2019-cu ildən bəri Azərbaycan üzv ölkələrin yekdil qərarı əsasında dünyada BMT-dən sonra ən böyük beynəlxalq struktur olan Qoşulmama Hərəkatına sədrlik edir

19:38 20-10-2022 560

      Məlum olduğu kimi, Azərbaycan 2011-ci ildən Qoşulmama Hərəkatına üzv seçilmişdir. Keçən bu müddət ərzində Qoşulmama Hərəkatında böyük nüfuz qazanan ölkəmiz 2016-cı ildə qəbul edilmiş qərarla 2019-2022-ci illər üçün sözügedən nüfuzlu quruma sədr seçildi. Qoşulmama Hərəkatının Azərbaycan üçün önəmini artıran amillərdən biri  də, bu təşkilatın prinsiplərinin ölkəmizin xarici siyasət prioritetləri ilə tam üst-üstə düşməsidir. Hərəkat dövlətlərin ərazi bütövlüyü məsələsində birmənalı mövqe nümayiş etdirir, beynəlxalq hüququn təməl prinsiplərindən çıxış edir. Azərbaycanın Qoşulmama Hərəkatında üzvlüyünün ilk günlərindən bu təşkilat ölkəmizin suverenliyini, ərazi bütövlüyünü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını birmənalı şəkildə dəstəkləyib, qəbul olunmuş bütün sənədlərdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini məhz, həmin prinsiplər əsasında nizamlamağa çağırıb. Bu fakt 2019-cu ilin iyul ayında Qoşulmama Hərəkatı təşkilatının Nazirlər Şurasının iclasında qəbul olunmuş yekun sənəddə də öz əksini tapıb. Bununla da planetin təqribən üçdəiki hissəsi Azərbaycanın ədalətli mövqeyini dəstəkləyib. Qoşulmama Hərəkatı qlobal problemlərin həlli və müasir dövrün çağırışlarına cavab vermək baxımından bu gün xüsusi əhəmiyyətə malikdir. Hərəkatın əsas məqsədi beynəlxalq hüququn norma və prinsipləri əsasında dünyada sülhün, təhlükəsizliyin qorunmasına, eləcə də, tərəqqiyə töhfə verməkdir. Azərbaycanın hərəkata üzvlüyü ölkəmizin beynəlxalq sülh, təhlükəsizlik, həmçinin, əməkdaşlıq proseslərinə daha yaxından cəlb olunması, müxtəlif dövlətlərlə ikitərəfli və çoxtərəfli münasibətlərin inkişaf etdirilməsi üçün əlverişli imkan yaradıb.

    Qoşulmama Hərəkatının hazırkı sədri, Prezident İlham Əliyev Azərbaycanın sədrlik zamanı vacib olan geniş, əhatəli Fəaliyyət Planı hazırlamışdır. O, həmçinin, öz prioritetlərini, fəaliyyətini bütün ölkələrin suverenliyinə, ərazi bütövlüyünə hörmət, dövlətlərin daxili işlərinə qarışmamaq, qarşılıqlı maraqların qorunması, eləcə də, əməkdaşlığın təşviqi kimi prinsipləri ehtiva edən tarixi Bandunq prinsipləri üzərində quracağını bildirmiş, Azərbaycanın sədrlik zamanı Qoşulmama Hərəkatı üzvlərinin maraqlarını müdafiə edəcəyini, digər təsisatlarla dialoq quracağını və inkişaf etdirəcəyini də bəyan etmişdir.

     Təəssüflər olsun ki, beynəlxalq hüququn normaları, beynəlxalq təşkilatların qərarları ilə bağlı ikili standartlar və selektiv yanaşmanın tətbiqi dünyada münaqişələrin ədalətli həllinə mənfi təsir göstərir. Azərbaycan da son 30 il ərzində belə selektiv yanaşmaya məruz qalıb. Beynəlxalq münasibətlərdə tüğyan edən ikili standartlardan istifadə edən Ermənistan beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq təqribən, 30 il ərzində Azərbaycan ərazilərinin 20 faizini işğal altında saxlaya bildi. Həm öz ərazisində, həm də, işğal etdiyi Azərbaycan torpaqlarında azərbaycanlılara qarşı etnik təmizləmə həyata keçirdi. Bütün bunlara baxmayaraq, Vətən müharibəsi zamanı BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvləri olan Qoşulmama Hərəkatının yeddi ölkəsinin bizə verdiyi dəstək olduqca dəyərlidir. Onlar BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi qətnamələrinə istinadın edilmədiyi birtərəfli mətbuat açıqlamasının qəbul edilməsinə imkan vermədilər. Bununla da, həmin ölkələr Qoşulmama Hərəkatının sənədlərindən qaynaqlanan Hərəkatın prinsipial mövqeyinə möhkəm sadiqliyini nümayiş etdirdilər. Azərbaycan Qoşulmama Hərəkatına üzv olan ölkələrin Ermənistan--Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair ədalətli mövqeyini alqışlayır. 

     Azərbaycanın sədrliyi dövründə Qoşulmama Hərəkatının nüfuzunun artması, beynəlxalq arenada söz sahibinə çevrilməsi hərəkata üzv ölkələrin də diqqətindən qaçmayıb. Məhz, bu səbəbdəndir ki, Qoşulmama Hərəkatına üzv dövlətlər yekdilliklə Azərbaycanın sədrlik müddətinin daha bir il - 2023-cü ilin sonuna qədər uzadılması barədə qərar qəbul edib. Bu, həm də, Prezident İlham Əliyevin dünyadakı nüfuzunun daha bir göstəricisi, Qoşulmama Hərəkatı üzvləri tərəfindən Azərbaycan Prezidentin qlobal Liderlik səylərinə verilən yüksək qiymətdir...

  Sabit Mehdiyev,

Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatının məsləhətçisi.