Erməni vandalizmi

21:52 23-10-2022 611

     Tarixi faktlardan məlumdur ki, ermənilər tərəfindən Azərbaycan dövlətinin ərazi bütövlüyü, suverenliyi və siyasi müstəqilliyi əleyhinə, yerli əhaliyə qarşı saysız-hesabsız terror, soyqırımı, insanlıq əleyhinə cinayətlər törədilib. Azərbaycan xalqı hər zaman ermənilər tərəfindən kütləvi qətlə, yaşayış yerlərinin dağıdılmasına məruz qalıblar.

    1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələrinin Xocalıda törətdiyi soyqırımı Azərbaycan tarixinə ən dəhşətli, qanlı və faciəli səhifələrdən biri kimi daxil olub. Ermənistanın Azərbaycana qarşı törətdiyi təcavüz və soyqırımlar içərisində Xocalı soyqırımı bu hadisələr arasında xüsusi qəddarlığı ilə seçilir. Xocalı hadisəsi ötən əsrin ən ağır soyqırımı hadisələrindən biridir. O dövrdə ermənilər, yalnız Xocalıda deyil, Başlıbel, Ballıqaya, Ağdaban, Meşəli, Cəmilli, Quşçular, Malıbəylidə də soyqırım, kütləvi qırğınlar həyata keçirdilər. 1993-cü ilin aprel ayında Kəlbəcər rayonun işğalı zamanı Başlıbel kəndində ermənilər dinc, günahsız və əliyalın insanları vəhşicəsinə qətlə yetiriblər. Erməni terrorçu-quldur birləşmələri tərəfindən daha bir qanlı hadisə 1992-ci ilin avqust ayının 28-də, səhər saat 5 radələrində Goranboy rayonunun Ballıqaya kəndində törədilib. Kəlbəcər rayonunun Ağdaban kəndində törədilən soyqırım nəticəsində 779 nəfər dinc sakin xüsusi qəddarlıqla qətlə yetirilib. Ermənilər yaşlı, qoca, qadın, uşaq demədən dünyada görülməmiş ən qəddar üsullarla dinc əhalini qətlə yetirərək soyqırım törədiblər. Ermənistan hərbi birləşmələri tərəfindən Xocalı rayonunun Meşəli kəndində 1991-ci il dekabr ayının 23-də səhər saat 07:00 radələrində 8-i qadın, 3-ü uşaq olmaqla, 28 nəfəri qətlə yetirib, 14 nəfəri yaralayıblar. Ermənilər Cəmilli, Quşçular və Malıbəyli kəndlərində də soyqırım aktları həyata keçiriblər.

    Vətən müharibəsi dövründə də terrorçu Ermənistan öz soyqırım siyasətini, vəhşilik, qəddarlıq və qırğınlarını davam etdirdi. Gəncənin, Tərtərin, Bərdənin, Beyləqanın və digər şəhərlərimizin gecə vaxtı davamlı raket atəşinə tutması nəticəsində onlarla insan həlak olub, yüzlərlə insan müxtəlif bədən xəsarətləri alıblar. Vətən müharibəsi dövründə 2020-ci ilin oktyabr ayının 4-də səhər saat 10 radələrində ermənilərin atdığı raketlər Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncədə mülki yaşayış məntəqəsinə, o cümlədən, sakinlərin yaşadığı ikimərtəbəli binaya, həmçinin, fərdi yaşayış evlərinə düşüb. Düşmən tərəfindən Gəncənin bombalaması nəticəsində 1 mülki şəxs şəhid olub, 32 mülki şəxs isə yaralanıb. Yaşayış evləri ilə yanaşı mülki infrastruktura və qədim tarixi tikililərə də ziyan dəyib. Ermənistanın bu raket hücumu müharibənin getdiyi Qarabağ bölgəsindən kənarda edilən ilk ciddi hücum idi. Vətən müharibəsi dövründə Ermənistan Silahlı Qüvvələri tərəfindən Gəncə şəhərinə ümumilikdə 5 dəfə (4, 5, 8, 11, 17 oktyabrda) raket və ağır artilleriya ilə hücum edilib. Nəticədə 26 nəfər şəhid olub, 175 nəfər yaralanıb, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib. İkinci Qarabağ müharibəsində ümumilikdə, Ermənistanın hərbi təcavüzü nəticəsində 12-si uşaq, 27-si qadın olmaqla 93 mülki şəxs həlak olub, 454 mülki vətəndaş yaralanıb, ümumilikdə 12 292 yaşayış və qeyri yaşayış sahəsinə, 288 nəqliyyat vasitəsinə ziyan dəyib, 1 018 fermer təsərrüfatı üzrə zərər faktı aşkar edilib. Ermənistanın Azərbaycana qarşı törətdiyi soyqırım siyasəti hələ bununla bitməyib. Postsovet dövründə İndiki Ermənistan ərazisində yaşayan azərbaycanlılar bir neçə dəfə deportasiyaya məruz qalıblar. Yüz minlərlə azərbaycanlı Ermənistanda kütləvi şəkildə qətl və qəsbə edilib. Bu insanların evləri, ata-baba yurdları dağıdılıb, yerlə-yeksan edilib.

     Bu gün, Azərbaycan dövləti Ermənistanın törətdiyi soyqırımın, cinayətlərin, vandalizmin beynəlxalq müstəvidə ifşa olunması istiqamətində daim sistemli tədbirlər həyata keçirir. Erməni cinayətlərinin dünyaya tanıdılması ilə bağlı müxtəlif platformalarda, beynəlxalq qurumlarda və təşkilatlarda, güclü dövlətlərlə ikitərəfli münasibətlərdə, o cümlədən, rəsmi Bakının əməkdaşlıq etdiyi bir sıra beynəlxalq təşkilatlarda, ölkəmizin sədrlik etdiyi beynəlxalq qurumlarda vacib iş aparıb, mühüm nəticələr əldə edilib. Prezident İlham Əliyev 44 günlük Vətən müharibəsində qazanılan tarixi qələbə, habelə, Ermənistan tərəfindən 30 il ərzində törədilən sülh və insanlıq əleyhinə cinayətlərin, o cümlədən, müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində çox böyük addımlar atıb. Qarabağda erməni terrorçuları tərəfindən həm dinc əhalinin, həm də, hərbi əsirlərin kütləvi şəkildə qətlə yetirilməsi danılmaz faktdır.

      Biz də, öz növbəmizdə erməni quldurlarının törətdiyi bu ağır cinayətlərin dünya ictimaiyyətinə  düzgün bir şəkildə çatdırılması istiqamətindəki fəaliyyətimizi yorulmadan davam etdirməliyik...

 

Sabit Mehdiyev,

Yeni Azərbaycan Partiyası

Beyləqan rayon təşkilatının məsləhətçisi.