İkitərəfli əməkdaşlıqda yeni səhifə açılır

15:51 30-08-2022 355

      Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonar dünyanın bir neçə böyük dövlətləri ilə əməkdaşlıq etməklə inkişaf yoluna qədəm qoydu. Bu dövlətlərdən biri də Qazaxıstan dövlətidir. Qazaxıstan və Azərbaycan əlaqələrinin kökü  dərindir. Diplomatik münasibətlərin 30 ilinin tamamında isə hər iki dövlətin regional münasibətləri daha da dərinləşməyə başladı. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin ölkəmizə səfəri tərəflərin ikitərəfli münasibətlərini inkişaf etdirilməsində xüsusi rol oynamışdır. Hər yerdə bu iki dövlətin nümayəndələrinin qarşılıqlı şəkildə fəaliyyətdə olması beynəlxalq səviyyədə fəal əməkdaşlığın daimi olacağının göstəricisidir. Qazaxıstan ilə Azərbaycan arasındakı görüşlər və danışıqlar yaxın gələcəkdə iqtisadi-ticari münasibətlərin inkişafına təkan verəcəkdir.

     Bildiyimiz kimi 2022-ci ilin avqustun 24-də  Prezident İlham  Əliyev Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevlə görüşüb. Görüş zamanı dövlətimizin başçısı İlham Əliyev Azərbaycanın inkişafından, tərəqqisindən, dünya dövlətləri ilə əlaqələrinin durmadan inkişaf etməsindən ətraflı danışıb. Görüşdə Prezident İlham Əliyevin Qazaxıstan Respublikasının “Altınkıran” - “Qızılqartal” ali ordeni ilə təltif edilməsi xalqlarımızın dostluğunun və qardaşlığının təsdiqi, Prezident İlham Əliyevin Azərbaycan-Qazaxıstan münasibətlərinin möhkəmlənməsi üçün gördüyü işlərə verilən yüksək qiymətdir.

    Ötən illər ərzində dünyada baş verən müxtəlif hadisələr zamanı mövqeyi nəzərə  alınan dövlətimiz regionda liderdir. Eyni zamanda   Asiya və Avropa  dövlətləri ilə dostluq,əməkdaşlıq müqavilələrinin imzalanması Azərbaycanın nüfuzunu yüksəldib. Qeyd edək ki, ikitərəfli münasibətlərdə həmişə ölkələrimizin mövqeləri üst-üstə düşür. Qazaxıstan və Azərbaycan yaxın dövlətlərdir, biz strateji tərəfdaşlarıq, müttəfiqlərik. Təsadüfi deyil ki, ölkələr arasındakı ticarət dövriyyəsi durmadan artır. Bu münasibətlərin inkişafı əmtəə dövriyyəsinin artmasına da təkan verəcəkdir. Qazaxıstan prezidentinin Azərbaycana son rəsmi səfəri zamanı aparılan müzakirələrdə   hər iki dövlətin investisiya sahəsində də böyük prespektivlərin və birgə investisiya layihələrdə iştirak üçün geniş iqtisadi potensiala malik olduğu müəyyənləşdirilmişdir. Qazaxıstan və Azərbaycan yeni nəqliyyat-logistika marşrutu yaratmağı da nəzərdə tutur.

    Qazaxıstanın Azərbaycana hədiyyəsinin – işğaldan azad edilmiş ərazilərimizdə tikiləcək, mərkəzi Füzuli şəhərində olacaq Uşaqların Yaradıcılığının İnkişafı Mərkəzinin təqdimatının keçirilməsi  xalqımıza qardaşcasına münasibətin daha bir təzahürüdür. Qazaxıstan Prezidentinin Azərbaycana səfəri zamanı tərəflər arasında 20-dən artıq sənəd imzalanmışdır. Bu qarşılıqlı fəaliyyətin möhkəmlənməsinə ciddi töhfə verəcək .Prezidentimiz cənab İlham Əliyev görüş zamanı  bildirib ki,  biz təkcə strateji tərəfdaşlar deyil, həm də müttəfiqlərik. Əlbəttə, bu, bizim üzərimizə xüsusi məsuliyyət qoyur və biz bu məsuliyyətə hazırıq. Bəyannamə bizim əməkdaşlığımızın çox istiqamətlərini ehtiva edir və əlbəttə ki, gələcək fəaliyyətimiz üçün çox ciddi baza kimi xidmət edəcək. Birgə Bəyannamədə həm də Azərbaycanın Mərkəzi Asiyanın beş ölkəsi ilə çoxtərəfli əməkdaşlığının gələcəkdə mümkün inkişafı da əksini tapıb. Həmçinin, Birgə Bəyannamədə Azərbaycanın Şərqi Zəngəzur rayonunun Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə birləşdirilməsinin vacibliyi də qeyd edilib. İki qardaş dövlət arasında olduqca əhatəli və geniş bir əməkdaşlığın yeni təməli qoyulub.

  Müşfiq Səfərov,

Yeni Azərbaycan Partiyası

Beyləqan rayon təşkilatının sədri.