Tranzit ölkə olmaq üçün mütləq qonşularla yaxşı münasibətlərin olmalıdır

14:02 30-10-2022 488

   Bu gün, Azərbaycanın region dövlətləri ilə münasibətləri qarşılıqlı maraqlar çərçivəsində inkişaf edir. Belə dövlətlərdən biri də, Gürcüstandır. Azərbaycanın Cənubi Qafqazda ən möhkəm siyasi, iqtisadi, mədəni əlaqələr qurduğu ölkə məhz, Gürcüstandır. Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu dostluq və mehriban qonşuluq şəraitində yaşamışlar. Müstəqillik qazandıqdan sonra, ölkələrimiz arasındakı münasibətlər xalqlarımızın iradəsinə uyğun olaraq strateji tərəfdaşlıq xarakteri almışdır. Hal-hazırda, Azərbaycan ilə Gürcüstan arasındakı siyasi, iqtisadi və humanitar əlaqələr ən yüksək səviyyədədir. Yaxın qonşuluq, dostluq münasibətləri qurulmuş ölkələr arasında əlaqələr hazırda strateji əməkdaşlıq və müttəfiqlik səviyyəsinə yüksəlmişdir. Tarix boyu Cənubi Qafqaz regionunda cərəyan edən mürəkkəb proseslərə  baxmayaraq, hər iki dövlət səmimi və qardaş münasibətlərini qoruyub saxlaya bilmişdir. Bu iki qonşu ölkə ilk dəfə 1918-ci ildə birinci müstəqil dövlətlərini yaratdıqdan bəri hər zaman xüsusilə strateji əməkdaşlıq ruhuna sadiq olmuşdur. Gürcüstan ilə Azərbaycan təkcə enerji sahəsində deyil, digər sahələrdə də uğurla əməkdaşlıq edirlər. Artıq, heç kəs şübhə etmir ki, Cənubi Qafqazın gələcəyi region ölkələri arasında daha genişmiqyaslı əməkdaşlıqdan asılıdır. Azərbaycanla Gürcüstan arasında qarşılıqlı, faydalı əməkdaşlıq münasibətləri mövcuddur və əlaqələr əsl regional əməkdaşlıq nümunəsidir. Onu da qeyd etmək lazımdır ki, ölkələr arasındakı strateji tərəfdaşlıq münasibətləri mütəmadi surətdə yeni keyfiyyət çalarları ilə zənginləşməkdədir. Ümumilikdə, Gürcüstanla Azərbaycan arasında bir çox sahəni ehtiva edən çoxşaxəli rasional münasibətlər mövcuddur. Belə ki, Tbilisi ilə Bakı regional təhlükəsizliyin təmin olunması, iqtisadi maraqların uzlaşdırılması, siyasi münasibətlər sisteminin daha da təkmilləşdirilməsi kimi istiqamətlərdə sıx təmaslara malikdir. Hər iki ölkə əlaqələrin inkişafında maraqlı olduqlarını nümayiş etdirirlər. Gürcüstan Azərbaycan tərəfindən həyata keçirilən irimiqyaslı beynəlxalq iqtisadi layihələrin fəal iştirakçısıdır və özünü etibarlı tərəfdaş kimi göstərir. Hər iki dövlət arasında siyasi, iqtisadi münasibətlərin indiki səviyyəyə gəlib çatmasında mövcud olan mehriban qonşuluq əlaqələri mühüm baza rolunu oynayır. Son illərdə ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin daha da möhkəmlənməsi, hər iki respublikanın parlaq gələcəyinin təmin olunması üçün möhkəm əsas yaradır. 

            Ölkəmiz Gürcüstanın əsas ticarət tərəfdaşlarından və əsas investorlarından biridir. Gürcüstan rəsmilərinin timsalında dəfələrlə bəyan edilmişdir ki, Azərbaycanın mövcud xarici siyasət kursu həm regional əməkdaşlıq və təhlükəsizliyə mühüm strateji töhfədir, həm də, Gürcüstan–Azərbaycan münasibətlərinin əsaslarını möhkəmləndirməkdədir... 

  Müşfiq Səfərov, 

  Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatının sədri.