Artıq, 30 ildir ki, insanlarımız müstəqildir və biz əbədi olaraq müstəqil yaşamaq istəyirik

14:49 03-10-2022 250

             Bildiyimiz kimi, Azərbaycan bir əsrdə iki dəfə dövlət müstəqilliyini elan etmiş nadir ölkələrdəndir. Azərbaycan Xalq Cümhuriyyəti bütün müsəlman dünyasında ilk demokratik respublika idi və o, xalqımızın qədim dövlətçilik ənənələrini bərpa etdi. Şərqdə ilk demokratik respublika kimi adını tarixə yazan Azərbaycan Xalq Cümhuriyyəti ölkəmizin çoxəsrlik sosial-iqtisadi, ictimai-siyasi və mədəni inkişafının, xalqımızın milli oyanışı, dirçəlişi proseslərinin məntiqi nəticəsi, tarixi zərurət kimi yarandı. 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin ömrü, təəssüflər olsun ki, cəmi 23 ay sürmüşdür.

          1991-ci ildə yenidən müstəqilliyini əldə edən Azərbaycanda onun qorunub saxlanılması heç də asan olmamışdır.  Uzaq minilliklərə qədər uzanan tariximizdə baş verən ən əlamətdar və önəmli hadisələrdən biri kimi müstəqil cümhuriyyətin yaranması xalqımızın siyasi şüur səviyyəsinin yetkinliyindən xəbər verirdi. Ulu öndərimiz Heydər Əliyevin dediyi kimi, Azərbaycan Xalq Cümhuriyyətinin yaranması bizim vaxtilə itirilmiş dövlətçiliyimizi bərpa etdi, xalqımızın tarixində ilk dəfə demokratik prinsiplər əsasında müstəqil Azərbaycan dövlətinin əsasını qoydu. “İstiqlal bəyannaməsi” insan hüquqlarının və azadlıqlarının təmin edilməsinə, irqi, milli, eləcə də, digər bərabərsizliklərin ləğvinə, sivilizasiyalı dövlətlərin inkişaf etmiş demokratiyasından istifadə edilməsinə əsaslı şərait yaratdı. Bəyannamədə göstərilirdi ki, Azərbaycan demokratik respublika formasında müstəqil və suveren dövlətdir, ali hakimiyyət xalqa məxsusdur, beynəlxalq birliyin bütün üzvləri ilə dostluq əlaqələri yaradır, öz ərazilərində yaşayan xalqların bərabər inkişafına şərait yaradır. Tarixi baxımdan Azərbaycanı müstəqilliyə aparan yolun heç də asan və hamar olmadığı aydın görünür. Amma ömrü boyu xalqının işıqlı sabahını düşünərək bütün həyatını bu müqəddəs amala həsr edən, müstəqil dövlətçilik ideyasını gerçəkləşdirmək arzusu ilə yaşayan, hər bir addımında, ictimai və siyasi fəaliyyətində bu hisslərini fəxarətlə büruzə verən vətənpərvər insanların yorulmaz səylərinin nəticəsi olaraq müstəqilliyə aparan yollardakı bütün maneələr aradan qaldırıldı.

        Artıq, 80-ci illərin ikinci yarısında Sovet imperiyasının mövcud üsul-idarənin mənəvi dayağı olan ehkamçı kommunist ideologiyası iflasa uğramışdı. Milli respublikalarda milli özünüdərk, hüquqların tapdalanmasına, sərvətlərin talan olunmasına etiraz əlamətləri güclənməkdə idi. SSRİ-nin iflası mühüm xarici səbəblərlə də şərtlənirdi. Təkpartiyalı siyasi sistem, partiya amirliyi ləğv olunmadan, respublikaların suveren hüquqları özlərinə qaytarılmadan iqtisadiyyatı dirçəltmək qeyri-mümkün idi.

        Azərbaycanın müstəqilliyi bərpa olunduqdan sonra respublikamızda cərəyan edən siyasi proseslər gələcək üçün yaxşı heç nə vəd etmirdi. Xalqın etimad göstərdiyi, ümid bəslədiyi siyasi qüvvənin olmaması dövlət idarəçiliyi mexanizmlərinin formalaşmasında ciddi maneəyə çevrilməklə yanaşı, daxili böhranın, vətəndaş itaətsizliyinin, xaos və anarxiyanın yaranmasına rəvac vermiş, qanunçuluğun və hüquq qaydalarının təminatı, vətəndaşların azad, təhlükəsiz yaşamaq hüququnun, ən nəhayət, ictimai asayişin qorunmasında ciddi problemlər yaratmışdı. Ölkədəki vəziyyətdən istifadə edərək öz mənafelərini güdən şəxslər və qruplaşmalar hakimiyyət uğrunda savaşa qalxmışdılar. Cəbhə xəttindəki uğursuzluqlar, xalqımıza qarşı törədilən soyqırımlar və qətliamlardan özləri üçün divident kimi istifadə edənlər də var idi. Ölkəni beynəlxalq aləmdə tanıtmaq üçün siyasi təcrübəyə malik, həmçinin xalqın inandığı bir liderə ehtiyacı var idi. Bu mənada dövlətçiliyimizin daha da möhkəmlənməsində mühüm xidmətləri olmuş ümummilli lider Heydər Əliyevin adı xüsusi qürur hissi ilə çəkilir. Azərbaycanın tarixi şəxsiyyətlərinin fövqündə yer alan bu dahi insanın xalqımız qarşısındakı xidmətləri ölçüyəgəlməzdir. Bugün müstəqil Azərbaycan dövlətinin mövcudluğu üçün xalqımız məhz, ümummilli lider Heydər Əliyevə borcludur. Heydər Əliyevin ən böyük xidmətlərindən biri isə, şübhəsiz ki, vətəndaş qarşıdurmasına səbəb ola biləcək hadisələrinin qarşısını almaq idi. Ulu Öndərin hakimiyyətinin ilk illərində bir neçə dəfə cevrilişlərə cəhd olunsa da bunların hər birinin qarşısı qətiyyətlə alınmış və sabirlik bərqərar olunmuşdur. Onun ictimai-siyasi sabitliyə nail olması vətəndaşların hüquq və mənafelərinin müdafiəsinə, bazar münasibətlərinə əsaslanan iqtisadiyyatın və sahibkarlığın inkişafına, beynəlxalq iqtisadi və maliyyə sisteminə inteqrasiyaya istiqamət götürən, sosial ədalət prinsipinə əsaslanan demokratik, hüquqi dövlət quruculuğu yoluna qədəm qoymağa imkan yaratdı. Məhz, Heydər Əliyevin xilaskar missiyası sayəsində bu gün Azərbaycan Respublikasının dövlət müstəqilliyi qorunub saxlanıldı. Onun rəhbərliyi altında həyata keçirilən islahatlar nəticəsində ölkə dinc inkişaf yoluna qədəm qoydu.        Azərbaycanın bugünkü sosial-iqtisadi inkişafının, hüquqi dövlət quruculuğunun əsası, beynəlxalq aləmdə artan nüfuzunun təməli ümummilli lider Heydər Əliyevin ölkəmizə başçılıq etdiyi illərdə qoyulmuşdur və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün biz əminliklə deyə bilərik ki, müstəqli Azərbaycan hərtərəfli inkişaf edir və ulu öndər Heydər Əliyevin xalqımızın müstəqil, azad yaşaması üçün yaratdığı memarlıq əsəri olan Azərbaycan etibarlı əllərdədir. Möhtərəm Prezidentimiz, cənab İlham Əliyevin uğurla davam etdirdiyi siyasi kursu hər bir azərbaycanlı dəstəkləyir və müstəqilliyimizin qorunması işi qarşımızda duran ən ümdə vəzifə kimi müəyyən olunmuşdur.

Sabit Mehdiyev,

Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatının məsləhətçisi.