Azərbaycanda yaşayan bütün xalqlar bir böyük ailənin üzvləridir

13:56 16-11-2022 324

   Bildiyimiz kimi, Azərbaycan çox qədimdən ən müxtəlif xalqların və mədəniyyətlərin Vətəni olmuşdur. Şərq mədəniyyətinin dünya və Avropa mədəniyyətinə, yaxud əksinə, keçid alması üçün Azərbaycan körpü rolunu oynamışdır. Çoxmillətli, çoxdinli, çoxdilli Azərbaycan üçün bu ideologiyanı tarixi reallığımızın özü irəli sürmüşdür. Həqiqətən, ən müxtəlif milli-etnik qrupların nümayəndələrinin yaşadığı Azərbaycan unikal coğrafi, geosiyasi və mədəni məkandır. Tarixin bütün dövrlərində özünün rəngarəng tərkibli olması ilə fərqlənən Azərbaycanda bu müxtəlifliyin etnik-milli mənbələri mövcuddur. Azərbaycanda yaşayan onlarla etnik-dini birliklərin qarşılıqlı münasibəti və mədəniyyəti, folklor, dialekt, adət, məişət tərzi, inam sistemi və s. kimi müxtəlifliyin vəhdətini müəyyənləşdirmişdir. Azərbaycanda, tarixən, bütün xalqlara, mili azlıqlara və etnik qruplara eyni, normal münasibət bəslənib. Azərbaycan dövləti ardıcıl və düzgün milli siyasət yeridib, milli azlıqların hüquqlarının təminatı sahəsində mühüm nailiyyətlər əldə edib. Dövlət tərəfindən atılan məqsədyönlü addımlar dinindən, millətindən asılı olmayaraq, Azərbaycan xalqının bütün dövrlərdə mehriban ailə, dost, qardaş olaraq yaşamaq ənənələrini daha da möhkəmləndirib. Azərbaycan dövləti təminat verir ki, ölkə ərazisində yaşayan milli azlıqlar qanunla nəzərdə tutulan hər cür təşkilat yarada bilərlər. Belə təşkilatların hüquqi vəziyyətini Konstitusiya və ya qanunlar tənzimləyir. Azlıqların milli təşkilatlarının müxtəlifliyi ənənələrlə bağlıdır. Xüsusi etnik birliklər daha çox dini zəmində yaranır. Azərbaycan xalqı ölkə ictimaiyyətinin əsas hissəsi olan azərbaycanlılardan və ölkənin müxtəlif guşələrində yığcam halda yaşayan 30 sayda millət və etnik qruplardan ibarətdir. Sayı, dil və dinlərinin müxtəlifliyinə baxmayaraq, onlar Azərbaycanın bərabərhüquqlu vətəndaşlarıdır. Azsaylı xalqların etnik tərkibi Azərbaycanda yaşayan hər bir xalq öz etnik xüsusiyyətini saxlamaqla bərabər, digər xalqların və etnik qrupların həyat tərzində, məişətində, adət və ənənəsində, mədəniyyətindəki bir çox mütərəqqi amilləri əxz edərək, onları qarşılıqlı surətdə inkişaf etdirmişdir. Ümumi, birgəyaşayış qaydalarına əməl olunan zamanlarda bu xalqlar bir-birinə daha da yaxınlaşmış, lakin öz dillərini, etnoqrafik xüsusiyyətlərini qoruyub saxlamışlar. Bu gün, ölkə əhalisinin təxminən 10 faizdən çoxunu milli azlıqlar, azsaylı xalqlar və etnik qrupların nümayəndələri təşkil edir. Azərbaycan hökuməti insan haqları, o cümlədən, milli azlıqların müdafiəsi məqsədilə bir çox nüfuzlu beynəlxalq təşkilatlarla işgüzar əməkdaşlıq əlaqələrinə malikdir. Respublikamız insan haqları və milli azlıqların müdafiəsi ilə bağlı 50-dən çox beynəlxalq konvensiyaya qoşulmuşdur. Ölkəmizdə milli azlıqların məsələləri ilə məşğul olan 50-dən çox qeyri-hökumət təşkilatı, mədəniyyət mərkəzləri, xeyriyyə cəmiyyətləri və s. ictimai birliklər fəaliyyət göstərir. Azərbaycanda yaşayan etnik icmaların dilində 15-dən, rus dilində isə 30-dan çox qəzet və jurnal nəşr olunur. Telekanallarda, milli azlıqların etnikmədəni həyatı, etnoqrafiyası barədə müntəzəm materiallar hazırlanır. Milli azlıqların sıx yaşadığı 5 bölgədə isə yerli teleradio kanalları fəaliyyət göstərir.

    Onu da qeyd etmək lazımdır ki, Vətən müharibəsində Azərbaycanda ya­şayan bütün xalqların böyük payı vardır. Vətən müharibəsi bir daha onu göstərdi ki, Azərbaycanda bütün xalqlar dostluq, qardaş­lıq, həmrəylik şəraitində yaşayır və bu 44 günlük müharibə bir daha onu təsdiq etdi ki, ölkəmizdə milli birlik, milli həmrəylik vardır. Ölkəmizdə müxtəlif millətlərin milli birlik, milli həmrəylik mühitində, dostluq, qardaşlıq şəraitində yaşaması, bu torpağa qəlbən bağlanması, onların hər birinin Azərbaycanı doğma Vətəni kimi sevməsi, azadlığı uğurunda şəhid olma­sı 44 günlük Vətən müharibəsində bir daha öz təsdiqini tapdı. Bəli, Azərbaycanda milli, dini mənsubiyyətindən ası­lı olmayaraq, hər bir əsgər və zabit Vətən savaşında Birinci Qarabağ müharibəsində olduğu kimi, erməni faşizminə qarşı əsl qəhrəmanlıq nümunələri göstərdi, ölkəmizin ərazi bütöv­lüyünün bərpası, suverenliyinin möhkəmlənməsi, güc-qüdrətinin daha da artması naminə can­larından keçməyə hazır oldu­ğunu döyüşlərdə göstərdiyi fədakarlıqlarla sübuta yetirdi. Bu əzm, cəsarət Ümummilli Lider Heydər Əliyevin əsasını qoy­duğu azərbaycançılıq ideologiya­sından qaynaqlanırdı. Bu şücaət, mətinlik –“Azərbaycan mənim evimdir”– prinsipinə əsaslanırdı, “Torpaq uğrunda ölən varsa –Vətəndir” kimi müqəddəs, ülvi bir hiss-duyğudan rişələnirdi. Qırx dörd günlük ölüm-di­rim savaşında Azərbaycanın parlaq qələbəsi də Azərbaycan türklərinin, rusların, ləzgilərin, yəhudilərin, talışların, zaxurla­rın və s. çiyin-çiyinə bir amal uğrunda birliyinin, yumruq kimi birləşməyinin, “qisası qiyamətə saxlamayacağıq, elə döyüşdəcə alacağıq” inadı, ümidi ilə haqq-ədalət yolundan çəkinməyərək mübarizə aparmağın nəticəsi idi. Otuz ilə yaxın bir zaman ərzində yağı tapdağında qa­lan torpağın əsarətdən xila­sı arxa cəbhədə milli və dini mənsubiyyətindən asılı ol­mayaraq, hər bir Azərbaycan vətəndaşının vahid ideya–bütöv Vətən uğrunda bir bayraq altında birləşməsinin nəticəsi idi. Vətən müharibəsində işğalçını bəlkə də Azərbaycan Ordusunun güc-qüdrətindən, döyüş ruhundan daha çox xalqımızın bu monolit birliyi, sarsılmazlığı qorxudurdu, narahat edirdi. Ona görə də dö­yüş və diplomatiya meydanında məğlub olan düşmən savaş günləri sosial şəbəkələrdə ölkəmizdəki etnik millətlərin adından təxribat xarakterli paylaşımlar edir, bu vəhdəti, birliyi zəiflətməyə, millətlər arasında nifaq, təfriqə salmağa, ruh düşkünlüyü yaratmağa çalışırdı. Bu zaman qəsbkar “Azərbaycan ailəsi” anlayışının artıq silinməyəcək, pozulmayacaq bir gücə çevrildi­yini, bu amilin etnik millətlər ara­sında “Vətən”, “Yurd”, “Torpaq” kəlmələrinin müqəddəsləşməsi ilə bağlı olduğunu, ölkədə multikultu­ralizmin Azərbaycan modelinin – birgəyaşayışın parlaq nümunəsinin bütün dünyada təqdir edildiyi həqiqətini unudurdu. Ölkəmizdə müxtəlif millətləri təmsil edən yüzlərlə gənc Azərbaycan Ordusu sıralarında işğalçıya qarşı azərbaycanlı, qara­bağlı kimi mərdi-mərdanə mübarizə apardı, düşmənlə cəsarətlə döyü­şüb, şəhid, qazi olmaqla, parlaq qələbə qazanmaqla yağının bu çirkin niyyətinin əsassızlığını sübuta yetirdi, bundan sonra heç bir xarici qüvvənin siyasi sabitliyi, qardaşlığı poza bilməyəcəyini bütün dünyaya nümayiş etdirdi. Vətən müharibəsi zama­nı bütün xalqların nümayəndələri son damla qanına qədər döyüşürdülər. Onlar öz doğma Vətənləri uğ­runda döyüşürdülər. Azərbaycanda müxtəlif etnik qruplardan ibarət xalqımızın Vətən sevgisi, vahid dil və dövlətçilik naminə güclü konsolidasiyası baş verdi... 

  Müşfiq Səfərov,

  Yeni Azərbaycan Partiyası

Beyləqan rayon təşkilatının sədri.