Müzəffər Ali Baş Komandan İlham Əliyevin azad olunmuş Laçına 21.09.2022-ci il tarixli səfəri

14:24 30-11-2022 216

    Bildiyimiz kimi, Laçın şəhəri bütün Laçın rayonu kimi, işğal altında olmuş bütün başqa yaşayış məntəqələri kimi erməni vandalizminə məruz qalmışdır. Erməni vandalizminin təzahürləri hər bir kənddə, hər bir şəhərdə var. Ağdam şəhəri tamamilə yerlə-yeksan edilib, Füzuli şəhəri, həmçinin, Cəbrayıl şəhəri və bütün kəndlər də daxil olmaqla, tamamilə dağıdılmışdır. Bəzi yerlərdə, o cümlədən, Laçın şəhərində ermənilər qanunsuz məskunlaşma aparmışdılar, Ermənistandan və daha çox xaricdən – Suriya və Livandan erməni əsilli insanları gətirib burada qanunsuz yerləşdirmişdilər. Bu, hərbi cinayətdir, bütün beynəlxalq konvensiyalarda hərbi cinayət kimi təsbit edilir və bu cinayət dünya ictimaiyyətinin gözü qarşısında baş vermişdir. Laçın şəhərinin böyük hissəsi tamamilə viran qoyulub, dağıdılıb, ancaq yenə də bəzi yerlərdə qanunsuz məskunlaşma aparılmışdır. Dünya ictimaiyyəti, beynəlxalq təşkilatlar, o cümlədən, bu məsələ ilə birbaşa məşğul olan Minsk qrupunun həmsədrləri buna, sadəcə olaraq, göz yumurdular, halbuki, onlar dəfələrlə bu mənzərəni görürdülər. Bax, bu yolla Ermənistandan Qarabağa, Qarabağdan Ermənistana gedərək görürdülər ki, burada qanunsuz məskunlaşma aparılır. Görürdülər ki, Azərbaycan toponimləri sıradan çıxarılır, bizim tarixi, qədim Azərbaycan torpağı olan Laçın erməniləşdirilir, burada qanunsuz məskunlaşma aparılır, ancaq buna göz yumurdular, sanki bununla razılaşırdılar. Biz Azərbaycan xalqı isə, bununla heç vaxt razılaşa bilməzdik və heç vaxt imkan verə bilmərik bizim torpağımızda ikinci erməni dövləti yaradılsın.

    Laçın və Kəlbəcər rayonlarının bir hissəsi 44 günlük Vətən müharibəsi dövründə azad edilmişdi. Laçının cənub, Kəlbəcərin şimal hissəsini müzəffər Azərbaycan Ordusu işğalçılardan azad etmişdi, ancaq Laçın şəhəri nəzarətimizdən kənarda qalmışdı. Bunun da səbəbi o idi ki, Ermənistanı Xankəndi ilə birləşdirən avtomobil yolu şəhərin ortasından keçir, elə buna görə, biz Laçın şəhərini nəzarətə götürə bilməmişdik, ancaq 9 noyabr tarixində aparılan danışıqlar nəticəsində alternativ yolun çəkilişi sənəddə təsbit edildi və 3 il ərzində yeni yolun çəkilişi ilə bağlı razılaşmalar aparılmalı idi. Biz isə, razılaşmaları daha tez bir zamanda başa çatdırdıq, Rusiya tərəfi ilə yeni yolun marşrutu təsdiqlənmişdi və təxirəsalınmaz tədbirlər görülərək yeni yolun çəkilişinə başladıq. Bu müddət cəmi bir il 8 ay çəkdi. Yəni, bir il 8 aydan sonra artıq, alternativ yol hazır idi. Biz rəsmi qaydada bildiriş göndərmişdik ki, avqustun 2-də yol hazırdır, avqustun 5-də Azərbaycan Laçın şəhərinə, o cümlədən, köhnə yola daxil olur və Laçın şəhərinə qayıdır. Ondan sonra, bizə Qarabağda yaşayan ermənilər müraciət etmişdilər, xahiş etmişdilər ki, onlara avqustun 25-nə qədər əlavə vaxt verilsin. Baxmayaraq ki, burada qanunsuz məskunlaşma olub, biz yenə də humanistlik göstərərək onlara bu imkanı verdik. Beləliklə, avqustun 26-da Azərbaycan Ordusu Laçın şəhərinə daxil oldu və biz Laçın şəhərini qaytardıq. Bu, tarixi bir hadisədir və Laçın şəhərinin azad edilməsi həmişə tarixdə qalacaq. Bu gün Laçın şəhərində, şəhərin mərkəzində, mərkəzi küçədə Azərbaycan Bayrağı qaldırılıb və bu bayraq burada əbədi olaraq dalğalanacaqdır.

     Məlum olduğu kimi, 21 sentyabr 2022-ci ildə Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyev Laçın şəhərində rəsmi səfər etmiş və Laçın şəhərində Azərbaycan Bayrağını ucaltmışdır. Daha sonra, ölkə Prezidenti, cənab İlham Əliyev “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Laçın şəhərində inşa ediləcək 110/35/10 kV-luq “Laçın” Qovşaq Yarımstansiyasının təməlqoyma mərasimində iştirak etmişdir. Laçın şəhərinin və ətraf kəndlərin Azərbaycanın ümumi enerji sisteminə qoşulması, dayanıqlı, fasiləsiz elektrik enerjisi ilə təchiz edilməsi üçün şəhərin cənub girişində inşa olunacaq rəqəmsal yarımstansiya Şəhərsalma, eləcə də, Arxitektura Komitəsi ilə razılaşdırılmış layihə üzrə tikiləcək. Ümumi gücü 80 meqavatamper olacaq bu yarımstansiya qovşaq funksiyasını daşıyacaq. Belə ki, Füzulidəki “Şükürbəyli” yarımstansiyasından çıxaraq “Cəbrayıl”, “Zəngilan”, “Qubadlı” yarımstansiyalarına, oradan isə, “Güləbird” Su Elektrik Stansiyası ilə əlaqələnən 110 kV-luq ikidövrəli xətt, “Daşkəsən” yarımstansiyasından “Kəlbəcər” - “Qorçu” yarımstansiyalarına çəkilən 110 kV-luq ikidövrəli xətt, həmçinin, “Şükürbəyli” yarımstansiyasından “Füzuli” - “Şuşa” yarımstansiyalarına gətirilən 110 kV-luq ikidövrəli xətt “Laçın” şəhər yarımstansiyası ilə əlaqələndiriləcək. Beləliklə, 44 günlük Vətən müharibəsindən sonra, Qarabağda və Şərqi Zəngəzurda tikilən yarımstansiyaların, eləcə də, yeni çəkilən 400 kilometrdən çox yüksəkgərginlikli ikidövrəli xətlərin dairəvi elektrik təchizatı yaradılacaq. Bununla da, işğaldan azad olunmuş ərazilərdəki yüksəkgərginlikli xətlərdən birində qəza baş verərsə, dərhal digər istiqamətdən gələn xətt vasitəsilə oraya gərginlik veriləcək. Bununla da Qarabağda və Şərqi Zəngəzurda enerjinin verilişində fasilə yaranmayacaq. Bundan sonra, dövlətimizin başçısı Kəlbəcər-Laçın avtomobil yolunun 35-ci kilometrliyində Laçın Beynəlxalq Hava Limanına 2400 metr uzunluğunda giriş tunelinin inşası ilə tanış olmuşdur. Əlavə olaraq, onu da qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra olunan mühüm əhəmiyyətə malik yol infrastrukturu layihələrindən biri də uzunluğu 76,3 kilometr olan Kəlbəcər-Laçın avtomobil yoludur. Hazırda, bu yolun və yol üzərində tunellərin inşası davam etdirilir. Məlumat verilmişdir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yolun müəyyən hissələrində qazma-dolğu işləri icra olunur, yeni torpaq yatağı inşa edilir. Bundan başqa, düzbucaqlı və dairəvi suötürücü boruların, həmçinin, su kanallarının tikintisi, drenaj işləri, eləcə də, daş divarın inşası aparılır. Yolboyu tikintisi nəzərdə tutulmuş 12 avtomobil tunelindən 5-nin (T1, T2, T5, T6 və T7) tikinti işləri uğurla davam etdirilir.

          Torpaq həsrətinə son qoyan Zəfər bizi Azərbaycan Respublikasının işğal altındakı bütün əraziləri üzərində suverenliyinin bərqərar olunduğu böyük günə çatdırdı və tarixi yaşayış məskənlərimiz azad edildi. Artıq, müstəqil Azərbaycan Respublikasının güclü ordusu, məğrur xalqı və bütün dünyada böyük nüfuzu var. Bu uğurların qazanılmasında ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan, cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun misilsiz xidmətləri danılmazdır. İndi, hər bir Azərbaycan vətəndaşı onu istər xarici, istərsə də, digər təhlükələrdən layiqincə hifz edəcək Ordunun olmasına tam arxayındır. Azərbaycan Ordusu dövlətin dayağı, xalqın güvənc yeri və qürur mənbəyidir...

 

 Müşfiq Səfərov,

Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatının sədri.