Bağışlayan və rəhm edən Allahın adı ilə
Tahir Hüseyn
H İ K M Ə T L İ S Ö Z L Ə R

*İnsanın ən böyük düşməni nəfsidir.
*Səmimi olmayan əməllər müəmmalıdır.
*Oğul var ev üçündür,
Oğul var el üçündür.
*Elin sevəni el də sevər,
Eli sevən, eli üçün canında verər.
*Pisliklər çox tez yayılar,
Yaxşı əməlləri də yaymaq lazımdır.
*Övlad var ata yurdun abad edər,
Övlad var ata yurdun bərbad edər.
*Bu dünya gözəllikləri kimi məqsədə çatdırar, kimi məşəqqətə aparar.
*Nəfsində həsəd silinməyincə,
Didəcək səni gizlincə.
*Nəfsindən silməsən kini,
Heç zaman qazanmayacaqsan sevgini.
*Səfərə çıxarkən özünlə yol daşı yox, yoldaşı seçmək lazımdır.
*Oğul var ata yurduna yurd kimi baxar,
Oğul da var ata yurduna qurd kimi baxar.
*Bizə verilib, alınanları sevirik,
Bizimlə dost olanı sevmirik.
*Saleh insanlar ilahi nemətdir,
Onların dedikləri ilahi hikmətdir.
*Zikir qəlbə enməsə, təsbihə çevrilməz,
Təsbihə çevrilməsə, haqqa yüksəlməz.
*Simicin əli açılmaz,
Paxılın qəlbi açılmaz.
*İstər peyğəmbər oğlu olsun, istər peyğəmbər nəvəsi,
Nəfsi paklaşmayıbsa pisliyə var həvəsi.
*Saleh qullar kəramətli olurlar,
Saleh qullar bərəkətli olurlar.
*Paxıl insan meyar bilməz,
Paxıl insan başqasına dəyər verməz.
*İşıq güclü olanda göz qamaşdırar,
Söz güclü olanda dil dolaşdırar.
*Düz sözü bəyənməyənlər,
Qəlp sözə baş əyərlər.
*Özündən razı olandan heç kim razı olmaz,
Allahdan razı olandan, Allah razı olar.
*Qəzəbli olan, əzablı olar.
*Qəlbin daimi zikri ilə şeytanların qapısı bağlanar, mələklərin qapısı açılar.
*İnsanın iki düşməni var:
Nəfsi və şeytanlar.
Ramazan ayında şeytanlar Rəbbi tərəfindən buxovlanır.
İnsanın diləyi və Rəbbin köməyi ilə nəfsilə bacarar.
*Orucluqda ac qalmaq acın halın anlamaq üçündür.---
*Orucluqda ac qalmaq ac qalanın halına yanmaq üçündür.
*Orucluqda ac qalmağın fəziləti əziyyətindən çoxdur.
*Ramazan ayı varlıların acı, susuzu halın anlamaq və Allah onlara verdiyi nemətlərdən ehtiyaclıya paylamaq ayıdır.
*Ramazan ayı insanın fiziki və nəfsi bədənini saflaşdırmaq ayıdır.
*Ramazan ayı insan nəfsinə görə yox, nəfsin sahibinə görə yaşamaq ayıdır. Və il boyu bu halı saxlamalıdır.
*Ramazan bayramı şeytan ordusu buxovlandığından nəfsinə qələbə çalıb nəfsin paklaşdıranların bayramıdır.
*Haqlının tərəfində yoxdur dayanan,
Zalımın tərəfində çoxdur yalmanan.
*Ömrü boyu yar-yar deyənlər,
Yaradan demədilər.
*Doğulmamış öldürülənlər,
Yaşayaraq ölənlərdən çoxdur.
*Qalmışam olumla-ölüm arasında,
Birindən uzağam, birinə yaxın.
*Qalmışam kafirlə-mömin arasında,
Birinə narahatam, birinə əmin.
*Mövcud olmaq yaşamaq deyil,
Yaşamaq yaşatmaqdı bil.
*İnsanlar çatmasa əxlaqi zirvəyə,
İnsanlıq düşəcək dərin dərəyə.
*Nə pislik itməz, nə yaxşılıq,
Nə vaxtsa görəcək qarşılıq.
*Bu dünyanı qazanmaq üçün xərclədik canımızı,
Axirəti qazanmaq üçün xərcləmədik bir manatımızı.
*Torpaqdan yaranmışıq,
Torpağa qovuşmaq üçün sıralanmışıq.
*Zülmü rəva bilmə ömür olar hədər,
Etdiyin yaxşılqlar zay olub gedər.
*İstər halal ye, istər haramla dolan,
Əcəl çatdı kimdi dünyada qalan.
*Tövbə qapısı açıqdır keçən-keçər,
Haqqın yolun, batil yolu seçən- seçər.
*Torpaqdan yaranan torpağa gedərmiş,
Bu dünya malın toplamaq hədərmiş.
*Tanrıdan verilib ruh cana əmant,
Tanrının payına olmazmış xəyanət.
*Özünü sevməyi öyrədib yaradan,
Bilməliyik, bir gün gedərik sıradan.
*”Quran”ı sonuncu kitab bilməliyik,
Yaşayıb, yaradıb, günahsız ölməliyik.
*Həqiqət gəzənlər dost olub Rəhmana,
İblisin dostları düşübdür gümana.
*Eşqi verdik yaradılana,
Aşiq ola bilmədik Yaradana.
*Kimi qəlbinə gələni deyir,
Kimi dilinə gələni deyir.
*Allah dost tutdu insanı,
İnsanın çoxu dost tutdu şeytanı.
*Hikmət sahibinindir hikmətli sözlər,
Hikmətli sözlər mərifət sahibini gözlər.
*İnsanı alçaltmaq, insanı Yaradana üsyanıdır.
*İnsan özü-özün alçaldırsa,
Özü Yaradana üsyan edir.
*Qədr gecəsində oyaqlar var,
Ancaq azdır ayıqlar.
*Kamil insan özün insanlara borclu bilər.
*Cahil insan insanları özünə borclu bilər.
*Kamil insan insanlara varın xərcləyər.
Cahil insan insanların varın mənimsəyər.
*Dost bildiyimizin çoxu nəfsinə görə,
Bir qismi də rütbəsinə görə uzaqlaşdı bizdən.
*Yazılmış qanunlardan çox,
Yazılmamış qanunlara əməl olunur.
*Para (pul) gözlər, haqqı görməzlər.
*Dünyada həris insandan yaxşılıq gözləmə.
*Sözlə bişməyən insan,közlə bişməz.
*Olmasa cəmiyyət cəm niyyət,
Orada olmaz əmniyyət.
*Əsl sevən yarın sevər,
Yarın varın sevməz.
*Yaxşı ki, dünyada yaxşılar vardır,
İnsanı sevindirən yaxşılıqlardır.
*Yaradan önündə başın əyməyən,
Yaradılan önündə başın əyər.
*Sıxıntı insanın doğru yola gəlməsi üçündür,
Gələn düzələr, gəlməyən əzilər.
*Allah hikməti diləyənə verdi,
Neməti də diləyənə verdi.
*Deyirlər dünyanı gözəllik xilas edər,
Dünyanə ədalət, sevgi, düzlük xilas edər.
*Şöz şair dilində bişər,
Söz şairlə şeirləşər.
*Qəlbimiz sözlə dilimizə axır,
İnsanlar gözümüzlə qəlbimizə baxır.
*Sevinə bilməyən insan kədərlə yaşayar.
*Həyatda dostsuz yaşamaq,
Həyatda duzsuz yaşamaq kimidir.
*Uşaqlıq, gənclik, cavanlıq, qocalıq,
Paklıq, dəcəllik, güvənlik, ucalıq.
*Bir kəsdə yoxsa iman,
O, kəsdən gözləmə aman.