əsl üzünü beynəlxalq ictimaiyyətə göstərdi.Elman müəllimistər 2016-cı ilin aprel ayında tariximizə “4 günlük müharibə” kimi daxil olmuş məlum aprel döyüşləri zamanı, istərsə də, 2020-ci ilin iyul ayında Tovuz rayonunda – Azərbaycan Respublikası ilə Ermənistan Respublikasının dövlət sərhədində yaşanmış olan gərginlik vaxtı və Ermənistan Respublikasının ordu birləşmələri tərəfindən atəşkəsin pozulduğu daha əvvəlki illərdə media təmsilçisi olaraq, bütün varlığı ilə Azərbaycanın haqq səsini ciddi şəkildə dünyaya bəyan edirdi. Böyük fəxarət hissi ilə deyə bilərik ki, Elman İsrafiloğlu bir media nümayəndəsi kimi kifayət qədər yüksək səviyyədə, həm cəbhə xəttində, həm də arxa cəbhədə baş verən hadisələri çox çətin informasiya müharibəsində geniş şəkildə işıqlandıraraq cəmiyyətimizə öz töhfəsini verməyi bacardı.Sevimli jurnalistimiz həqiqətən də, o dönəmlərdə səhhətində ciddi problemlərin olduğu bir zamanlarda gecə-gündüz bilmədən, usanmadan çalışdı, xalqımız üçün, dövlətimiz üçün öz əməyini əsirgəmədi.O, əlindən gələni etdi ki, dünya qlobal səviyyədə Azərbaycan həqiqətlərini eşidə bilsin. Elman İsrafiloğlu üzərinə düşənlərin öhdəsindən layiqincə gələ bildi. O, həm məlum münaqişənin tarixi, həm hazırkı vəziyyəti və həm də Azərbaycanın real mövqeyi ilə bağlı kifayət qədər tutarlı arqumentlərlə silahlandı və əlbəttə ki, peşəkar jurnalistimiz, məhz bu ruhda informasiya müharibəsində iştirak etdi. Elman İsrafiloğlu Azərbaycan həqiqətlərini istər yerli, istərsə də beynəlxalq ictimaiyyətə düzgün çatdırmaq məqsədilə məsələni ustalıqla işıqlandırdı və bu proses bu gün də davam edir.

Elman İsrafiloğlu müqəddəs şəhidlərimizə həsr etdiyi “Şəhidliyə gedən yol” adlı şeirində, qeyrətli Vətən övladlarına olan məhəbbətini açıq-aşkar şəkildə bildirmişdir:

 

Şəhidliyə gedən yol,

Qəhrəmanlıq yoludur.

Yurdun hər bir şəhidi,

Vətənin mərd oğludur.

 

Şəhidliyə gedən yol,

Hər bir yoldan çətindir.

Vətən bizim and yerimiz,

Qəlbimiz Vətənədir.

 

Şəhidliyə gedən yol,

Hüdudsuzdur, səddsizdir.

Bu yol əbədiyyətə,

Açılan cığır, izdir.

 

Onu yaxından tanıyanlar çox yaxşı bilir ki, Elman müəllim üçün Vətən uğrunda şəhid olmuş qəhrəmanlarımız, onların ailə üzvləri və qazilər olduqca əzizdir. Hər zaman onların yanında olmaq, diqqət, qayğı göstərmək və qulluğunda durmaq onun mənəvi borcu, qürur duyduğu, vicdanının rahatçılıq tapdığı ən gözəl iş, məhz şairin sevgi ilə dolu olan bir həyat fəlsəfəsidir. İstər baş verən müharibələr dönəmində, istərsə də indi, Elman müəllim hər zaman hərbi qulluqçuların və onların ailə üzvlərinin yanında olub, çətin vaxtlarında həmin şəxslərə bacardığı qədər köməklik göstərməyə çalışıb. Keçirdiyimiz həmin o çətin günlərdə, hörmətli şairimiz bütün şəhidlərimizin dəfn mərasimində və yas məclislərində şəxsən iştirak etmiş, xalqımıza olan ehtiramını bu cür bildirmişdir. O, hal-hazırda şəhidlərimizin təbliğini, onların doğum günlərini, anım günlərini kütləvi informasiya vasitələri, dövrü mətbuat, televiziya və digər köməkçi vasitələrlə həyata keçirir. Əziz beyləqanlılar kimi, mən də bütün bu olanların canlı şahidi və birbaşa iştirakçısıyam.

Elman İsrafiloğlu poeziyasına daha diqqətlə nəzər salsaq, mütləq şəkildə qürur yerimiz olan müqəddəs şəhidlərimizi böyüdüb, boya-başa çatdıran analara, atalara xüsusi yer verildiyini, onlara verilən dəyəri görə bilərik.

    Belə ki, şairin“Üfüq gözlərimin dayanacağı” adlı şeirlər kitabında “Başını uca tut şəhid anası” şeirində bu qeyd edilənlərin şahidi olmaq mümkündür.

 

Şəhidlik haqq yolda ölmək deməkdir,

Şəhidlik ən uca məslək deməkdir.

Şəhidlik göylərdə şimşək deməkdir,

Başını uca tut şəhid anası.

 

Ağlama  düşmənlər sevinə bilər,

Kədərdən, qüssədən qəddin əyilər.

Hönkürmə, şəhidin ruhu inciyər,

Başını uca tut şəhid anası.

 

Və ya

“Qəhrəman anasan, şəhid anası “ şeirində deyir:

 

Başını uca tut,qururla dayan ,

Bir oğul doğubsan, igid , qəhrəman.

Oğlunla fəxr edir, can Azərbaycan!

Ucadan ucasan, şəhid anası,

Qəhrəman anasan, şəhid anası!

 

Vətən tək, bayraq tək müqəddəssən, sən,

Ən uca, ən uca zirvədəsən, sən.

Qəhrəman oğlun tək əbədisən, sən,

Ucadan ucasan, şəhid anası,

Qəhrəman anasan, şəhid anası!

 

Həmişə olduğu kimi, bu gün də Elman müəllimlə birgə torpaqlarımızın azadlığı, dövlətimizin müstəqilliyi uğrunda şəhid olan hərbçilərimizin doğum və anım günlərində onların ailə üzvlərini ziyarət edir, müqəddəs ruhlarına dualar  oxuyur, eləcə də, igid qazilərimizin, veteranlarımızın qarşılaşdığı çətinliklərin aradan qaldırılması üçün müvafiq addımlar atır, lazımi qurumlara rəsmi müraciətlər edirik. Nəzərinizə çatdırmaq istəyirəm ki, Elman müəllim, Azərbaycan Respublikası Şəhid Ailələrinə “Qayğı” Cəmiyyətinin Beyləqan rayon şöbəsinin mətbuat xidmətinin rəhbəridir. O, üzərinə düşən vəzifənin öhdəsindən layiqincə gəlir və bu şərəfli yolda əzmlə çalışır. Həmçinin, sevimli şairimiz cəmiyyətimizin üzvləri ilə birlikdə mütəmadi olaraq tədbirlərdə iştirak edir və əldə etdiyi bütün məlumatları televiziya kanallarında, dövrü mətbuatda, sosial mediada və sosial şəbəkələrdə geniş şəkildə işıqlandırır.

Çox hörmətli oxucular, bildirmək istəyirəm ki, hal-hazırda Elman müəllimlə mən, birlikdə müəllifi olacağımız 1-ci və 2-ci Qarabağ şavaşında şəhid və qazi adını daşıyan beyləqanlı qəhrəman hərbçilərimizə həsr etdiyimiz kitabları yazır və tez biz zamanda Siz əziz oxucularımızın diqqətinə çatdırmaq üçün gecə-gündüz çalışırıq.

Zənnimcə, bir ömür boyu yaddaşlarda yaşamaq, elə əbədi həyat qazanmaq deməkdir. Hərbi qulluqçular silahı ilə xalqına xidmət etdiyi kimi, şairlər, söz adamları da, öz  qələmləri ilə xalqına təmiz vicdanla xidmət göstərirlər. Bu baxımdan, ləyaqətli insan ömrü yaşayan Elman İsrafiloğlunu nə qarışıq mühit, nə törətdiyi çoxsaylı fəlakətlərlə dolu olan çətin dövr, nə də ki, sürətlə ötüb keçən zaman dəyişdirə bilmədi. Şair, demək olar ki, bütün əsərlərində Vətən, ana məhəbbəti, saf sevgi, gözəllik kimi bəşəri dəyərləri gözəl bir şəkildə ifadə etməklə, sonu görünməyən söz zirvəsində özünəməxsus yeri tuta bilmişdir. Öz xalqının içində olan, yurdcanlı şairin əsas amalı, həyatının ən ümdə qayəsi Vətənə məhəbbətin, mənəvi-əxlaqi zənginliklərin təbiət gözəllikləri ilə vəhdət təşkil etməsindən zövq almaqdan ibarət olub. O, xalqımızın çox zəngin bədii irsinə əsaslanan, poetik təfəkkürünü, etnoqrafik yaddaşını özündə geniş şəkildə əks etdirən çox dəyərli əsərlər yazmaqla, xalq sevgisini qazanmış xoşbəxt bir sənətkardır.

Elman İsrafiloğlu poeziyasında səmimi,  canlı dili ilə seçilən əsərlərində Uca Allahın mübarək kəlamları dilə gəlir və İlahi sevginin, şirin həyatın, gözəl təbiətin xoş nəfəsi duyulur. Dilimizin poetik imkanlarından məharətlə bəhrələnən şair fəlsəfi məzmunlu lirikanın gözəl nümunələrini yaratmağa nail olub.  Belə nümunələri saymaqla qurtaran deyil:

Sənin ürəyini  oxumaq üçün,

Sənin gözlərinə abunəçiyəm.

“Sənin gözlərinə abunəçiyəm”

***

Gedirəm, gedirəm  əbədiyyətə,

Mən ki, bu dünyanın adıamı deyləm.

Qaranlıq gecənin köksündən keçən,

Zülmətə nur səpən işıq seliyəm.

“İşiq seliyəm”

***

Sözlərim rəsmimi çəkdi,

Buz tək soyuq  baş daşıma.

Ömrümün söz  yorğanını,

Bu gün örtün  qırx yaşıma.

“Sözlərim rəsmimi  çəkdi”

 

***

Bir sevginin həsrətindən,

Əriyir hey baxışlarım.

Kipriklərim dar ağacı,

Asılıbdır göz yaşlarım.

 

Bəlkə sevgimin rəngindən

Yaranıbdı göy qurşağı.

Rənglər göydə qarışıbdı,

Rənglər sevgidən aşağı.

 

Bu sevginin rəngi nədi?

Çəkəmmirəm rəssam sayaq.

Rənglər çəkir məni göyə,

Nədənsə getməyir ayaq.

“Bu sevginin rəngi nədi”

***

Yoluma baxtım çıxacaq,

Görən, baxtım gül açacaq?

Dolan bulud sulayacaq?-

Güllərimi...

 

Zamanın “əlində ” xəlbir,

Ələnirik qəbir-qəbir.

Qayçılayır zaman bir-bir,-

Günlərimi...

“Ələnirik qəbir-qəbir”

***

Göz yaşını

çəkmək üçün,

Nə rəssam ,

nə fırça,

nə də ki,

boya lazımdı.

Bir acı söz kifayətdi,

ürəyini ağrıda...

“Göz yaşinin rəsmi”

Və sair bu kimi  fəlsəfi şeirləri  insanı düşündürür, duyğulandırır.

Çöhrəsindəki ziya ilə öz doğma xalqının gələcəyinə işıq salan, müasir Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, ömrün 60-cı baharına yetişən Elman İsrafiloğlu da həyatının hər bir anını məhz belə, ləyaqətlə, şərəflə, alnıaçıq, üzüağ, müdrik insan kimi yaşadı!. Müsbət xarakterlərinə görə çoxundan fərqlənən bu gözəl ürəkli insan, yaşadığı ömür payında əsl ziyalı kimi cəmiyyətdə gedən ictimai-siyasi proseslərə heç bir zaman biganə qalmadı, öz  əqidəsini, öz vətəndaşlıq mövqeyini ortaya qoyaraq, daim aydın baxışları ilə, tutduğu düzgün yol ilə, bir sözlə, seçilərək irəlilədi. Elman İsrafiloğlunun ictimai-siyasi və yaradıcılıq fəaliyyətinin hər bir addımı, məhz ən ali vətənpərvərlik ruhu, Azərbaycan dövlətinə və xalqına yüksək xidmət nümunələri ilə zəngin olan bu cür parlaq əməlləri, saf düşüncələri, dövlətçilik əqidəsi, milli mənsubiyyətinə bağlılığı onun ziyalı ömründən, dərin dünyagörüşündən xəbər verir. Onu hər kəs çox sadə, sakit xarakterli, xeyirxah və zəngin mənəviyyat sahibi kimi tanıyır. Sadəlik, təvazökarlıq, dürüstlük, mərdlik kimi səciyyəvi cizgiləri öz xarakterində cəmləyən bu gözəl insan hər birimiz üçün doğma və çox əzizdir. Əminəm ki, onu yaxından tanıyan insanlar heç vaxt öz dəyərli ziyalısından xoş arzularını, sevgilərini və xoş dualarını əsirgəməyəcəklər!. İnanıram ki, Elman İsrafiloğlu “Ürəklərdə yaşayan xoşbəxt ziyalı ömrünə sahib olan insan” kimi, daim xalqımızın qəlbində yaşayacaqdır!.

Elman İsrafiloğlunun çoxistiqamətli yaradıcılığında qocaman dünyamızdan, bəzi cılız insanların xarakterik xüsusiyyətlərindən bəhs edən satirik şeir nümunələrinə də rast gəlmək olar.

“İnsanlar, bu dünya dayaq axtarir” şeirində deyir:

 

Doğrayın ömrümü atın ocağa,

Odunu olmayan ocaqlar sönər.

İstilik verməsək bu dünyaya biz,

İstisiz bu dünya məzara dönər

İnsanlar, bu dünya dayaq axtarır.

 

Ürəyə dərd asıb saxlamaq olmur,

Ürəyim içimdə sıxılacaqdır.

Əl tutub əl-ələ arxa olmasaq,

Bu dünya dayaqsız yıxılacaqdır

İnsanlar, bu dünya dayaq axtarır.

 

 

Və ya  “Danişir” şeirində  deyir :

 

Dünya başdan başa dəyişib, atam,

Nadan “alim” olub, sözdən danışar.

Üzə boya çəkmək yaman dəb olub,

Boyalı boyasız  üzdən danışar.

 

Bu dünya  əyilir  nadan sözünə,

Nadanın tir batmır niyə gözünə?

Doğru öz abrını çəkir üzünə,

Yalançı  qışqırır düzdən danışar.

 

     Həmişə həyat eşqi, öyrənmək və öyrətmək əzmi ilə yaşayan, ömrünün 40 ildən çoxunu poeziyaya, elmi-pedaqoji və ictimai-siyasi fəaliyyətə həsr edən şair Elman İsrafiloğlunun dünyaya poetik baxşıları ilə desək, onun yaşının üstünə “yağan” yaşı ifadə edən “Yaşımın üstə yaş yağır” şeri və heyrət “yağışı” səbəbilə “dən düşmüş” ağ saçlarına həsr etdiyi “Ağ saçlarım heyrətimin yağışı” şeiri, məhz bu gözəl qəlbli insanı daha da müdrikləşdirdi, təbii ki, mənəviyyatın ən ali mərtəbəsinə ucaltdı.

 

Ulduzlardır bu gecənin naxışı,

Məni tutub baxışının qarğışı.

Ağ saçlarım heyrətimin “yağışı”,

Atacağam bu dünyanın üstünə.

 Doğrudan da, istedadlı şairimiz haqlı olaraq keçdiyi ömür yolunu bu kiçik misralarda, böyük ustalıqla göstərə bilmişdir.

“Yaşimin üstə yaş “yağir”–deyən şair vaxtın, zamanın yağışından qaçmağın mümkünsüzlüyünü  göstərir və təbiətin yağışda islandığı  kimi, insanların da yaş yağışında islandığını böyük məharətlə qələmə ala bilmişdir.

 

Günlər ötür ağır-ağır,

Sənsizdir keçdiyim cığır,

Yaşımın üstə yaş “yağır”,

Bu “yağış”dan qaçmaq olmur.

 

Uca Allahın bəxş etdiyi ömür payını ləyaqətlə yaşayan  Elman müəllimi 60 illik yubileyi münasibətilə ürəkdən təbrik edir, ona möhkəm can sağlığı, xoşbəxtlik, ailə səadəti və çoxşaxəli fəaliyyətində daha böyük uğurlar qazanmağı arzu edirəm!.

Sabit VAQIFOĞLU

(Sabit Vaqif oğlu Mehdiyev) Azərbaycan Jurnalistlər Birliyinin üzvü.  “Həsənvəy Zərdabi”,“Qızıl Qələm” , “Mücirəddin Beyləqani”, “Sözlü sehrli dünya” media mükafatı laureatı. “Quruluş”ictimai-siyasi qəzetinin  baş redaktorun birinci müavini , “Yeni xilaskar” qəzetinin şöbə müdiri. YAP Beyləqan rayon təşkilatında məsləhətçi.  Azərbaycan Respublikası Şəhid Ailələrinə    “Qayğı” Cəmiyyətinin Beyləqan rayon şöbəsinin sədri.