Erməni vandalizmi

12:05 23-10-2022 539

 

   

    Cənubi Qafqazda ərazisi, torpağı, dövləti, yeri-yurdu olmayan ermənilər müvəqqəti məskunlaşdıqları bölgələrdə firəvan yaşasalar da, sonda nadanlıqları və xəyanətkarlıqları ilə tanınıblar. Tarixi araşdırmalardan məlum olur ki, onlar hələ ötən əsrin əvvəllərində Azərbaycanda mehriban qonşuluq şəraitində yaşayanlara qarşı da qəsbkarlıqla məşğul olaraq, öz çirkin niyyətlərini həyata keçirməkdən ötrü dəridən-qabıqdan çıxmışdılar.

    Nəhayət, Ermənistanın Azərbaycan Respublikasına qarşı hərbi təcavüzü iki ölkə arasında müharibəyə gətirib çıxardı. Ermənistan onu himayə edən dövlətlərin birbaşa hərbi yardımı nəticəsində Dağlıq Qarabağ Muxtar Vilayətini və onun ətrafındakı rayonları işğal etdi. 1991-1994-cü illərdə Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində Dağlıq Qarabağ və onun ətrafındakı 7 rayonun (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Qubadlı, Zəngilan və Cəbrayıl) əraziləri işğal edilmişdi. 20 min nəfərdən artıq azərbaycanlı həlak olmuş, 4866 nəfər itkin və əsir düşmüş, girov götürülmüşdür. Təxminən 100 min nəfər yaralanmış, 50 min nəfər müxtəlif dərəcəli xəsarət alaraq əlil olmuşdur. Hərbi təcavüz ölkəmizin 17 min kv. km. ərazini əhatə edən ən məhsuldar torpaqlarının işğalına, 900 yaşayış məntəqəsinin, 130939 evin, 2389 sənaye və kənd təsərrüfatı obyektinin, 1025 təhsil və 798 səhiyyə ocağının, 1510 mədəniyyət müəssisəsinin, 5198 km avtomobil yollarının, 348 körpünün, 7568 km su və 76940 km elektrik xətlərinin dağıdılmasına səbəb olmuşdur. Erməni işğalçıları tərəfindən talan edilmiş regionun muzeylərində Azərbaycan xalqının tarixi və mədəniyyəti ilə bağlı qiymətli əşyalar, rəssamlıq, mədəniyyət əsərləri, dünya şöhrətli xalçalar, Azərbaycanın görkəmli şəxsiyyətlərinin xatirə əşyaları və digər qiymətli materiallar toplanmışdı. İşğal olunmuş ərazilərdə Azərbaycanın mədəni irsini təşkil edən mədəniyyət obyektləri xüsusi qəddarlıqla məhv edilmişdi. Ələ keçirdikləri ərazilərdə 12 muzey, 6 rəsm qalereyası, tarixi əhəmiyyətli 9 saray qarət edilmiş və yandırılmışdı. Nadir tarixi əhəmiyyətli 40 min muzey sərvəti və eksponatı talan olunmuşdu. İşğal olunmuş ərazilərdə qalan 152 ibadət yeri, məbəd, o cümlədən, 62 məscid erməni təcavüzünün qurbanına çevrilmişdi. Dağıdılan və yandırılan 927 kitabxanada 4,6 milyon kitab, misilsiz əlyazma nümunələri məhv edilmişdi. Dağlıq Qarabağ bölgəsində, eləcə də, ətraf rayonlarda Azərbaycanın milli mədəniyyət ocaqlarına erməni təcavüzkarlarının vurduqları ziyanı dəqiq hesablamaq mümkün deyildi, çünki talan və məhv edilmiş sərvətlər nəinki Azərbaycanın, həm də, bütün dünya sivilizasiyasının misilsiz mədəniyyət nümunələridir. Əhaliyə vurulmuş mənəvi-psixoloji zərbə ilə yanaşı, ilkin hesablamalara görə, Ermənistan Silahlı Qüvvələrinin təcavüzü nəticəsində Azərbaycan iqtisadiyyatına 300 milyard ABŞ dollarından çox ziyan dəymişdir. Qazax rayonunun 7, Naxçıvan Muxtar Respublikasının 1 yaşayış məntəqəsi Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. Bunlardan əlavə, Dağlıq Qarabağla və Ermənistanla həmsərhəd olan Ağcabədi rayonunda 1 kənd, Gədəbəy rayonunda 2 kənd, Tovuz rayonunda 8 kənd, Naxçıvan Muxtar Respublikasında 1 kənd Ermənistanın hərbi təcavüzü nəticəsində ziyan çəkmişdir. Şuşa, Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı şəhərləri Ermənistan silahlı qüvvələri tərəfindən tamamilə viran və talan edilmişdi. Laçın, Kəlbəcər şəhərlərində Ermənistandan və xaricdən köçürülüb gətirilən ermənilər məskunlaşdırılmışdı. İşğal illərində erməni vandalları Ağdam, Füzuli şəhərlərini 1945-ci ildə atom bombası ilə dağıdılan Xirosima və Naqasaki şəhərlərinə bənzətmişlər. Tarixi Azərbaycan ərazisi olan indiki Ermənistan ərazisində mindən artıq azərbaycanlı yaşayış məntəqəsi, yüzlərlə tarixi-memarlıq abidələri, karvansaralar, imarətlər, məscidlər, məqbərələr, qəbiristanlıqlar, qəbirüstü abidələr və s. mövcud olmuşdur. XX əsrdə ermənilərin azərbaycanlılara qarşı apardıqları etnik təmizləmə və tarixi abidələrə qarşı həyata keçirilən vandallıq aktları nəticəsində monoetnik erməni dövləti yaranmış, azərbaycanlıların varlığını özündə əks etdirən bütün tarixi-memarlıq abidələri yer üzündən silinmiş, qəbiristanlıqlar dağıdılmışdır. XX əsrin əvvəllərində İrəvan quberniyası ərazisində 310 məscid qeydə alındığı halda, bu gün Ermənistan ərazisində yalnız bir məscid – Göy məscid qismən salamat qalmışdır ki, onu da xarici qonaqlara “fars” məscidi kimi təqdim edirlər.

    Lakin illərlə ərazi iddiası ilə qırğınlar törədən nadan və qatil ermənilərin 2020-ci ilin noyabr ayınadək 30 ilə yaxın işğal altında saxladıqları Qarabağda, habelə, respublikamızın digər bölgələrində davam etdirdikləri işğalçılıq siyasəti Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin qətiyyəti, ordumuzun şücaəti ilə 44 günlük Vətən müharibəsində darmadağın edilmişdir. Nəinki Birinci və İkinci Qarabağ savaşlarında, hələ ötən əsrin əvvəllərindən bəri dədə-baba torpaqlarında kütləvi şəkildə öldürülən, kəndbəkənd yandırılan, qətlə yetirilən insanların intiqamı alındı. Bu hüznlü gündə dönüb tarixə nəzər salanda köhnə ənənələrini davam etdirən erməni işğalçı silahlı birləşmələri üzərində qazanılan 2020-ci ilin 10 noyabr tarixli qələbəsi ilə Azərbaycan xalqına qarşı 200 ildən artıq davam edən soyqırımına, haqsızlığa, ədalətsizliyə və ikili siyasətə son qoyan reallıqlar hamını sevindirir.

   Müşfiq Səfərov,

 Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatının sədri.