Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 25.10.2021-ci il tarixində azad olunmuş Qubadlıya səfəri: “Qubadlı” yarımstansiyasının açılışında iştirakı

09:56 25-10-2022 282

 

      Məlum olduğu kimi, 31 avqust 1993-cü il tarixində Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunarkən Qubadlı rayonundan 29997 nəfər məcburi köçkün respublikanın müxtəlif yaşayış məntəqələrində müvəqqəti yerləşdirilmişdir. İşğal dövründə rayonun bütün  yaşayış məntəqələri, evlər, inzibati binalar, sosial obyektlər, mədəniyyət obyektləri, məscidlər, körpülər, həmçinin, bütün infrastruktur tamamilə yerlə-yeksan edilib. Qubadlıda mövcud olmuş 13160 hektar meşə sahəsi belə işğal dövründə məhv edilmişdir. Ermənistan Qubadlı rayonunda misilsiz vandalizim aktları ilə yanaşı müharibə cinayətləri də törətmişdir. Belə ki, xaricdən gətirilən ermənilər rayonun Xanlıq kəndində qanunsuz yollarla yerləşdirilmişdilər. Bu isə, Cenevrə konvensiyalarına görə müharibə cinayətidir və işğal edilmiş torpaqlarda qanunsuz məskunlaşma aparan ölkə cinayət törətmiş hesab olunur. Qubadlı rayonu 27 il iki ay erməni işğalında qaldı. 2020-ci ilin 27 sentyabr tarixində başlanan Vətən müharibəsinin 28-ci günü 44 günlük hərbi əməliyyatların gedişatında növbəti əhəmiyyətli dönüş nöqtəsi oldu və Qubadlı azad edildi. Rayonun azad edilməsi əməliyyatı bir neçə gün çəkmişdi. Şəhərdə ermənilər güclü istehkamlar qurmuşdular. Həmçinin, yüksəkliklərdə düşmənin hərbi birləşmələri yerləşmişdi. Qubadlını azad etmək üçün, ilk növbədə, yüksəkliklər  götürüldü və 25 oktyabr tarixində şəhər işğaldan azad edildi.  Qubadlı əməliyyatı xüsusi peşəkarlıq və fədakarlıq tələb edən bir əməliyyat olmuşdur. Qubadlı şəhərinin azad edilməsi böyük Qələbəni yaxınlaşdırdı.

    Bildiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın Qubadlı şəhərinə səfəri çərçivəsində Qubadlı şəhərinin Baş planı ilə tanış olublar. Baş plan bu sahədə böyük təcrübəyə malik İsveçrənin "S.A.Partners" şirkəti və Bakı Dövlət Layihə İnstitutu tərəfindən hazırlanıb. Baş planın əsasında insanların yenidən təbiətlə qovuşması, komfortlu qonşuluq ərazilərinin təşkili, canlı rayon mərkəzi və sakit hərəkət strategiyaları dayanır. Qubadlının təbii imkanları nəzərə alınaraq şəhər parkları, meşə-parklar, çaykənarı bulvar, həmçinin, ictimai bağlar şəhərin əsas simasını təşkil edəcək.

      Bu gün, Qubadlı özünün yeni inkişaf dövrünü yaşayır. Prezident, Müzəffər Ali Baş Komandan, cənab İlham Əliyev 3 dəfə Qudadlı rayonuna səfər etmiş və 23 dekabr 2020-ci il tarixdə ilk səfəri zamanı Dövlət Bayrağını şəhər ərazisində ucaltmışdır. Ölkə başçısı 25 oktyabr 2021-ci tarixdə növbəti səfəri zamanı Xanlıq-Qubadlı yolunun təməlqoyma mərasimində, “Qubadlı” yarımstansiyasının və Dövlət Sərhəd Xidmətinin yeni hərbi hissə kompleksinin açılışlarında iştirak etmiş, həmçinin, rayon ictimaiyyətinin nümayəndələri ilə görüşmüşdür. Üçüncü səfər isə, bir neçə gün öncə, oktyabr ayının 19-da olmuşdur. Səfər zamanı Prezident cənab İlham Əliyev Qubadlı şəhərinin Baş planı, rayon ərazisində yaradılacaq “Zabuxçay” və “Bərgüşadçay” su anbarlarının layihələri ilə tanış olmuşdur. İşğal və Zəfər muzeyləri kompleksinin, "Azərişıq" ASC-nin 35 kilovoltluq yarımstansiyasının, həmçinin, Rəqəmsal İdarəetmə Mərkəzinin təməlqoyma mərasimlərində iştirak etmişdir.

     Bütün bunlar göstərir ki, Azərbaycanın iqtisadi gücü işğaldan azad olunan ərazilərdə yeni həyatın başlanmasına imkan verir. Artıq, Şuşada, Füzulidə, Zəngilanda  görülən işlər bunu deməyə əsas verir. Beynəlxalq hava limanlarının tikintisi və Füzuli və Zəngilanda Beynəlxalq Hava Limanlarının açılışı Azərbaycanın nəhəng quruculuq işlərinin həyata keçirməsindən xəbər verir. Bu, Azərbaycanın gücünün göstəricisidir. Hərb meydanında sözünü deyən Azərbaycan, bu gün quruculuq meydanında da  imza atdığı layihələri ilə sözünü deyir və hər reallaşan layihələr Qubadlının işıqlı gələcəyindən xəbər verir...

   Müşfiq Səfərov,

 Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatının sədri.