Rəsmi İrəvan törətdiyi bütün cinayətlərə görə məsuliyyət daşımalıdır

19:01 05-05-2022 838

 

            Bu gün bütün dünya çox gözəl bilir ki, Vətən müharibəsi dövründə Azərbaycan Ordusunun Zəfər yürüşü qarşısında tab gətirə bilməyən düşmən təxribatlara əl ataraq dinc mülki şəxsləri hədəfə almaqla müharibə cinayətləri törətmiş, Azərbaycanın şəhərləri ballistik raketlərlə, fosforlu və kassetli bombalarla atəşə tutmuşdur. Müharibə dövründə namərd düşmənin həyata keçirdiyi terror əməliyyatları nəticəsində 100-ə yaxın mülki şəxs həlak olmuşdur. 400-dən çox mülki şəxs yaralanmış, 5 mindən çox ev dağıdılmış, ziyan çəkmişdir. Əlbəttə ki, Ağdam, Bərdə, Beyləqan, Gəncə, Goranboy, Naftalan, Mingəçevir, Tərtər  kimi rayonların, şəhər və kəndlərin raket atəşinə tutulması müharibə cinayətidir. Münaqişə zonasında olmayan şəhər və rayonların atəşə məruz qalması, dinc sakinlərin həlak olması, yaralanması beynəlxalq ictimaiyyət tərəfindən kəskin qınanılmalıdır. Obyektiv həqiqətlərin beynəlxalq aləmə çatdırılması üçün çalışan jurnalistlərin sülh dövründə öz peşə vəzifələrinin icrası zamanı həlak olması faktı dünya jurnalistləri tərəfindən qınanılmalıdır. Beynəlxalq ictimaiyyətin susması, bu cür insidentlər ilə bağlı rəsmi bəyanat və ya qətnamələrin qəbul olunmaması “ikili standartlar” siyasətinin təzahürüdür.

Azərbaycanın son 30 il ərzində beynəlxalq ruyakarlığın ən bariz təzahürləri ilə üz-üzə qalması son nəticə olaraq ölkəmizə öz torpaqlarını müharibə yolu ilə azad etməkdən başqa bir seçim buraxmayıb. Torpaqlarımızın işğal altında qaldığı illərin təcrübəsi bizə bunu deməyə əsas verir ki, bu gün beynəlxalq hüquq normaları işləmir. Böyük dövlətlər onlara sərf edən qərarları icra edirlər, sərf etməyən qərarları isə icra etmirlər. Məhz bu səbəbdən BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul olunmuş və erməni silahlı qüvvələrinin torpaqlarımızdan dərhal çıxarılmasını tələb edən dörd qətnamənin icrası bütün bu illər ərzində təmin olunmadı. Möhtərəm dövlət başçımızın da öz çıxışlarında dəfələrlə qeyd etdiyi kimi, beynəlxalq hüquq normaları elə bil kiçik ölkələr, orta səviyyəli, gücü o qədər olmayan ölkələr üçün yazılıb. Böyük ölkələr buna məhəl qoymaya bilərlər. Məhz belə bir vəziyyətdə olmamaq üçün də Azərbaycan öz hərbi qüdrətini bundan sonra da artırmalıdır. Birmənalı olaraq demək lazımdır ki, Vətən müharibəsində əldə olunmuş tarixi Qələbəmiz 2003-2020-ci illər ərzində Prezident İlham Əliyev tərəfindən həyata keçirilmiş çoxşaxəli hazırlıq işləri sayəsində təmin edilib. Azərbaycanın güclü bir dövlətə çevrilməsinə və nəticə etibarı ilə öz ərazi bütövlüyünü bərpa etməsinə zəmin yaratmış ən önəmli faktor məhz ölkəmizdə xüsusilə müharibəyə qədər keçən bu  illərdə müşahidə olunan dinamik iqtisadi inkişaf amilidir. Ölkə Prezidenti cənab İlham Əliyevin də qeyd etdiyi kimi, bu illər ölkəmiz üçün zəruri və vacib bir hazırlıq dövrü idi. Bütün bu dövr ərzində Azərbaycan Prezidenti, cənab İlham Əliyev daim deyirdi ki, sülh yolu ilə torpaqlarımız geri qayıtmasa, müharibə yolu ilə biz bu məsələni həll edəcəyik. Bütün xarici təzyiqlərə, ittihamlara baxmayaraq Azərbaycanın dövlət başçısı bu haqlı mövqeyindən heç zaman bir addım belə olsun geri çəkilmədi. Az qala bütün dünya deyirdi ki, münaqişənin hərbi həlli yoxdur. Hətta beynəlxalq təşkilatlar çalışırdılar ki, Ermənistan ilə hər hansı bir formada bir protokol imzalansın ki, ancaq məsələ sülh yolu ilə həll olunsun, yəni hərbi yol istisna edilsin. Yalnız Prezident İlham Əliyevin siyasi iradəsi buna yol vermədi. Dövlətimizin başçısı bütün çıxışlarında, beynəlxalq müstəvidə keçirilən bütün tədbirlərdə bu məsələni dilə gətirdi, mövcud münaqişəni diqqət mərkəzinə çəkdi. Görülən tədbirlər sayəsində ilk növbədə daxili sabitlik təmin edildi, xalq-iqtidar birliyinə nail olundu. Daha sonra ölkənin iqtisadi inkişafı təmin edildi. Eyni zamanda həyata keçirilən düzgün xarici siyasət hesabına beynəlxalq vəziyyət bizim xeyrimizə çevrildi. Bütün bunlarla yanaşı isə münaqişənin həlli üçün ən mühüm olan sahədə, Ordu quruculuğunda möhtəşəm hazırlıq işləri həyata keçirildi. Sonda bütün bu hazırlıqlar sayəsində bizim qürur mənbəyimiz, Vətən müharibəsində tarixi Qələbəmiz əldə olundu. Bu, həqiqətən də əsl tarixi nailiyyətdir. Xalqımızın çoxəsrlik tarixində buna bənzər parlaq Qələbə hələ əldə olunmamışdı. Azərbaycan xalqı, Azərbaycan Ordusu öz Prezidentinin və Ali Baş Komandanının ətrafında bir Dəmir yumruq kimi birləşərək düşmənə sarsıdıcı zərbələr endirdi, düşməni məğlub etdi, tarixi ədaləti, ölkəmizin ərazi bütövlüyünü bərpa etdi. 27 sentyabr 2020-ci il tarixdə Zəfər yürüşünə başlayan Azərbaycan Ordusu Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında əldə etdiyi tarixi Qələbəsi ilə Şanlı tariximizin ən şərəfli səhifəsini yazdı. Otuz il müddətində işğal altında olan torpaqlarımız azad edildi. Müzəffər Ordumuzun qarşısında duruş gətirə bilməyən Ermənistan təslim oldu. Hərbi əməliyyatlara başlanmasından cəmi 44 gün sonra imzalanmış üçtərəfli bəyanatla Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə son qoyuldu. Əslində, tamamilə Azərbaycanın maraqlarına cavab verən bu sənəd faktiki olaraq Ermənistanın kapitulyasiyası deməkdir və bu bəyanat böyük tarixi əhəmiyyət kəsb edir. Azərbaycan Prezidentinin polad iradəsi, Azərbaycan Ordusunun yenilməz gücü və əlbəttə ki, Azərbaycan xalqının sarsılmaz birliyi Ermənistanı bu sənədi imzalamağa məcbur etdi.

Bu gün düşmən tərəfindən vurulmuş ziyan hazırda əlaqədar qurumlar tərəfindən  hesablanır. Sözsüz ki, zərərçəkmiş bütün insanlar dövlət dəstəyi hesabına öz dədə-baba torpaqlarına qayıdacaqlar. Bu işlər planlı şəkildə aparılacaq. İlk növbədə, ziyan hesablanacaq, onun dəqiq uçotu aparılacaq, ondan sonra bərpa-yenidənqurma işləri görüləcəkdir. Bütün dünya erməni vandalizm aktlarının şahidi oldu.  Mənfur düşmən torpaqlarımızdan çıxarkən belə pis niyyətlərindən qalmamış,  vəhşiliklər törətmiş, evləri, məktəbləri yandırmış, ağacları və elektrik xətlərini qırmışlar. Bütün dünya bunu görür, bütün aparıcı beynəlxalq kanallar bunu göstərir. Ermənilərin törətdikləri insanın ağlına gəlməyən əməllərdir və onlar buna görə tarix qarşısında cavab verəcəklər. Onlar işğal edilmiş bütün ərazilərdə evləri dağıdıblar, bütün infrastruktur dağıdılıb, bir dənə də salamat bina yoxdur. Bütün dünya görməlidir erməni vəhşiliyi nə deməkdir. Sanki bu torpaqlardan bir vəhşi qəbilə keçib. Onlar hər şeyi dağıdıb, talan edib, Azərbaycanın mədəni, tarixi, dini irsi silmək istəyib. Azərbaycanın Qələbəsi eyni zamanda erməni miflərinin sonu deməkdir. Artıq, “ermənistanın güclü ordusu var”, “erməni xalqı döyüşkən xalqdır”, “Azərbaycan xalqı döyüşə bilmir” kimi miflərə son qoyuldu. Rəsmi İrəvan törətdiyi vandalizmə görə cavab verməlidir. İşğalçılıq illərində ermənilər bütün ərazilırdə evləri, tarixi abidələri, məzarlıqları, məktəbləri, digər iaşə obyektlərini dağıtmış, meşələri yandırmış, dəhşətli vəhşiliklər törətmişlər. Bu cür insaniyyətə və bəşəriyyətə qarşı törədilmiş cinayətlərə görə Ermənistan məsuliyyət daşımalıdır. Ermənistan hakimiyyəti beynəlxalq məhkəmələrdə cavab verəcəkdir, bütün vurulmuş ziyan hesablanacaq və cinayətkarlar tərəfindən ödəniləcəkdir. Bir həqiqəti dünya və ermənipərəst dövlətlər gördülər ki, Azərbaycan xalqı öz torpaqlarını azad etdi, Azərbaycanın ərazi bütövlüyü təmin edildi.

 

Müşfiq Səfərov,

Yeni Azərbaycan Partiyası

Beyləqan rayon təşkilatının sədri